Əsas Səhifə > Güney Press > Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq

Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq


18-02-2025, 14:00
Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq
Avropa İttifaqının "mülki missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb. Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə AB-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd avtomobil və Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla, ümumilikdə 6 nəfərin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb. Bundan öncə isə Avropa İttifaqının monitorinq “missiyası”nın nümayəndələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz mövqelərdə müşahidə aparıb, foto və videogörüntülər çəkiblər. AB və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının "mülki müşahidə" missiyasının əsas hədəfləri hərbi xarakterlidir. Ekspertin sözlərinə görə, əks halda missiyanın tərkibi Avropa ölkələrinin hərbi kəşfiyyatçılarının hesabına formalaşdırılmazdı:

"Aİ-nin "mülki missiyası" hərbi məqsədlər məqsədilə fəaliyyət göstərir. Missiyanın əsas fəaliyyəti Azərbaycana qarşı yönəlib. Önəmli məqam odur ki, Avropa Birliyi bu missiyanın fəaliyyətindən həm də Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışır. Hesab edirlər ki, bu missiya ətrafında təktərəfli anlaşma Azərbaycan üçün müəyyən diskomfort situasiya yaradıb. Bundan istifadə edərək rəsmi Bakıya təzyiq göstərmək olar. Yaxın gələcəkdə Azərbaycanın bu missiyanı dəstəkləmək məcburiyyətində qalacağını da ehtimal edirlər. Bu da Avropa Birliyinə Cənubi Qafqazdakı proseslərin birbaşa iştirakçısına çevrilmək şansı yarada bilər. Ancaq Avropa Birliyi strateqləri Cənubi Qafqaz siyasətini tamamilə yanlış istiqamətlərdə planlaşdırırlar. Çünki rəsmi Bakı dəfələrlə sübut edib ki, Azərbaycanın maraqlarına zidd olan heç bir təşkilatı, yaxud dövləti Cənubi Qafqazdakı geopolitik proseslərə, xüsusilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə buraxmaq niyyətində deyil. Azərbaycan Avropa Birliyinə Cənubi Qafqazda öz maraqlarını ifadə etmək imkanı qazandırmaq niyyətində deyil. Sülh prosesi Avropa Birliyinin maraqları üçün istismar oluna bilməz".

Siyasi şərhçinin qənaətincə, Avropa Birliyi bu missiya üzərindən Azərbaycana hələ bir müddət təzyiq göstərəcək:
"Yaxın gələcək üçün ehtimal etmək olar ki, missiyanın ömrünə çox qalmayıb. Avropa Birliyinin özü olduqca ciddi böhran yaşamağa başlayıb. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti də AB-ni daxili böhran yaratmaqda ittiham edib. Birliyin demokratiya dəyərlərindən uzaqlaşdığını, rəqiblərinin fikirlərini senzuraya məruz qoyduqlarını, həbsə atdıqlarını deyib. Bu, Avropa üçün ciddi ittihamlardır. Bununla yanaşı, ABŞ Avropa Birliyini Ukrayna böhranının nizamlanması prosesindən kənarda saxlayır və Birliyin nüfuzuna sarsıdıcı zərbə vurur. Tramp administrasiyası Avropa Birliyindən tələb edir ki, enerji resurslarının idxalının həcmini artırsın, əks halda rüsumlar tətbiq olunacaq. Bu da göstərir ki, yaxın dönəmdə Avropa Birliyinin başı öz gələcək taleyini xilas etməyə qarışacaq. Böyük ehtimalla Avropa Birliyinin Ermənistanda yerləşdirilmiş "mülki missiya" adlı kəşfiyyat şəbəkəsi tezliklə ləğv olunacaq. O baxımdan Avropa Birliyinin qondarma mexanizminin bölgəmizdəki proseslərə təsir imkanları inandırıcı görünmür".

Geri qayıt