Əsas Səhifə > Güney Press > Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq?
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq?Bu gün, 08:26 |
![]() Xəbər verdiyimiz kimi, Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb ediləcək. Müəllimlərin sertifikasiyasından sonra direktorlar üçün də bu imtahanların keçirilməsi təhsil sistemində baş verəcək yeniliklərdəndir. Bəs direktor və müavinlərinin sertifikasiyaya cəlb edilməsi təhsil sisteminə necə təsir edəcək, nələri dəyişəcək, müsbət tərəfləri nə olacaq? Məsələ ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması Azərbaycan təhsil sistemində keyfiyyətin yüksəldilməsi istiqamətində mühüm addımlardan biri ola bilər: “Bu prosesin əsas məqsədi məktəb rəhbərlərinin bilik və idarəetmə bacarıqlarını yoxlamaq, onların peşəkar inkişafını təmin etmək və təhsil müəssisələrinin idarə olunmasında daha şəffaf və səmərəli sistem yaratmaqdır. Sertifikasiya tətbiq edildikdə təhsil sistemində bir sıra dəyişikliklər və müsbət təsirlər müşahidə ediləcək. İlk növbədə, məktəb rəhbərliyinin bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsi mümkün olacaq. Hazırda bəzi məktəb direktorları və onların müavinləri uzun illərdir eyni vəzifədə çalışır, lakin bu müddət ərzində onların idarəetmə bacarıqlarının inkişaf edib-etmədiyini müəyyən etmək üçün heç bir rəsmi mexanizm mövcud deyil. Sertifikasiya imtahanları vasitəsilə onların pedaqoji, psixoloji, hüquqi və idarəetmə sahəsində bilikləri yoxlanacaq və bu, yalnız ən uyğun namizədlərin rəhbər vəzifələrdə qalmasını təmin edəcək. Bunun nəticəsində məktəb rəhbərliyi daha effektiv və müasir yanaşmalar əsasında fəaliyyət göstərəcək. Sertifikasiya prosesi həm də məktəb idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək. Hazırda bəzi direktorlar məktəb daxilində qəbul edilən qərarlarla bağlı nə müəllimlərə, nə valideynlərə, nə də cəmiyyətə kifayət qədər hesabatlı deyil. Bu proses direktorların və müavinlərin yalnız formal olaraq vəzifədə qalmalarına deyil, real olaraq məktəbin inkişafı üçün işləmələrinə şərait yaradacaq. Əgər sertifikasiyanı uğurla keçə bilməyənlər vəzifədə qala bilməyəcəklərsə, bu, məktəb idarəçiliyində daim yenilənmə və təkmilləşməni təmin edəcək”. K.Əsədov qeyd edib ki, sertifikasiya, həmçinin, məktəblərin idarə olunmasında müasir menecment yanaşmalarının tətbiqini stimullaşdıracaq: “Bugünkü təhsil sistemində direktorların idarəçilik metodları çox vaxt köhnə üsullara əsaslanır və yeni texnologiyaların, innovativ yanaşmaların tətbiqi məhdud olur. Sertifikasiya vasitəsilə direktor və müavinlər yeni idarəetmə prinsiplərini öyrənmək, innovativ yanaşmaları tətbiq etmək məcburiyyətində qalacaqlar. Beləliklə, təhsil müəssisələrinin idarə edilməsi daha dinamik, effektiv və çevik olacaq. Bu addım həm də məktəblərdə daha ədalətli və obyektiv kadr siyasətinin formalaşmasına səbəb olacaq. Çox vaxt direktor vəzifəsinə təyinatlar şəxsi münasibətlər və ya qeyri-rəsmi yollarla həyata keçirilirdi. Sertifikasiya imtahanlarının tətbiqi isə yalnız real bilik və bacarığı olan şəxslərin bu vəzifələrdə qalmasını təmin edəcək. Bu da təhsil müəssisələrində şəffaflığı və rəqabətliliyi artıracaq. Dünya təcrübəsinə nəzər yetirsək, inkişaf etmiş ölkələrin əksəriyyətində məktəb rəhbərləri yalnız müəyyən imtahanlardan keçdikdən və sertifikasiya prosesindən sonra vəzifəyə təyin edilirlər. Məsələn, Finlandiya və Sinqapur kimi təhsil sistemləri ilə nümunə göstərilən ölkələrdə direktorların yalnız pedaqoji bacarıqlara malik olması kifayət deyil, onlar həmçinin idarəetmə və liderlik qabiliyyətlərini sübut etməlidirlər. ABŞ-də isə məktəb direktorları xüsusi lisenziyalaşdırma prosesindən keçməlidirlər ki, bu da onların yalnız müəyyən bilik və bacarıqlara sahib olduqda vəzifəyə təyin olunmalarını təmin edir”. “Sertifikasiyanın tətbiqi təhsil müəssisələrinin fəaliyyətində ümumi inkişaf dinamikasını da dəyişəcək. Hazırda bəzi məktəblərdə rəhbərliyin zəif olması, məktəb daxilində nizam-intizamın pozulmasına, tədrisin keyfiyyətinin aşağı düşməsinə və müəllimlərin iş şəraitindən narazı qalmasına səbəb olur. Peşəkar və bilikli rəhbərlərin seçilməsi isə məktəblərdə daha sağlam və nizamlı mühitin formalaşmasına gətirib çıxaracaq. Bundan əlavə, sertifikasiya prosesi məktəb rəhbərlərinin davamlı inkişafına səbəb olacaq. Əgər bu proses təkcə imtahandan ibarət olmayıb, həm də mütəmadi təlim və inkişaf proqramlarını əhatə edərsə, direktor və müavinlərin daim yenilənən biliklərə sahib olması təmin ediləcək. Bu da öz növbəsində məktəblərdə idarəçiliyin daim yüksək səviyyədə saxlanmasına kömək edəcək. Nəticə olaraq, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması təhsil sistemində böyük müsbət dəyişikliklərə səbəb olacaq. Bu proses məktəb rəhbərliyinin keyfiyyətini artıracaq, idarəetmədə şəffaflığı və effektivliyi təmin edəcək, müasir menecment yanaşmalarının tətbiqini stimullaşdıracaq və təhsil müəssisələrinin daha rəqabətli və dinamik şəkildə idarə olunmasına imkan yaradacaq. Əgər bu sistem düzgün tətbiq edilərsə, Azərbaycan təhsil sisteminin ümumi keyfiyyətinin yüksəlməsi və məktəblərin idarəçiliyinin daha peşəkar səviyyəyə çatması qaçılmaz olacaq”, - deyə K.Əsədov əlavə edib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Trend-ə bildirib ki, direktorların bilik və bacarıqlarının qiymətləndirilməsi, ölçmələrin aparılması kifayət qədər faydalı olacaq: “Direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verdi. Bilirsiniz ki, direktorların işə qəbulu artıq vahid sistem üzərindən həyata keçirilir. Amma əvvəlki illərdə təyin olunmuş xeyli sayda direktorlar var ki, onlar, əslində, direktorların işə qəbulu imtahanının tətbiq olunmadığı vaxtda işə qəbul olunublar. Direktorların bilik və bacarıqlarının qiymətləndirilməsi, ölçmələrin aparılması, hesab edirəm ki, kifayət qədər faydalı olacaq. Biz hər zaman qeyd edirik ki, direktor məktəbdə ilk növbədə öz fənnini yaxşı bilən, məktəbin aparıcı müəllimləri sırasından olacaqsa, o, əslində, həm də ümumillikdə təhsili yaxşı bilməlidir. Eyni zamanda, direktorların işə qəbulunda meyarlar var. Onlar bütövlükdə təhsillə bağlı normativlərə, məktəbin idarə olunması ilə bağlı biliklərə malik olmalıdırlar. Mən hesab edirəm ki, bütün bunların zaman-zaman ölçülməsinə ehtiyac var”. O bildirib ki, direktor və direktor müavinləri sertifikasiyaya cəlb olunduqdan sonra, həmçinin, tədris ilə də məşğul ola biləcəklər: “Digər tərəfdən, biz qeyd edirik ki, direktor həm də öz fənnini yaxşı bilməlidir. Amma, baxaq, direktor və direktor müavinləri öz fənnləri üzrə tədrisə cəlb oluna bilirlərmi? Hazırkı dövrdə direktor və direktor müavinləri tədrisi həyata keçirməklə bağlı prosesdə iştirak edə bilmirlər. Amma onlar sertifikasiyaya cəlb olunduqdan sonra həmçinin tədris ilə də məşğul ola biləcəklər. Bu baxımdan, mən düşünürəm, fərqi yoxdur hansı sahədə çalışmasından asılı olmayaraq mütəxəssis mütləq şəkildə öz üzərində çalışmalı, biliklərini dərinləşdirməlidir. Bunu ölçmək üçün ən yaxşı yollardan biri həm də sertifikasiyadır. Sertifikasiya bir imtahandır, qiymətləndirmə formasıdır. Adı nə olur-olsun, mahiyyətdə o durur ki, qarşı tərəfin bilik və bacarıqlarını, səriştələrini ölçməyə imkan versin. Bu baxımdan, mən direktor və direktor müavinlərinin imtahanlara cəlb olunmasını çox doğru yanaşma kimi qəbul edirəm. Hesab edirəm ki, bunun tətbiqi ilə qazanan təhsil, məktəb olacaq. Beləliklə, proses icra olunandan sonra, həm də direktor və direktor müavinlərinin məsuliyyət hissinin artmasına gətirib çıxaracaq. Onlar özlərini bir məmur kimi hiss etməkdən əlavə, həm də müəllim kimi hiss edəcəklər. Mütəmadi olaraq yeniliklərə açıq olacaqlar, beləliklər qazanan tərəf Azərbaycan təhsili olacaq”, - deyə o əlavə edib. Geri qayıt |