Əsas Səhifə > Güney Press > Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır

Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır


Bu gün, 12:51
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır
Bu gün səhər saatlarında avtobus xəttinə işə çıxan sürücü infakt keçirib. Hadisə Maştağa qəsəbəsində baş verib. “BakuBus”a məxsus marşrut avtobusu qəza törədib. Hadisəyə səbəb isə sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Xoşbəxtlikdən avtobus depoya getdiyi üçün boş olub. Ona görə də, xəsarət alan olmayıb.

Faktı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib. Deyib ki, bəli, avtobus sürücüsü səhər saatlarında infakt keçirib. Bərəkallah!

Səhər tezdən xəttə çıxan sürücü infakt keçiribsə, demək ki, artıq sərnişin avtobusundan da istifadə etmək təhlükəlidir. Bakı və Bakıətrafı ərazilərdə saysız-hesabsız tıxaclardan qurtulmaq üçün AYNA hər gün dayanmadan bəyan edir ki, ay millət, bəs şəxsi avtomobillərdən az istifadə edin, ictimai nəqliyyata üstünlük verin ki, tıxac olmasın. Demək olar ki, əhalinin əksəriyyəti də AYNA-nın bu çağırışına məhəl qoyur, ictimai nəqliyyatdan istifadə edir. Bu yandan da marşrut avtobusunun sürücüsü xəttə çıxandan iki saat sonra infakt keçirir. Əhalini zorla inandırmağa çalışırıq ki, ictimai nəqliyyatdan istifadə etsin ki, tıxaclar azalsın, bu yandan da qəhrəman AYNA belə təhlükə yaratmaqla sərnişinləri ictimai nəqliyyatdan uzaqlaşdırır.

Qanunvericiliyə görə, hər gün səhər saat 06:00-da marşrut avtobusuna çıxan sürücü, xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməli, tam sağlam olduğu halda onun işə çıxmasına, sərnişin daşımasına icazə verilməlidir. Buna görə, hər gün səhər sürücülərə sağlamlığı haqda həkim arayışı verilməlidir. Əslində verilir. Hər sürücü səhər xəttə çıxmazdan əvvəl tibbi müayinədən “keçməsi” haqqında arayış alır, amma necə alır, onu bir Allah bilir, bir sürücü, bir də AYNA. Nəticədə də belə bədbəxt hadisələr baş verir. İndi, Allah uzaq eləsin, həmin avtobus sərnişinlə dolu qəza törətsəydi, kim cavab verəcəkdi? Təbii ki, sürücü. Çünki sükan arxasında olan sürücüdür, AYNA avtobus sürmür ki. Ona görə də bütün məsuliyyət sürücünü üzərinə atılacaq. AYNA da məsuliyyəti üzərindən atacaq ki, bəs Allahın işidir, sürücü infarkt keçirib. Deməyəcək ki, hər sürücülük vəsiqəsi alanı sürücü götürürük, vahid sürücü bazasını ləğv etmişik, sürücüləri təlimə cəlb etmirik, tibbi müayinədən keçirmədən onlara tibbi arayış veririk. Bunu deməyəcək. Elə deyəcək ki, sürücü məsuliyyətsizliyi və ya səhhətində qəfil problem yaranıb, vəssalam!

Bütün günü şəhərdə lazımsız xətlər çəkən, yolun ortasında parklanma xətləri, velosiped zolaqları çəkib, onsuz da sıxlıq olan ərazilərdə bir az da qarışıqlıq yaradan AYNA-nın başqa işi-gücü yoxdu axı. Hər işçinin əlinə bir vedrə boya verib salıb küçələrə, oranı xətləyir, buranı xətləyir, elə bil “Klas-klas” oynayır. Nə sərnişin təhlükəsizliyi vecinədir, nə baş verən qəzalar, nə də insanların həyatı. Təki bunlar özlərini işgörən kimi göstərsin. Nə iş görüblər, hansı nəticə var, məlum deyil.

Samir Əli - TNS.az

Geri qayıt