Əsas Səhifə > Güney Press > İran-Azərbaycan münasibətləri normallaşacaq?

İran-Azərbaycan münasibətləri normallaşacaq?


Dünən, 22:32
İran-Azərbaycan münasibətləri normallaşacaq?
“Azərbaycan dövlətinin istənilən şəraitdə əsas prinsipi qonşularla sakit və yanaşı yaşamaqdır”.

Bunu TNS-ə deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, Azərbaycan İrana qarşı narahatlıq yaradan hansısa addım atmayıb: "İranda Azərbaycanla bağlı fobiya var. Azərbaycan İsraillə dostluq edir, öz ərazi bütövlüyünü bərpa edir, Zəngəzur dəhlizini açmaq istəyir və s. Guya bunlar da İranın maraqlarına uyğun deyil. Əslində isə bu, yanlış bir fobiyadır. Çünki bizim dövlət marağımız ancaq ölkəmizə qarşı ola biləcək addımların neytrallaşması üçün tədbir görülməsini tələb edir. Biz Ermənistanla bağlı özümüzə müttəfiqlər tapmalı idik. Əgər bu müttəfiqin biri də İran olsaydı, bundan imtina etməzdik. Amma İran bizə müttəfiq olmaq əvəzinə, Ermənistanla dost olmağı seçdi. Belə bir vəziyyətdə problemimizi həll etmək üçün bizə yaxın münasibəti olan ölkələrlə bunu etməyə çalışdıq. Bizim atdığımız addımlarda narahatedici məqamlar ola bilməz. Bundan başqa mənalar çıxarmaq İranın yanlış bir siyasət yürütdüyünü göstərdi”.

Deputat xatırladıb ki, indi İran tərəfindən, xüsusilə prezident seçkilərindən sonra gələn mesajlar və Azərbaycanla münasibətlərin yumşaldılması istiqamətində atılan addımlar bizi də qane edir: “Biz də buna dərhal reaksiya veririk. Səfirliyimizdəki terror aktını törədənlərin cəzalandırılması və digər məsələlərdə də İranın müəyyən dərəcədə xoş niyyətli addımlar atmağa çalışması, təbii ki, Azərbaycanın dərhal cavab reaksiyasını zəruri edirdi. Azərbaycan Prezidenti İlham Əliyev öz köməkçisini İrana göndərib. Bu, İranla qonşuluq münasibətlərini inkişaf etdirmək, müəyyən problemləri danışıqlar yolu ilə anlaşaraq, çözmək baxımından olduqca faydalı bir səfərdir. Biz çalışmalıyıq ki, ən az bölgədə müharibə riski, qarşıdurma və ya hansısa bir köç dalğası olmasın. Birlikdə iqtisadi maraqlarımızı təmin edəcək fəaliyyətləri genişləndirmək lazımdır. Bu baxımdan da mən bu səfəri çox yüksək qiymətləndirirəm".

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfər edib. Səfər çərçivəsində Hikmət Hacıyev İranın bir sıra rəsmi şəxsləri, o cümlədən Prezident Məsud Pezeşkianla görüşüb.
Geri qayıt