Əsas Səhifə > Güney Press > "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"Bu gün, 13:58 |
![]() “Bu gün su çərşənbəsidir. Xeyirli-uğurlu olsun. Hamımızda bir təəssürat var ki, artıq qışdan yaza keçid edirik. Çərşənbələr bundan xəbər verir ki, yazımız, Novruzumuz gəlir. Əhvalımız gözəlləşir, qış yuxusundan, qışın soyuğundan istiyə doğru can atırıq. Yadıma gəlir, Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik. Öncədən səməni hazırlayıb su çərşənbəsində süfrəyə qoyardıq. Az göyərsə də mütləq səməni süfrədə olmalı idi. Anam plov hazırlayardı ki, süfrəmiz boş olmasın, ilk çərşənbədir” Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova deyib. O daha sonra çərşənbələrin adətlərindən danışıb: “Əsas ilaxır-torpaq çərşənbəsini təntənəli qeyd edərdik. Hamı yığışardı süfrə başına, səməni halvası hazırlanardı. Bəzi yerlərdə səməni bərk formada olsa da, bizdə duru bişərdi. Bu insan orqanizminə çox xeyirlidir. Kənddə ocaqlar qalanardı, hamı yığışardı, hamı birləşərdi, bir yerdə onu hazırlayırdılar. Bunlar mənim üçün o qədər şirin xatirələrdir ki.. Çölə çıxanda bilirdik ki, bizim məhəllədə səməni bişirilib. Nənəm hər çərşənbəyə səməni bişirərdi. İndi zaman dəyişib, kənddə bişirib bizə göndərirlər. Yalan deyərəm, şəhərdə bişirməmişik. Övladlarımız üçün bilmirik nə dərəcədə maraqlıdır ya maraqlı deyil? Amma biz hələ də o illəri xatırlayırıq. Şirin xatirələrdir” deyə sənətkar bildirib. Gülyanaq Məmmədova bildirib ki, bayram günlərini nadir hallarda evdə ailəsi ilə birlikdə qeyd edir: “Axşam yarım saatlıq tədbirim var, amma gündüzdən axşam üçün nə lazımdırsa hazırlayıb qoyacam. Ümumiyyətlə evimdə, ailəmin başında olduğum gün xoşbəxt oluram. Evdə çox az olan insanam. Hava şəraitinə görə dərslərimiz də, tədbirlərimiz də təxirə salındı. Bizim gündəlik işimiz efir, səsyazmalar, tədbir və dərslərimizdir. Təki xalqımıza Allah toy, şad gün nəsib etsin. Amma toylar da əvvəlki kimi deyil. Bayramlarda da evdə olmuruq. Hamı evdə olanda biz hamını şənləndiririk, onlara sevinc bəxş edirik” deyə sənətkar bildirib. Geri qayıt |