Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “İrəvan hərbi əməliyyatların başlaya biləcəyini dilə gətirməklə erməni cəmiyyətini qorxutmağa çalışır”
Əsas Səhifə > Partiya, Güney Press > “İrəvan hərbi əməliyyatların başlaya biləcəyini dilə gətirməklə erməni cəmiyyətini qorxutmağa çalışır”

“İrəvan hərbi əməliyyatların başlaya biləcəyini dilə gətirməklə erməni cəmiyyətini qorxutmağa çalışır”


27-07-2018, 09:21
“İrəvan hərbi əməliyyatların başlaya biləcəyini dilə gətirməklə erməni cəmiyyətini qorxutmağa çalışır”
Son günlər Azərbaycan və Ermənistan arasındakı “bəyanat savaşında” müşahidə edilən sərt ritorika, payızda hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı səsləndirilən proqnozlar və s. Qarabağ probleminin sülh yolu ilə həlli ehtimalını əvvəlki dönəmlə müqayisədə daha çox arxa plana çəkməkdədir. Lakin mövcud beynəlxalq situasiya və geosiyasi şərtlər daxilində müharibənin baş vermə ehtimalı da o qədər inandırıcı görünmür. Başqa sözlə desək, bu gün Qarabağ probleminin həlli ilə bağlı mövcud durum əvvəlki illərlə müqayisədə daha dumanlı və qeyri-müəyyən təsir bağışlamaqdadır. Odur ki, Moderator.az olaraq tanınmış politoloq Sədrəddin Soltanla söhbətimizdə mövcud mənzərəyə aydınlıq gətirməyə çalışdıq.

-Sədrəddin bəy, Ermənistanda Paşinyan hakimiyyətinin bərqərar olmasından sonra Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində danışıqlar faktiki olaraq dondurulub. Habuki, Sərkisyan dönəmində bu istiqamətdə müəyyən hərəkətlilik müşahidə edilirdi. Bu baxımdan indiki situasiyanın əvvəlki dönəmlə müqayisədə daha əlverişsiz olduğunu iddia etmək mümkündürmü?

-Əvvəllər də Qarabağla bağlı danışıqlar ciddi nəticə verməyib. İstər ATƏT-in Minsk qrupu həmsədrləri, istərsə də Azərbaycan-Ermənistan tərəfinin apardığı danışıqlar olsun, bu danışıqlar bir effekt verməyib. Doğrudur, bir sıra razılıqlar əldə edilib, bir sıra sənədlər imzalanıb. Amma Azərbaycan tərəfi üçün əsas nəticə torpaqların işğaldan azad edilməsidir. Torpaqların işğaldan azad edilməsi istqiamətində isə heç bir addım atılmayıb.

-Paşinyanın baş nazir postunda qərarlaşmasından sonra rəsmi İrəvan Qarabağ problemi ilə bağlı kəskin və təzadlı bəyanatlarla çıxış etdi. İrəvanın Qarabağ məsələsindəki hazırkı mövqeyindəki ziddiyyətləri nəzərə alıb, bu mövqeyi həm də mövqesizlik kimi dəyərləndirmək mümkündürmü?

-Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra rəsmi İrəvanın bir sıra ritorik bəyanatlar səsləndirdi. Hansı ki, bu bəyanatlar Ermənistan hakimiyyətinin daha çox nala-mıxa vurmaqda olduğunu göstərir.

Birincisi, Ermənistanda danışıqlar aparacaq şəxs qəti şəkildə müəyyən olunmayıb. Bu şəxs ölkənin prezidentimi, yoxsa baş nazirimi olacaq – bu, qəti müəyyən edilməyib. Prezidentlə baş nazirin səlahiyyətləri ilə bağlı Ermənistan konstitusiyasında hüquqi boşluq var. Bu boşluq çox güman ki, referendum vasitəsi ilə doldurulmalıdır. Çünki Ermənistandakı mövcud konstitusiya Serj Sərkisyanın boyuna biçilmiş konstitusiyadır. Bu, daha çox avtoritar konstitusiyadır. Demokratik konstitusiya mövcud olarsa, orada səlahiyyət bölgüsü də açıq-aydın öz əksini tapar.

-Bu günlərdə Ermənistan və Azərbaycanın Müdafiə Nazirlikləri bir-birlərinin ünvanına hədə dolu bəyanatlar səsləndirdi. Bundan öncə də, hər iki tərəf müharibəyə hazır olduğunu bəyan edib. Bəs əslində necə, sizcə belə bir qarşıdurmaya kim daha çox hazırdır?

-Azərbaycan tərəfi torpaqları işğalda olduğundan hər zaman bu problemin hərbi yolla həllinə hazır olmalıdır. Azərbaycan tərəfi buna hazır olduğunu gizlətmir. Ermənistan tərəfinin isə gərginliyin artacağı, hərbi əməliyyatların başlayacağı ilə bağlı dedikləri isə birbaşa Ermənistan cəmiyyəti və mövcud hakimiyyəti dəstəkləyən beynəlxalq vasitəçilər üçün hesablanıb. Çünki Ermənistan cəmiyyətində bir boşluq, bir parçalanma var. Bir qisim Avropa meyilli, digər qisim isə Rusiya və s. meyillidir. Bu cəmiyyəti birləşdirmək, cəmiyyətdəki ziddiyyətləri aradan qaldırmaq üçün Dağklq Qarabağ kartından Paşinyan hakimiyyəti istifadə etməyə çalışır. Hətta oğlunu işğaldaklı Azərbaycan torpaqlarında hərbi xidmətə göndərməsinin özü belə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyin göstəricisidir.

Dağlıq Qarabağ ərazisi de-yure Azərbaycan torpağıdır. Bu ərazidə Ermənistan baş nazirinin oğlunun hərbi xidmətdə olması bütün hallarda ciddi qanun pozuntusudur. Təəssüf ki, bu məqamı həm beynəlxalq müşahidəçilər, həm ATƏT-in Minsk qrupunun həmsədrləri nəzərdən qaçırırlar. Bununla bağlı heç bir ciddi bəyanat verilmir.

Rəsmi İrəvanın müharibənin başlaya biləcəyi ilə bağlı verdiyi bəyanatlar cəmiyyətin toparlanması üçün nəzərdə tutulub. İrəvan müharibənin başlaya biləcəyini dilə gətirməklə erməni cəmiyyətini qorxutmağa çalışır.

-Sizcə rəsmi İrəvan cəmiyyəti qorxutmaqla nəyə nail olmağa çalışır?

-Rəsmi İrəvan erməni cəmiyyətini öz ətrafında birləşdirməyə cəhd edir. Istəyirlər ki, cəmiyyət toparlansın. Əslində isə hərbi əməliyyatların başlaması ehtimalı azdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hərbi əməliyyatların həyata keçirilməsi üçün müəyyən şərait olmalıdır. Həmin bu beynəlxalq şərait hələ ki, yoxdur. Beynəlxalq vasitəçilər isə torpaqların dinc yolla azad edilməsi istiqamətində heç bir əməli fəaliyyət göstərmirlər.

-Sizcə Qarabağ probleminin həlli yönündə danışıqlara nə zaman yenidən start verilə bilər?

-Azərbaycan və Ermənistan tərəfinin ciddi şəkildə danışıqlara başlaması fikrimcə, Ermənistandakı parlament seçkilərindən sonra ola bilər. Çünki indiki Paşinyan hökuməti ola bilər ki, parlament seçkilərində uduzsun. Ola bilsin ki, payızda parlament seçkisi olsun. Ilin sonunda isə beynəlxalq vasitəçilər hesabat xatirinə ortalığa tökülüşələr. Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə danışıq təşkil etməyə çalışalar. Belə bir ehtimal var.

Geri qayıt