Əsas Səhifə > Güney Press > "Sputnik Azərbaycan"ın fəaliyyətinə son?
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son?Bu gün, 15:43 |
![]() “Sputnik-Azərbaycan” və “BBC Azərbaycanca”nın Bakıdakı redaksiyalarının bağlanması gözlənilir. Lent.az-ın məlumatına görə, buna səbəb Azərbaycanın xarici media ilə iş sahəsindəki uyğunsuzluğu aradan qaldırmaq istəyidir. Məlumata görə, Azərbaycanın dövlət informasiya agentliyinin Rusiyadakı əməkdaşlarının sayı qədər də Rusiyanın “Rossiya seqodnya” Agentliyinin Azərbaycanda əməkdaşı fəaliyyət göstərəcək. Hazırda isə “Sputnik Azərbaycan”ın ofisində 40-a yaxın əməkdaş çalışır. “BBC Azərbaycanca”-nın da fəaliyyətinin eyni məntiqlə tənzimlənəcəyi gözlənilir. "Sputnik Azərbaycan" nə vaxtdan fəaliyyət göstərir? "Sputnik Azərbaycan" 2015-ci ildən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın "Rossiya Seqodnya" agentliyinin bir hissəsi olaraq Azərbaycanda informasiya yayımı ilə məşğuldur. Onun əsas fəaliyyəti xəbər, analitik materiallar və müsahibələr təqdim etməkdir. Lakin mütəmadi olaraq onun fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr və tənqidlər səslənir. Ekspertlərin fikrincə, ““Sputnik”in Azərbaycanda fəaliyyəti informasiya resursu ndan çox kəşfiyyat və təbliğat xarakterlidir”. “Sputnik Azərbaycan”dakı qalmaqallar “Sputnik Azərbaycan”la bağlı müxtəlif dövrlərdə qalmaqallar yaşanıb. Bu ofisdə çalışan azərbaycanlı jurnalistlər arasından redaksiyanın informasiya siyasətinə, xüsusilə Azərbyacanın milli maraqları və Qarabağ mövzusu ilə bağlı məsələlərdəki yanaşmaya etiraz edənlər olub. Məsələn, 2019-cu ildə “Sputnik Azərbaycan”da redaktor vəzifəsində çalışan Mətin Yaşaroğlundan Qarabağ məsələsilə bağlı Azərbaycanın mövqeyinə uyğun yazıların dərc olunmaması tələb edilmişdi. Mətin Yaşaroğlu həmin vaxt agentlikdəki vəzifəsindən istefa vermişdi. Daha sonra isə “Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları olan Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva yenə eyni motivlərlə eyni gündə agentlikdəki işlərindən istefa verdiklərini sosial mediada açıqlamışdılar. “Media haqqında” Qanun nə deyir? "Media haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu orqan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyidir (XİN). Akkreditasiya üçün tələb olunan sənədlər və prosedurlar "Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları"nda əksini tapıb. Akkreditasiya müddəti peşə fəaliyyətinin davam edəcəyi dövr üçün, lakin 1 ildən artıq olmamaq şərtilə müəyyən edilir. Qeyd edək ki, hər iki ölkənin media nümayəndələrinin qarşılıqlı fəaliyyətini Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 9 yanvar 2001-ci il tarixində imzalanmış "Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında" Saziş də tənzimləyir. Azərbaycan XİN hələlik məsələ ilə bağlı açıqlama verməyib. Geri qayıt |