Əsas Səhifə > Güney Press > “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir”

“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir”


Dünən, 16:35
 “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir”
Son günlər Rusiyada hakim partiyanın deputatları səviyyəsində Azərbaycana qarşı təhdid və təzyiq kampaniyası yenidən baş qaldırıb. Dövlət Dumasının depuatları “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspor təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.

Hətta Dumanın deputatı Nikolay Valuyev azərbaycanlıları təhqir etməkdən belə çəkinməyib.

O, Azərbaycan diaspor təşkilatlarının bağlanmasına çağırış edib. Eyni zamanda, azərbaycanlı miqrantları ölkədən deportasiya etməyi, qanuni yaşayış icazəsi almış azərbaycanlıları isə kommissarlıqlara çağıraraq müharibəyə göndərməyi təklif edib.

Rusiyalı deputatların soydaşlarımıza qarşı çağırışları nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Rusiya münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranıb. Bunun da səbəbkarı Rusiyadır:

“Məlum təyyarə qəzasından sonra Azərbaycan dövlətinin prinsipial və qətiyyətli mövqeyi ondan ibarət idi ki, qarşı tərəf beynəlxalq praktikaya uyğun olaraq üzrhaqlıq etməli, cinayətkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Rusiya lideri Putin üzrhaqlıq etsə də onu belə əsaslandırdı ki, bu addımı hadisənin ölkəsinin hava məkanında baş verdiyinə görə atır.

Halbuki səbəb o deyil. Səbəb Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən Azərbaycan təyyarəsinin vurulmasıdır. Yəni qarşı tərəfin yanaşması düzgün deyil. Cinayətkarlar müəyyən edilməyib, kompensasiya da ödənilməyib.

Bu da təbii ki, münasibətlərimizdə müəyyən soyuqluq yaradır. Belə vəziyyətdə haqlı tərəf Azərbaycan olduğu halda, Rusiya mətbuatı, televiziya kanalları gecə-gündüz ölkəmizə münasibətdə dezinformasiya, feyk məlumatlar yaymaqla məşğuldur”.

“Nikolay Valuyevin söylədiyi fikirlər bəlkə də başından aldığı zərbələrin nəticəsidir”

Deputat deyir ki, bu da Rusiya ilə münasibətlərimizi mehriban qonşuluq səviyyəsində qurduğumuza görə haqlı narahatlığımıza səbəb olur:

“2022-ci ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsi imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə qaldırmışıq. Rusiyanın hərəkətləri isə müttəfiqlik münasibətlərinə uyğun gəlməyən addımdır. Azərbaycanlılara qarşı miqrasiya siyasətini də kəskinləşdiriblər.

Azərbaycan tərəfi “Rus Evi”nin fəaliyyətində ciddi qüsurlar üzə çıxarıb. Məlum olub ki, bir çox hallarda “Rus Evi” tamamilə qanuna zidd olaraq öz mahiyyətinə uyğun fəaliyyət göstərməyib. Daha çox cəsusluq fəaliyyəti kimi qiymətləndiriləcək addımlar atıblar. Bu da müttəfiqlik münasibətlərinə daban-dabana zidd münasibətdir. Rusiya Dövlət Dumasının deputatı, keçmişdə boksçu olan Nikolay Valuyevin bir çox hallarda söylədiyi fikirlər bəlkə də başından aldığı zərbələrin nəticəsidir. Amma o qədər də sadəlövh deyilik”.

“Moskva bunu heç vaxt unutmamalıdır”

E. Nəsirov hesab edir ki, Valuyev kimiləri daha yuxarı dairələrdən aldığı təlimat əsasında ölkəmizə qarşı bu cür təbliğat aparır, deputat statusuna uyğun gəlməyən ifadələr işlədir:

“Belələrinin təzyiq və təhdid dililə danışmaları qəbuledilməzdir, ikitərəfli münasibətlərimizə ciddi xələl gərirən haldır. Güman edirik ki, Rusiyada sağlam düşüncə üstün gələcək, anlayacaqlar ki, regionun güclü dövləti Azərbaycanla münasibətlərin belə gərginləşməsi rəsmi Moskvanın da marağına uyğun deyil. Azərbaycan həmişə müttəfiqlik münasibətlərinə sadiq qalıb, hətta bunun üzündən bir çox hallarda Qərbin təzyiqlərinə də tuş gəlib. Moskva heç zaman bunu yaddan çıxarmamalıdır”.

Qeyd edək ki, Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlərə görə Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.

Xatırladaq ki, hazırda deputat olan Nikolay Valuyev sabiq peşəkar boksçudur. 2.13 metr boyu, 147 kq çəkisi olan Valuyev 1993-2009-cu illəri əhatə edən peşəkar boks karyerasında dünya çempionluqları da daxil olmaqla bir sıra titullara yiyələnib.

Geri qayıt