
Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Hilton Baku” hotelində “dəyirmi masa” təşkil olunub. Görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.
2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.
“Dəyirmi masa”da iştirak edən partiya sədrləri, media nümayəndələri iqtidara təkliflər səsləndiriblər, problemləri qabardıblar. Bir növ, iqtidar-müxalifət dialoqu da adlandırılan tədbiri tənqid edənlər da mövcuddur.
Görüşdə iştirak edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev AYNA-AZ-ın suallarını cavablandırarkən deyib ki, dialoqu tənqidlərlə razı deyil:
- Görüşdə dövlət strukturlarının nümayəndələri iştirak edirdi və bu, tərkib baxımından görüşün rəngarəng keçdiyini deməyə əsas verir. Hesab edirəm ki, bu “dəyirmi masa” siyasi dialoqun növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bu, beş il bundan əvvəl başlayan prosesin davamıdır. Açıq demək lazımdır ki, ondan əvvəl iqtidarla müxalifət arasında düşmən münasibət, inkarçılıq vardı. Seçkilər keçirilirdi və müxalifətin böyük hissəsi hakimiyyətin legitimliyini qəbul etmirdi, iqtidar müxalif qüvvələri tanımırdı. Müəyyən məsələlərdə isə iqtidarla müxalifət vasitəçi ilə əlaqə saxlayırdı. Məsələn, hansısa məsələni iqtidar müxalifətə, müxalikfət iqtidara çatdırmaq istəyəndə arada ya ATƏT-in nümayəndəsi olmalı idi, ya hansısa ölkənin diplomatı olmalı idi. Amma beş il bundan əvvəl cənab Prezident İlham Əliyev ortaya siyasi iradə qoydu və iqtidar-müxalifət dialoqu formalaşdı. Bunun yaranmasında Prezident adminstrasiyasının müvafiq şöbəsinin, xüsusən də hörmətli Ədalət Vəliyevin rolu danılmazdır. Yəni demək istəyirəm ki, bu dialoq var və dialoqun olması önəmlidir.
- Dialoq siyasi partiyalara nə qazandırır?
- Əlbəttə, siyasi qüvvələrin ümumilli məsələlərdə vahid mövqe ortaya qoyması dövlətimiz və dövlətçiliyimiz baxımından önəmlidir. İkincisi, bu görüşlərdə müxalif qüvvələr fikirlərini, təkliflərini açıq şəkildə ortaya qoyurlar. Sözümüzü aidiyyəti qurumların nümayəndələrinə çatdırırıq, təkliflərimizi veririk. Bunun nəyi pisdir ki? Bilirsiniz, əsas odur ki, indi iqtidarla müxalifət arasında hansısa vasitəçiyə ehtiyac yoxdu. Əvvəllər bəzi müxalif qüvvələr iqtidarla gizli danışıqlara gedirdi, Milli Məclisdə mandat almağı razılaşdırırdı və s. Həm də bu, hansısa dövlətin diplomatının vasitəçiliyi ilə olub. Biz hər zaman bunun əleyhinə olmuşuq, vasitəçisiz, birbaşa dialoqun, müzakirələrin tərəfdarı olmuşuq. İqtidarın içərisində də müxalifətlə dialoqun əleyhinə olan qüvvələr var idi. Onlar belə hesab edirdilər ki, müxalifətlə danışığa getmək lazım deyil, müxalifət antimillidir, müxalifəti saya salmaq lazım deyil və s. Bununla hakimiyyətə bir növ özünü müdafiəçi kimi göstərmək istəyirdilər. Biz isə hər zaman demişik ki, ölkəmizin inkişafını, ərazi bütövlüyümüzün bərpasını istəyirik, arzulayırıq, milli maraqlarda hər zamanhəmrəyik. Yəni biz heç də bəzilərinin təqdim etdiyi kimi, düşmən deyilik. Zaman keçdi, daşlar yerinə oturdu, kimin düşmən, kimin dost olduğu ortaya çıxdı. Əsasən də 44 günlük Vətən müharibəsində bizim siyasi partiyaların böyük əksəriyyəti müdriklik nümayiş etdirdilər, kritik məqamda iqtidara dəstək verdilər, siyasi hakimiyyətə dəstək verildi, həmrəylik nümayiş etdirildi. Bu, müharibədə qələbənin əsas komponentlərindən biridir. Bu həm də onu göstərdi ki, siyasi partiyaların dialoqu mümkündür və müzakirələrlə xeyli problemlər aradan qaldırıla bilər.
- “Dəyirmi masa” iştirakçılarının təklifləri diqqətə alınacaqmı?
- Hər halda, diqqətə alınacaq, müəyyən təkliflər nəzərdən keçiriləcək. Bilirsiniz, orada iştirak edən hər bir kəsə fikrini açıq şəkildə demək imkanı tanındı. Bu, təkliflərin, fikirlərin deyilməsi üçün bir fürsətdir. Biz bu fürsətdən niyə yararlanmamalıyıq?! Onu da deyim ki, həmin tədbirdə təkcə partiya sədrləri deyil, media nümayəndələri, analitiklər, ekspertlər, alimlər iştirak edirdi. Hər kəs də öz fikirlərini hakimiyyət nümayəndələrinə çatdırdı. Əlbəttə, qaldırılan məsələlərin hamısının nəzərə alınacağını demək çətindir. Amma nəzərə alınan məsələlər də var. Əsas məsələ odur ki, bu dialoq, müzakirələr olmalıdır, genişlənməlidir. Hesab edirəm ki, son “dəyirmi masa”da əvvəlki dövrlərdən fərqli olaraq çox səviyyəli müzakirələr oldu. Demək ki, keçən müddət ərzində siyasi cəhətdən xeyli qabağa getmişik. Hakimiyyətin ünvanına kəskin ifadələr də işlədildi və iqtidar buna çox təmkinlə yanaşdı. Sözü kəsilən, kobud rəftara məruz qalan olmadı. Hesab edirəm ki, biz bu mərhələni mütləq keçməliyik.
- Amma dialoqu mənasız sayanlar, dialoqda iştirak edən partiyaları tənqid edənlər də var...
- Bilirəm hansı partiyaları nəzərdə tutursunuz. Bizi tənqid edən partiyalar dialoqdan imtina edən məlum iki partiyadır. Mən onların arqumentlərini doğru saymıram. Təbii ki, bu da onların mövqeyidir, amma yanlış yanaşmadır. Əvvəldə bəzi məsələləri dedim, yenə demək istəyirəm ki, biz düşmən deyilik. İqtidar da, müxalifət də cəmiyyətin bir hissəsidir və onlar vasitəçisiz danışa bilərlər. Dialoqun nəyi pisdir, anlamıram? Əgər iqtidara sözünü açıq deyə bilirsənsə, fikrini sərbəst şəkildə çatdıra bilirsənsə, bundan niyə istifadə etməyəsən? Mən dialoqda iştirak edən partiyaları qınayanları qınayıram və hesab edirəm ki, bu, doğru yanaşma deyil.