Əsas Səhifə > Güney Press > İranın hədəflərindən biri Ermənistanın sərhədinə qoşun yerləşdirməkdir

İranın hədəflərindən biri Ermənistanın sərhədinə qoşun yerləşdirməkdir


19-02-2025, 12:40
İranın hədəflərindən biri Ermənistanın sərhədinə qoşun yerləşdirməkdir
Ermənipərəst iranlı siyasi şərhçi Ehsan Müvəhhedian İranın Ermənistanın Zəngəzur bölgəsində neft emalı zavodu tikməsi ilə bağlı təklif irəli sürüb. O, bu barədə İran televiziyasında çıxışında bildirib: “Ermənistanda uzunmüddətli müqavilələrlə neft emalı zavodunun fəaliyyəti gündə 100 min barrel İran neftini endirimsiz və əlavə xərclər olmadan satmaq imkanı yaradacaq və sanksiyalar riskini azaldacaq. Bu layihə Ermənistanın enerji təhlükəsizliyini və ölkənin İrandan asılılığını təmin etməklə yanaşı, regionda Amerika, NATO və İsrailin təsirini azaldacaq”.

Müvəhhedian həmçinin Ermənistanda Avro-5 markalı benzinin istehsalı və İranın şimal-qərbinin tələbatını ödəməsi ilə ölkənin cənubundan şimala yanacaq tranziti xərclərinin də sıfıra enəcəyini bildirib.

Qeyd edək ki, İran rəsmiləri adətən rəsmi təkliflərini ekspertlərin dili ilə ifadə edirlər. Zəngəzurda İran neft emalı zavodunun tikilməsi təşəbbüsü isə daha çox siyasi xarakter daşıyır.

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, İran və Ermənistan arasında ötən 5 il ərzində kifayət qədər ciddi yaxınlaşma hiss olunur:

“Bu cür təkliflər də hər iki tərəfin maraqlarına uyğun addımlar kimi təqdim olunur. Amma bir çox hallarda İran öz maraqlarını Ermənistana təqdim etməyə çalışır. İran Zəngəzur dəhlizinə qarşı çıxır, İran Ermənistana başa salmağa çalışır ki, bu dəhliz onun ziyanınadır. Dəhliz regionda geopolitik nizamı pozur, yeni sərhədləri formalaşdırır. Ermənistan bu sərhəd ilə bağlı məsələlərdən, dəhlizin açılmasından əl çəkməlidir və bunu açıq şəkildə bir direktiv kimi İranın dini və siyasi rəhbərliyi Ermənistana izah etməyə çalışır”.

İranın uzun müddət Zəngəzur dəhlizinə qarşı çıxdığını və bunu gizlətmədiklərini vurğulayan politoloq qeyd edib ki, İranın ali dini rəhbərliyi də, siyasi elitası da Zəngəzur dəhlizinə qarşı olduqlarını dəfələrlə dilə gətiriblər:

“Müxtəlif bəhanələrlə İran Qərbi Zəngəzur ərazisində öz mövcudluğunu genişləndirməyə çalışır. İranın əsas məqsədi bundan ibarətdir ki, Ermənistanın Sünik bölgəsinə, yəni tarixi qərbi Azərbaycan torpaqlarına öz qoşunlarını yeritsin. Bunun üçün də müxtəlif yollar axtarır. Qafanda İranın öz konsulluğunu açması da bunun bir sübutudur. Bu, konsulluqda hansı məqsədlərə xidmət edir, hələ də naməlum olaraq qalmaqdadır. Yəni konsulluğun əsas məqsədi vətəndaşların hüquqlarını qorumaq və konsulluğa aid olan məsələləri həll etməkdir. Bu bölgədə isə iranlılar bildiyimiz kimi yoxdur, yəni məsələ siyasi xarakter daşıyır. İndi də Zəngəzur bölgəsində neft emalı zavodunun tikilməsi ilə bağlı təklifləri ortaya atırlar. Burada da Ermənistan üzərində İran öz maraqlarını daha geniş şəkildə təmin etməyə çalışacaq. Regional nəqliyyat və kommunikasiyaya qarşı hesablanmış bir layihədir. Hər nə qədər İran-Ermənistan tərəfdaşlığı kimi göstərilsə də, İranın bu addımı Ermənistanın maraqlarına ciddi zərbə vurur. İran guya regionda Amerika, NATO və İsrailin təsirini azaltmağa çalışdığını bəyan edir, lakin Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində yerləşdiriləndə İranın zavod tikmək planı yadına düşmədi?! ABŞ qoşunları ilə Ermənistan qoşunları birgə hərbi təlim keçirəndə də heç İranın səsini eşitmədik!? İranın Ermənistana lövbər salmaq cəhdlərinin arxasında başqa maraqlar yatır. Əsas hədəflərindən biri də Ermənistanın cənub sərhədlərində öz qoşunlarını yerləşdirməkdir. Lakin bütün cəhdləri nəticəsiz qalacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq avrointeqrasiya yolunu tutub. Paşinyanın qərb ölkələrinə etdiyi səfərlər də bunu göstərir. Ermənistanın xarici siyasət kursu haqqında bilgi sahibi olmaq üçün bu səfərləri izləmək kifayətdir. Bunları bilə-bilə neft emalı zavodu adı altında İranın Zəngəzura yerləşmə cəhdləri başqa məqsədlərdən xəbər verir”.

Geri qayıt