![ABŞ prezidenti FED-i özü üçün əsas təhlükə hesab edir ABŞ prezidenti FED-i özü üçün əsas təhlükə hesab edir](/uploads/posts/2018-10/thumbs/1539749113_d1e99511-5e85-45d6-821f-4414c6177f9d.jpg)
Amerika lideri Donald Tramp Federal Ehtiyat Sistemi (FED) tərəfindən aparılan baza faiz dərəcəsinin qaldırılması siyasətini prezident postunda öz uğurları üçün əsas təhlükə hesab edir.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Fox Business" telekanalına müsahibəsində deyib.
"Mənim üçün ən böyük təhlükə Federal Ehtiyat Sistemidir. Çünki FED faiz dərəcəsini çox tez-tez qaldırır", - deyə o, müvafiq suala cavab verərkən bildirib.
Tramp qeyd edib ki, FED müstəqil qurumdur, ona görə də, o, tənzimləyicinin siyasətinə qarışmır.
Bununla belə Tramp istənilən halda FED-in hazırkı siyasətindən narazı olduğunu bildirib:
"Mən heç kimi günahlandırmıram, onları ora mən təyin etmişəm".
ABŞ prezidenti həmçinin əlavə edib ki, ümumilikdə FED-in rəhbər vəzifələrinə təyin etdiyi şəxslərdən razıdır, lakin onların aralarında istisnalar da var.
FED sentyabrın 26-da baza faiz dərəcəsini növbəti dəfə qaldırıb.