Əsas Səhifə > Güney Press > İndi növbə saxta diş həkimlərinindir...
İndi növbə saxta diş həkimlərinindir...Dünən, 14:00 |
"Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslərin 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslərin 5 min manatdan 10 min manata qədər, hüquqi şəxslərin 20 min manatdan 30 min manata qədər cərimə edilməsini nəzərdə tutur". Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilmiş cavabda bildirilib. Qeyd edək ki, bəzi plastik cərrahların lisenziyasının ləğv olunmasından sonra stomatologiya sahəsində də qanunsuz fəaliyyət göstərənlərin olduğu barədə məlumatlar yayılır. Hətta bu tip şikayətləri edənlərin çoxu elə stomatoloqlardır. Onlar bildirir ki, dəfələrlə diplomsuz diş həkimləri tərəfindən zərərçəkmiş şəxslər müəyyən ağırlaşmalarla onlara müracət edirlər. Diş texniklərinin diş həkimi işləməsinijn qarşısı alımalıdır! Uzun illər Türkiyədə çalışmış stomatoloq Fuad Nağızadə öz sosial şəbəkə hesabında saxta stomatoloqlar barədə paylaşım edib. Həkim bildirib ki, diş həkimliyi təhsili olmayan və ya diş texnikliyini oxuyub "diş həkimi"kimi işləyənlərin qarşısı qəti sürətdə alınmalıdır. F.Nağızadə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bu gün şou biznesdə məşhurların bir çoxunun dişlərini düzəldən həkimlərin diplomu yoxdur. Həkim bildirib ki, saxta həkim fəaliyyəti göstərən şəxslər Türkiyədə həbs olunur və onların işlədiyi yer bağlanır. "Diş texnikləri işin görünən tərəfini bilirlər. Onlar insan anatomiyasını və fiziologiyasını bilmirlər. Böyrək çatışmazlığı xəstəsi diş müalicəsi üçün müraciət etdikdə onu öz nefroloquna yönləndirib konsultasiya alınmalıdır. Çünki, həkim iki gün əvvəldən xəstəyə antibiotik təyin edir. Şəkər xəstələrinə implant qoymazdan öncə xəstənin analizlərinin cavablarına baxılmalıdır. Əgər 3 aylıq qan şəkər ortalaması 7-dən yüksəkdirsə, belə şəxslərə implant əks göstəriş ola bilər. Ona görə pasiyent endokrinoloquna yönləndirilib ilk növbədə şəkəri normaya salınmalıdır. Bəzi texniklər kanal müalicəsi etmədən ştift qoyurlar. Amma halbuki, dişin tac hissəsi olmadıqda ştift qoymazdan əvvəl kanal müalicəsi aparılmalıdır. Nəticədə pasiyentlər ağırlaşmalarla bizə üz tuturlar", - deyə F.Nağızadə bildirib. Müsahibimiz deyir ki, stomatoloq kimi fəaliyyət göstərən şəxslərin bütün xəstəliklərdən xəbəri olmalıdır və müayinədən öncə mütləq bütün xəstələrdən anamnez (yəni xəstəlik tarixi və özü haqqında ümumi məlumat) alınmalıdır. Ona uyğun müalicə edilib edilməyəcəyi və ya istifadə olunacaq dərmanlar təyin olunmalıdır. Saxta stomatoloqların siyahısı Qeyd edək ki, *instaqram sosial şəbəkəsində hətta "saxta_stomatoloq1" adlı səhifədə çoxlu sayda stomatoloqun "saxta" olduğu barədə guya ifşaedici məlumatlar da dərc edilib. Onları hansı cəza gözləyir? Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir: ""Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz. Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı İnzibati Xəta Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur". Diş həkiminə gedəndə diplomunu tələb edin! Qurumdan bildirilib ki, mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, dövlət qeydiyyatından keçməyiblər və yaxud onların sənədləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur: "Lakin buna baxmayaraq, qeyri qanuni fəaliyyət göstərənlər var. Xüsusilə də regionlarda. Yuxarıda qeyd etdiyimiz kimi, vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir və barələrində qanunamüvafiq tədbirlər görülür. Belə şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmamasının müəyyənləşdirilməsi üçün bizə müraciət daxil olur. Bundan sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülür və növbəti icraata göndərilir". Mərkəzdən o da bildirilib ki, hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir. Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara – Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq mühafizə orqanlarına rəsmi müraciət edə bilər. Qurumdan o da bildirilib ki, zərər çəkən şəxslər mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət edərək, məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər. AEM-dən Sputnik-ə verilən məlumata görə, 2024-cü il ərzində vətəndaş şikayətləri, dövlət və yerli özünüidarə orqanları tərəfindən müraciət və KİV-də yayılan məlumatlar əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən planlı və plandankənar yoxlamalar aparılıb. Bu müddət ərzində AEM tərəfindən ölkənin 44 regionunda 163 planlı yoxlama keçirilib, nəticədə müxtəlif qanun pozuntuları aşkarlanıb və 55 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Eyni müddətdə ölkənin 29 regionunda 151 plandankənar yoxlama keçirilib, müxtəlif qanun pozuntularına görə 67 protokol tərtib edilərək, növbəti icraata göndərilib. Xatırladaq ki, bu günlərdə plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikat olmadan Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edildiyinə dair xəbərlər yayılıb. Geri qayıt |