Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR...
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR...Bu gün, 11:07 |
![]() Beş gündür Naxçıvan-Bakı-Naxçıvan avtobus reysləri dayandırılıb, lakin bilet satışı davam edir. Avtobusların işləməyəcəyi əvvəlcədən elan olunmadığı üçün sərnişinlər hər gün ümidlə avtovağzala gedib saatlarla gözləməyə məcbur olurlar. Buna baxmayaraq, marşrutu təşkil edən "BakuBus" MMC nə kompensasiya təklif edib, nə də vəziyyətlə bağlı rəsmi açıqlama verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksi yalnız 23 fevralda açıqlama yayaraq, həmin günün axşam reyslərinin təhlükəsizlik məqsədilə dayandırıldığını bildirib. Amma bu qərar artıq günlərdir gözləyən sərnişinlər üçün heç bir fayda verməyib. Dörd gün gözlədikdən sonra bileti geri qaytarıb çətinliklə təyyarə bileti alan Əhməd Həsənov başına gələnləri belə izah edir: "Fevralın 21-nə axşam reysi üçün onlayn avtobus bileti almışdım. 24-nə qədər Naxçıvana gedə bilmədim. Hər gün 'sabah olacaq' dedilər, aldadıldıq. Əgər avtobuslar hava şəraitinə görə reysə buraxılmayacaqdısa, niyə bilet satdılar? Əvvəlcədən elan edə bilərdilər ki, reys olmayacaq, biz də işimizi bilərdik. Üç gün əlavə xərcə düşdüm. Axırda biletimi geri qaytardım, çətinliklə də olsa, təyyarəyə bilet tapdım." Fevralın 22-də Naxçıvana getmək üçün bilet alan Şirzad Vəliyev də eyni vəziyyətlə üzləşib: "Hələ də Bakıdayam. Mənə heç bir xəbərdarlıq edilmədi. Əgər reys olmayacaqdısa, bileti niyə satırdılar? İndi isə təyyarəyə də bilet tapa bilmirəm. Beş-altı gün sonraya ancaq yer var." İranlı avtobus sürücüləri də "BakuBus"un dayanması səbəbilə reyslərə çıxmadıqlarını bildirirlər: "Bir gün biz iranlılar, bir gün "BakuBus" avtobusları işləyirdi. Hər gün dörd reys var idi. Ayın 20-dən sonra "BakuBus" reysləri dayandırdı. Biz də getmirik. Qar-çovğun bizim üçün problem deyil, həmişə belə havada işləmişik. Amma "BakuBus" sürücüləri qarlı havada təcrübəsizdir. Ona görə reysləri müvəqqəti dayandırıblar." "Gündəlik Naxçıvan" Geri qayıt |