Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?"

"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?"


Bu gün, 10:38
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?"
Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə tələbələri "Gündəlik Naxçıvan" vasitəsilə ictimaiyyətə müraciət ediblər. Onların əsas narazılığı tibb fakültəsində yer çatışmazlığı bəhanəsi ilə dərslərinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinə köçürülməsidir. Tələbələr bildirirlər ki, bu qərar onları normal təhsil üçün vacib olan laboratoriya və avadanlıqlardan məhrum edib.
Son günlərdə isə Əczaçılıq və Biokimya kafedrasının da həmin fakültəyə köçürülməsi vəziyyəti daha da ağırlaşdırıb.
Tibb fakültəsində boş otaqlar olduğu halda, əczaçılıq tələbələrinin başqa fakültəyə yönləndirilməsi onları narazı salıb. Halbuki, həmin fakültədə tibb sahəsinə aid olmayan ixtisasların dərsləri keçirilir:
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır? Biz tibb fakültəsinin tələbələriyiksə, dərsimiz də burada keçirilməlidir. Amma indi elə vəziyyət yaranıb ki, öz fakültəmizdə bizə yer yoxdur, məcburən kənd təsərrüfatı fakültəsinə göndərilmişik. Bu, açıq-aşkar haqsızlıqdır."
Əczaçılıq ixtisasının tələbələri laboratoriya və praktik məşğələlər olmadan keyfiyyətli təhsil ala bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, kimya, biokimya və farmakologiya sahəsində ixtisaslaşmaq üçün müasir avadanlıq və laboratoriya şəraiti vacibdir:
"Əczaçılıq praktik bilik tələb edən bir sahədir. Yeni dərman maddələrinin hazırlanması, keyfiyyətinin yoxlanması və farmakoloji təsirinin tədqiqi laboratoriya avadanlıqları olmadan mümkün deyil. Amma biz adi sinif otaqlarında, praktik təhsildən tamamilə uzaq şəkildə oxuyuruq. Üstəlik, kənd təsərrüfatı fakültəsində laboratoriya imkanları bizim ixtisasa uyğun deyil. Bu şəkildə gələcəyin mütəxəssisləri necə yetişə bilər?"
Tələbələr qeyd edirlər ki, təhsilin keyfiyyətsiz olması təkcə onları deyil, universitetin beynəlxalq imicini də riskə atır. Xüsusilə, xarici tələbələr aldıqları təhsilin beynəlxalq standartlara uyğun olmamasından narahatdırlar:
"Bizimlə birlikdə oxuyan xarici tələbələr də narazıdırlar. Onlar deyirlər ki, burada aldıqları təhsil beynəlxalq standartlara uyğun gəlmir və bu, onların diplomlarını təsdiqlətmək üçün böyük problemlər yarada bilər. Yəni, illərlə universitetə ödəniş edirlər, amma sonda diplomları etibarsız ola bilər. Bu, həm tələbələr, həm də universitetin nüfuzu üçün ciddi problemdir."
Tələbələr bildirir ki, bu məsələ ilə bağlı universitet rəhbərliyinə dəfələrlə müraciət etsələr də, şikayətlər ya cavabsız qalır, ya da tələbələrə təzyiq göstərilir:
"Biz dəfələrlə məsələni qaldırmışıq, amma universitet rəhbərliyi ya susur, ya da bizi təzyiqlə susdurmağa çalışır. Elə tələbələr var ki, sadəcə şikayət etdiyinə görə töhmət alıb. Hətta bəzi müəllimlərin də bu məsələyə etiraz etdiyi üçün işdən çıxarıldığı deyilir. Bu cür yanaşma tələbələri qorxudur və haqsızlıq qarşısında susmağa məcbur edir."
Tələbələr universitet rəhbərliyindən dərslərinin yenidən tibb fakültəsinə qaytarılmasını, lazımi avadanlıqlarla təmin olunmalarını və bu sahədəki problemlərin həllini tələb edirlər.

Geri qayıt