Əsas Səhifə > Güney Press > ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıbBu gün, 12:48 |
![]() ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq, NATO müttəfiqləri ilə danışıqlar aparmaq üçün Rusiya-Ukrayna müharibəsinə son qoymağı nəzərdə tutan sülh planının hazırlanmasında fasilə götürüb. AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Telegraph” qəzeti belə məlumat yayıb. “Donald Tramp administrasiyası Avropaya masa arxasında yer vermək üçün Ukrayna sülh planını təxirə salıb. Sülh planı üzərində işi başa çatdırmazdan əvvəl Kit Kelloq NATO ölkələrinin prezidentləri və baş nazirləri ilə danışıqlar aparmaq niyyətindədir”, - qəzet yazır. Donald Trampın xüsusi nümayəndəsi avropalı diplomatlara hər hansı sülh sazişinin forması və bu ölkələrin münaqişənin həlli prosesinə necə töhfə verə biləcəyi ilə bağlı Avropa liderlərinin fikirlərini öyrənmək istədiyini bildirib. Eyni zamanda, Kelloq avropalı diplomatları əmin edib ki, Vaşinqton Rusiya ilə gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək istəyir. Qeyd edək ki, fevralın 14-16-da Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Kit Kelloqun Ukraynaya dair sülh planını təqdim edəcəyi gözlənilirdi. Lakin Kelloq bildirib ki, planı Donald Tramp özü təqdim edəcək və bu yaxın günlərdə baş verməyəcək. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Trampa “gələcək həftələrdə” sülh planı variantlarını təqdim edəcək. Mənbələrə istinad edən agentlik, həmçinin Kit Kelloqun Münhen Təhlükəsizlik Konfransında Avropa rəsmiləri ilə görüşəcəyini, Kiyevə və bəzi Avropa ölkələrinə səfər edəcəyini yazıb. Bununla belə, onun Moskvaya getməyə hazırlaşmadığı bildirilir. Geri qayıt |