Əsas Səhifə > Güney Press > Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur

Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur


Dünən, 18:58
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur
Əhalinin xərcləri inanılmaz dərəcədə artıb. Görün inflyasiyanın səviyyəsi necə olur ki, 2019-cu illə müqayisədə üç dəfədən çox vəsait xərcləmək lazım gəlib. Qiymətlər rəsmi məlumatlarda deyilənlərdən xeyli çox artıb. Yoxsa indiki mənzərə heç bir halda yaranmazdı.
Bizimyol.info xəbər verir ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq məhsul satılıb. Bunun 34,1 milyard manatı ərzağın, tütün və içki məmulatlarının payına düşüb. Əhali qeyri-ərzaq məhsullarına 28,1 milyard manat xərcləyib. Beləcə, xərclərin 55 faizi ərzaq istiqamətinə gedib.

İlin ikinci yarısında daha çox vəsaitin xərclənməsi xüsusi diqqət çəkir. 62,2 milyard manatın təxminən 35 milyard manatının pərakəndə ticarət şəbəkəsinə yönəlməsi iyundan sonraya təsadüf edib. Əhali ilin ikinci yarısında birinci yarıya nisbətən 30 faizə qədər çox ərzaq xərcləri ilə üz-üzə qalıb. Statistika yetərincə vahiməli görünür.

Yuxarıda 2019-cu il göstəricilərindən bəhs etmişdik. Onda əhalinin ümumi xərcləri heç 20 milyard manata çatmamışdı. Vəsaitin yalnız 10 milyard manatdan az hissəsi ərzağa getmişdi.

Rəqəmlərə diqqət yetirəndə vəziyyətin əhali üçün necə ağırlaşdığını aşkar görmək olar. İnsanların real gəlirləri artmayıb, əksinə, azaldığını əminliklə demək mümkündür. Heç nominal gəlirlərin ciddi artımı da müşahidə edilməyib. Bəs onda xərclərin beş il ərzində 3,1 dəfə artmasını necə izah etmək olar? Yalnız bir cür. Ciddi inflyasiya olub, qiymətlər kəskin artıb. Əhalinin böyük artımı olmadığından, bu arqumentin irəli sürülməsi gülünc olardı. Hər il inflyasiyanın birrəqəmli olmasını açıqlamaqla deyil. Böyük inflyasiya qeydə alınıb.

Yəqin ki, bunu əvvəllər də yazmışıq. İqtisadiyyatına güvənən ölkələrdə əhalinin ərzaq xərcləri 15 faizi keçmir. Bizdə isə camaat yemək üçün yaşamaq məcburiyyətində qalır. İnsanlar üçün başqa yaşam imkanları saxlanılmayıb.

Geri qayıt