Əsas Səhifə > Güney Press > Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı
Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı19-02-2025, 10:45 |
![]() “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildikdən dərhal sonra Brüsseldən böyük bir nümayəndə heyəti İrəvanda peyda olub. Avropa İttifaqı nümayəndə heyətinə Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun, Genişləndirilmiş Qonşuluq Danışıqları üzrə Baş Direktorluğunun, Avropa Xarici Fəaliyyət Xidmətinin və “Frontex”in sərhəd və sahil mühafizə xidmətinin nümayəndələri daxil olub. “Yeni Müsavat” yada salır ki, Ermənistan parlamentində 63 nəfər sənədin “lehinə”, 7 nəfər “əleyhinə” səs verib, müxalifət isə prosesi boykot edib. Sabiq prezident Robert Köçəryanın “Hayastan” fraksiyası səsvermədə bitərəf qalıb. Blok üzvü Kristine Vardanyan bunu onun təşkilatının Avropa İttifaqına və Avropaya inteqrasiya tərəfdarlarına qarşı çıxmaq istəməməsi ilə izah edib. Avropa heç bir quru sərhədi olmayan, imkanları məhdud, təbii resursları zəif, hər il dövlət borcu artan, ixrac üçün dünya standartlarına uyğun olmayan, iqtisadiyyatı Rusiyanın monopoliyasında can verən Ermənistanın bu quruma üzvlük perspektivinə inam yoxdur. Amma Aİ rəsmilərinin dərhal İrəvanda peyda olması maraqlı gəlişmədir. Ola bilsin ki, ermənilərin ən böyük arzusu - Avropada yaşamaq və işləmək hüququ verə biləcəyi ilə Ermənistanı həvəsləndirsinlər. Ermənistan hökumətinin qərarını bundan əvvəl şərh edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Rusiya qanun layihəsinin müzakirəsinə İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi baxır, İrəvanın “Titanik”ə bilet almaq qərarını müqayisə edir. Overçukun açıqlamasını açıq-aşkar təhdid kimi də qəbul edilə bilər. Çünki Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurma halında enerji və ərzaq, xüsusən də buğda qiymətlərində ciddi artım müşahidə ediləcək. Rusiyanın qəzəb faktorundan əlavə, İran məsələsini də unutmaq lazım deyil. Hazırda Ermənistanın etibarlı tərəfdaşı sayılan rəsmi Tehran da İrəvanın Aİ-yə üzvlük perspektivinə isti yanaşmır. Bəs Aİ-nin bu tələsik hərəkətliliyinin səbəbi nədir? Deputat Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan avropalılar üçün Cənubi Qafqazda son dayanacaqdır. “Çünki Qərbin regionda öz mövcudluğunu qorumaq baxımından Paşinyan Ermənistanı onlara lazımdır. Gürcüstanda bunu tam şəkildə bacara bilmədilər deyə son ünvan kimi Ermənistana baxılır. Amma bu ölkənin tezliklə quruma üzvlüyünü gözləmirəm. Çünki Ermənistanın kifayət qədər ciddi problemləri var”, - deyə A.Əlizadə belə qiymətləndirib. Deputatın fikrincə, onu da nəzərə almaq lazımdır ki, Ermənistan hələ də KTMT və Avrasiya İqtisadi Birliyinin üzvüdür, yəni faktiki olaraq Rusiyanın forpostu, boyunduruğu olaraq qalmaqdadır: “Sadəcə, Ermənistanı Rusiyanın çəngindən qurtarmaq istiqamətində iş gedir. Rusiyanın müharibə səbəbindən strateji mübarizədə gücü zəifləyib, amma Ermənistana təzyiq edəcək qədər imkanları qalır”. A.Əlizadə hesab edir ki, Ermənistanın Aİ-yə qoşulmaq istəyi Azərbaycanı narahat etmir, sadəcə, burada bir nüans nəzərə alınmalıdır: “Ermənistan Avropaya inteqrasiyanı seçən ölkədir. Bu, onların seçimidir. Amma Qərbin bizə qərəzli münasibəti dəyişməyib. Bizim üçün Ermənistanın harada olması ciddi narahatlıq doğurmur, sadəcə, bizə qarşı siyasət yürüdülməsinə diqqət yetirməliyik. Əgər bu fəaliyyət Azərbaycana qarşı təhdidlər yaradırsa, təbii ki, addımlar atmalıyıq”. Hüquq müdafiəçisi Xəzər Teyyublu Ermənistana 2026-cı ildən sonra üzvlük üçün namizədlik statusu veriləcəyini istisna etmir: “Paşinyan gələnilki seçkilərdən qalib çıxarsa, hakimiyyətini möhkəmləndirmiş olacaq. Bu zaman daha iri addımlarla Qərbə yaxınlaşma xəttini götürəcək. Sözsüz ki, Rusiyanın müharibədən necə çıxacağı da burada mühüm rol oynayır. Əgər Moskvanın başı açıldıqdan sonra İrəvana təzyiqləri güclənərsə, Paşinyan yumşaq siyasət yürüdəcək. Avropanın hədəfi odur ki, Qafqazda iki ölkə artıq namizədlik statusu almış olsun. Bu da Rusiyanı regiondan çıxarmağa hesablanıb. Lavrov və digər rəsmi şəxslər də bu reallığı gizlətmirlər. Ancaq Qərb bu istəyinə nə dərəcədə nail olacaq, söyləmək çətindir”. X.Teyyublunun sözlərinə görə, Ermənistanın Avropaya iki çıxışı ola bilər: “Biri Gürcüstan, biri Türkiyə üzərindəndir. Avropa İttifaqı Ermənistan vətəndaşları üçün vizasız gediş-gəlişi təmin edə bilər. Necə ki Gürcüstan bu imkandan yararlanır. Avropalı rəsmilərin İrəvana tələm-tələsik gəlişini də müzakirələri intensivləşdirməklə əlaqələndirirəm. Yaxın gələcəkdə Ermənistan Aİ üzvü olmasa da, vizasız səfər mandatını qazana bilər. Bundan sonra Brüsselin təsirləri getdikcə artacaq, ermənilər Avropaya işləmək üçün axışacaqlar, beləcə Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün mühüm addımlar atılmış olacaq. Üstəlik, Azərbaycanla yekun sülh sənədi imzalansa, Türkiyə quru sərhədləri açacaq. O zaman ermənilərin Avropaya çıxışı daha da asanlaşacaq. Ona görə də Ermənistanın Avrasiya İqtisadi Birliyindən qopması yönündə strategiya yalnız bundan ibarət ola bilər”. Geri qayıt |