Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarırBu gün, 12:01 |
“Ayətullah Xamnəi müdafiə sənayesi işçiləri ilə bugünkü görüş zaman İranın hərbi strategiyası üçün yenilik sayıla biləcək cümlələr işlədib”. Reyting.az xəbər verir ki, bunu “Facebook” hesabında iranşünas-yazar Əziz Rzazadə bildirib. O əlavə edib: “Xamnəi bildirib: “Tərəqqi dayanmamalı və biz arxayın olmamalıyıq. Fərz edək ki, bir gün raketlərin dəqiqliyi ilə bağlı özümüzə bir limit qoyduq, amma indi hiss edirik ki, bu limit kifayət deyil! Deməli, irəli getməliyik. Yaradıcılıq və yenilik üçün heç bir məhdudiyyət yoxdur. Yenilik lazımdır!” Bir neçə il əvvəlki çıxışında o, ballistik raketlər üçün şəxsən limit müəyyənləşdirdiyini demişdi – 2000 km. Sitatı lap dəqiq tarixlə xatırladım: 14 iyun 2021-ci il: “Sursat istehsalına gəlincə... indi uzaqmənzilli ballistik raketimizin hədəf məsafəsi 2000 km-dir və dedim ki, 2000 km, halbuki 4-5000 km olmasını istəyirdilər, mən icazə vermədim, qarşısını aldım və dedim ki, hələlik 2000 km-dən çox olmasın”. 2024-də Xamnəinin hərbi müşaviri, “Sepah” generalı Yəhya Rəhim Səfəvi “sirr boxçası”nı açmışdı: “Strateji dərinliyimiz 5000 km-dir!” Deməli, ballistik raketlərin hədəf məsafəsi artacaq, əvvəlcə 4-5000, sonra... Bəlkə, qitələrarası oldu?” “Reyting”ə açıqlamasında Ə. Rzazadə deyilənlərə əlavə olaraq qeyd edib: “Ayətullah Xamnəinin fevralın 12-də səsləndirdiyi bəyanat artıq İran daxilində və xaricində geniş müzakirə olunur. Onun sözləri Tehranın ballistik raket proqramında yeni mərhələ kimi səciyyələndirilir. İranın nüvə proqramıtək bu proqram da Qərbdə, xüsusən, ABŞ-da diqqətlə izlənilir və onun dinc xarakteri şübhəyə alınır. Halbuki 2010-cu il dekabrın 12-də İranın Ali lideri nüvə silahı əleyhinə fətva verib. Sənəddə deyilir: “Fikrimizcə, kimyəvi və bioloji silahlar kimi, digər kütləvi qırğın, o cümlədən nüvə silahları da bəşəriyyətə qarşı yeni təhlükədir. Biz bu silahlardan istifadəni haram hesab edirik”. Bu fətva həmin dövrdə “Nüvə Silahının Yayılmaması” mövzusunda keçirilən birinci beynəlxalq konfransa göndərilən məktubda da qeyd olunub və sonradan BMT-də rəsmi qeydiyyata alınıb. Bununla belə, Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində və sonra, yəni indi ABŞ administrasiyasının maksimum təzyiq siyasətinin yenidən qüvvəyə mindiyi vaxtda İranın özündə nüvə silahına dair fətvanın ləğvinə çağırışlar səslənir. Hətta bu günlərdə “The Telegraph” qəzeti “məlumatlı İran rəsmilərinə istinadla” yazıb ki, “Sepah”ın bir sıra yüksək səviyyəli komandirləri Ali dini lideri nüvə silahı istehsalını qadağan edən fətvasını ləğv etməyə çağırıblar”. Güman ki, barmaqdan sovurma məlumatdır, amma sosial şəbəkədə sıravi vətəndaşların “atom bombasının fitilini yandırmağa” çağırışları səngimir. Üstəlik, 2024-cü ildə İran parlamentinin 39 üzvü Ali Milli Təhlükəsizlik Şurasına ünvanlanmış məktubda İslam Respublikasının müdafiə doktrinasını yenidən nəzərdən keçirməyi xahiş edib. Bundan da betər odur ki, Xamnəinin strateji müşavirlərindən biri olan Kamal Xərrazi İranın nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyünü dilə gətirib”. İranşünas-yazar vurğulayıb ki, Donald Trampın İrandan istədiyi yeganə şey nüvə silahının olmamasıdır: “Bölgənin bir dövləti kimi, Azərbaycanın da milli maraqları dinc nüvə proqramından kənara çıxmayan siyasətdir. Yaşadığımız regionda adından asılı olmayaraq, heç bir ölkənin kütləvi qırğın silahına malik olmasını, əlbəttə, istəməzdik. Amma təzyiq həmişə əks-təzyiq doğurur. Bir dövlət digərinin başından maksimum basmazdan əvvəl bu düşüncəsinin hansı səbəbdən doğmasını əsaslandırmalıdır. Tehrana münasibətdə isə həmin düşüncə, yəni maksimum təzyiq siyasəti üçün heç bir əsas yoxdur, daha doğrusu, qərəzlidir”. Geri qayıt |