Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tramp İranı çökdürmə planı:
Tramp İranı çökdürmə planı:Bu gün, 15:47 |
![]() Məlum olduğu kimi ABŞ Prezidenti Donald Tramp ötən gün İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb. Ekspertlər qeyd edir ki, bu fərmanla Tramp İranın nüvə silahına yaxınlaşmasının qarşısını almaq və regiondakı bədxah təsirlərinə qarşı mübarizə aparmaq məqsədini güdür. Trampın imzaladığı sənəd, İranın nüvə proqramını nəzərdə tutaraq, bu ölkəyə qarşı iqtisadi sanksiyalar və diplomatik təzyiqlərin gücləndirilməsini ehtiva edir. Həmçinin, sənəd İranın regiondakı nüfuzunu zəiflətmək üçün atılacaq addımları da müəyyən edir. Həmçinin qeyd edilir ki, bu qərar, Trampın ABŞ-ın xarici siyasətindəki strateji yanaşmalarının bir hissəsi olaraq, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmişdir. Təhlilçilər bu qərarın həm İran, həm də dünya üçün ciddi nəticələrə yol aça biləcəyini vurğulayır. Bu zaman, ABŞ-ın müttəfiqləri və regiondakı digər güclərin münasibətləri də önəmli bir faktordur. Trampın bu yanaşması, həm də Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün müəyyən təhlükələr və fürsətlər yarada bilər. Musavat.com bildirir ki, siyasi şərhçi Aqşin Kərimov mövzuya bu cür şərh bildirib: “İran müxtəlif regionlarda uğursuzluqlarla üzləşdiyi bir şəraitdə nüvə sahəsindəki tədqiqatları genişləndirib. İranın nüvə silahına yaxınlaşması üçün yanaşmaları Tehranın çəkindirmə gücünün əsas elementlərinin – proksi qüvvələrin - aşındığı bir vaxta təsadüf edir. İran kompensasiyaedici çəkindirmə gücü yaratmaq üçün zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artıran addımlar atır. Rəqəmlə ifadə etsək, İran uran istehsalındakı zənginləşdirməni 60 faizdən 90 faizə qaldıra biləcək potensiala malik ola bilər. Məlumatlara əsasən, İran uranın 60 faizə qədər zənginləşdirməsini dağın içində dərin basdırılmış “Fordo” müəssisəsində həyata keçirib. Bu cəhətdən İranın nüvə proqramını hərbi zərbələrlə pozmaq cəhdləri mənasızlaşır, çünki hətta atılacaq raketlər belə, İranın dağların dərinliklərindəki nüvə obyektlərinə nüfuz edə bilmir. Ona görə də, Donald Tramp İranı nüvə silahı əldə etmək ehtimallarına qarşı “maksimum təzyiq” kampaniyasını İran iqtisadiyyatını çökdürməklə uyğunlaşdırır. “Maksimum təzyiq” sanksiyaları çox güman ki, İran iqtisadiyyatının daha da pisləşməsinə səbəb olacaq. Çünki İran büdcəsi daha çox neft ixracından gələn gəlirlərdən asılıdır. Sərəncam isə İranın enerji ixracı ilə əlaqədar sanksiyaları əhatə edir. Bunlara baxmayaraq, istər İran, istərsə də ABŞ potensial hərbi münaqişəyə deyil, əldə edilə biləcək sövdələşmələrə hazırlaşırlar. Yəni, İranın nüvə fəaliyyətlərində ABŞ-nin istədiyi dəyişikliklər edilməsə, Vaşinqtondan Tehrana qarşı sanksiyaların tətiklənməsi davam edəcək. Hərçənd ki, İrana qarşı cəza tədbirlərinin necəliyi ABŞ ilə İsrail arasında mübahisələr yaradacaq. Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Srateji Tərəfdaşlıq Saziş tərəflərin nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir (dinc məqsədlərlə). Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil. Buna görə də, Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir. Yəni Rusiya illərdir ki, İranı nüvə təhlükəsizliyi üzrə öhdəlikləri pozmasının nəticələrinə görə məsuliyyət daşımağa hazır deyil. Sənədin Azərbaycan üçün mümkün fayda və zərərləri haqda: Memeranduma əsasən, Baş Prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-nin xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. Ümumilikdə sənəd, o cümlədən qeyd edilən kontekst Azərbaycan üçün də aktuallıq kəsb edir. İranın nüvə faylının minimallaşmasına qarşı tədbirlərin davamı olaraq, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər. Bu ssenari, Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq ki, bu da ən azından siyasi gərginliklə müşayiət olunacaq”. Geri qayıt |