Əsas Səhifə > Güney Press > Tramp məcburetmə əməliyyatına başlayıb:

Tramp məcburetmə əməliyyatına başlayıb:


Dünən, 16:39
Tramp məcburetmə əməliyyatına başlayıb:
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynaya mədən hasilatı müqaviləsinin “təkmilləşdirilmiş” layihəsini təqdim etdiyinə dair xəbərlər yayılır. Məlumata görə, bir neçə köməkçi Zelenskini Trampla qarşıdurmadan qaçmaq üçün yenilənmiş təklifi imzalamağa çağırıb.

Son günlər Zelenskinin Trampın layihələrini imzalamaqdan, belə qərarlarla razılaşmaqdan çəkindiyi müşahidə olunur. Bir neçə gün öncə ABŞ-ın maliyyə naziri Skott Besant ABŞ-a özünün nadir metal minerallarına çıxış imkanı verən razılaşma imzalamaq üçün Ukraynaya getdiyi, lakin Volodimir Zelenskinin bu görüşə gəlmədiyi, nəticədə sözügedən razılaşmanın imzalanmadığı ilə bağlı da informasiyalar verilmişdi. Bu da özlüyündə bəzi suallar yaradır.

Zelenski ABŞ-la razılaşmaqdan niyə yayınır?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Zelenskinin ilkin təklifi rədd etməsinin və ABŞ administrasiyasının təqdim etdiyi “təkmilləşdirilmiş” mədən hasilatı müqaviləsinə ehtiyatla yanaşmasının bir neçə səbəbi ola bilər:

“Milli Təhlükəsizlik və suverenlik aspektindən baxsaq, Zelenski Ukraynanın milli təhlükəsizliyini və suverenliyini qorumaq istəyə bilər. Mədən hasilatı müqaviləsi Ukraynanın təbii ehtiyatları üzərində nəzarəti itirməsi ilə nəticələnə bilər. Bu isə xüsusilə də Ukraynanın strateji əhəmiyyətli resursları üçün həssas bir məsələdir.

Siyasi risk baxımından, Zelenski Tramp administrasiyası ilə müqavilə imzalamaqdan çəkinir, çünki bunun, Ukraynanın daxili siyasətində və beynəlxalq münasibətlərində müəyyən risklər yaradacağını düşünür. Tramp administrasiyası ilə yaxın əməkdaşlıq Zelenskini digər beynəlxalq tərəfdaşlar, xüsusilə də Avropa İttifaqı (Aİ) və NATO qarşısında çətin vəziyyətə sala bilər. Məsələn, Zelenskinin Türkiyə səfərini və ya Fransanın son zamanlar verdiyi bəyanatları xatırlayaq.

Burada korrupsiya və şəffaflıq məsələsi də yer alır ki, Zelenski korrupsiya ilə mübarizəni öz siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edib. Mədən hasilatı kimi böyük miqyaslı müqavilələr korrupsiya riskini artıra bilər. Zelenski belə müqavilələrin şəffaf və açıq şəkildə həyata keçirilməsini təmin etmək istəyir”.

Politoloqun sözlərinə görə, ən əsas məsələlərdən biri isə daxildəki müxalifət fraksiyasıdır:

“Zelenski daxildən gələ biləcək siyasi təzyiqləri nəzərə alır. Müqavilənin imzalanması daxili siyasi müxalifət tərəfindən tənqid edilə və bu onun siyasi mövqeyini zəiflədə bilər. Bu həssas məqamda isə sözügedən amil Zelenskinin siyasi maraqlarını təmin etmir.

Ümumi baş verən prosesləri dəyərləndirəndə bu qənaətə gəlmək olar ki, Ukraynanın milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq siyasi dinamikanı da nəzərə alınmalıdır. Zelenskinin siyasi proseslərə bu cür həssas və ehtiyatlı yanaşması onun milli təhlükəsizlik və suverenlik məsələlərində diqqətli olmasını göstərir. Eyni zamanda, bu cür müqavilələrin şəffaf və açıq şəkildə həyata keçirilməsi korrupsiya ilə mübarizə və daxili siyasi sabitlik üçün vacibdir. Beynəlxalq münasibətlər baxımından isə Zelenski müxtəlif tərəfdaşlar arasında balansı qorumağa çalışır ki, bu da Ukraynanın strateji maraqlarına uyğundur. Ümumilikdə, bu proses Ukraynanın müstəqil siyasətini və milli maraqlarını qorumaq istəyinin bir göstəricisidir. Zelenskinin qərarları onun daxili və xarici siyasətdə diqqətli və balanslı yanaşmasını əks etdirir”.

Geri qayıt