Əsas Səhifə > Güney Press > İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir

İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir


1-03-2025, 19:00
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir
Məlum olduğu kimi İran parlamentinin plenar iclasında qeyri-fars xalqların dil və ədəbiyyatlarının məktəblərdə tədrisinə icazə verən qanun layihəsi qəbul olunmayıb. Layihəyə əsasən, məktəblərdə ana dilində ədəbiyyat fənninə iki saat həsr olunmalı idi. Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın seçkiqabağı təbliğat kampaniyasının əsas vədlərindən biri 15-ci maddənin icrası, qeyri-fars dillərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması idi. Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bu istiqamətdə təzyiqlər artıb. Bundan əvvəl prezident Tehranda Azərbaycan mədəniyyəti həftəsində çıxışı zamanı Azərbaycan türkcəsində “Heydərbabaya salam” poemasından iki bənd söyləmişdi. Bu zaman onun çıxışını kəsərək farsca danışması tələb olunmuşdu. Məlumata görə, parlamentin Təhsil və Araşdırma Komissiyasının nümayəndəsi Ehsan Əmirad ölkə məktəblərində etnik və yerli dillərdə ədəbiyyatın tədrisi layihəsi ilə bağlı bunları deyib: “Konstitusiyanın 15-ci maddəsində ölkənin rəsmi dili fars dilidir. Bütün rəsmi mətnlərimiz, dərsliklərimiz farscaya əsaslanmalıdır. Konstitusiyanın 15-ci maddəsində deyilir ki, məktəblərdə fars dili ilə yanaşı, etnik və yerli dillərdə ədəbiyyatın tədrisi pulsuzdur. Bu o deməkdir ki, bu plan Konstitusiyanın 15-ci maddəsinə tam uyğundur və hətta onun tələblərindən biri də ola bilər”. Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munad deyib ki, İranda əhalinin 60 faizi türkcə danışır və bu dil danışanların sayına görə dünyada üçüncü yeri tutur: "İranın qonşuları olan Türkmənistan, Azərbaycan və Türkiyənin rəsmi dövlət dilidir. Bu dil mədəni ünsiyyət, əlaqələr sahəsində İran üçün bir fürsət ola bilər". O, İranda danışılan 84 yerli dilin 40-nın sıradan çıxdığına diqqət çəkərək, qeyri-fars dillərin qorunub saxlanılması üçün onların tədrisinin və inkişaf etdirilməsinin vacibliyini bildirib. Munadi vurğulayıb ki, Prezident Pezeşkianın da təkidi ilə layihədə bir sıra cüzi dəyişikliklər edilərək, yenidən parlamentə göndəriləcək.

Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, yüz ildir İran adlanan ölkəni farslar, qeyri-türklər idarə edirlər. Alim vurğulayıb ki, 1925-ci ilədək, yəni min il ərzində İran adlı yerdə türk möhrü olub:

"İranı uzun müddət türklər idarə edib. Ancaq 1925-ci ildən 2025-ci ilə qədərki İranda qeyri-türklər hakimiyyəti ələ keçiriblər. Onlar bu müddət ərzində həm türklərə, həm bəluclara, ərəblərə qarşı amansız siyasət yürüdüblər. Rejimin təzyiqlərindən ən çox zülm görən isə şübhəsiz ki, Azərbaycan türkləri olub. 54 il ərzində Pəhləvi rejimi qeyri-farslara qarşı çox acımasız bir siyasət yürütmüşdü. Ona görə də ümid edilirdi ki, İran islam rejiminin dövründə vəziyyət dəyişəcəkdi. Ən azı islam adından çıxış etdiyini iddia edən indiki fars-molla rejiminin bu vəziyyəti dəyişəcəyi ümid edilirdi. Ancaq heç nə dəyişmədi. Aşağı-yuxarı türklər və qeyri-farslar öz dillərinə, mədəniyyətlərinə, ədəbiyyatlarına uzaq qaldılar".

F.Ələkbərli vurğulayıb ki, sonuncu prezident seçkisində türk əsilli şəxsin ölkə başçısı seçilməsi və vədləri müəyyən ümidlər yaratdı:
"Amma gördüyünüz kimi bu ümidlər də özünü doğrultmadı. Bu da onu göstərir ki, türk əsilli Məsud Pezeşkian İran adlı ölkənin prezidenti olsa da, İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir. Hətta bunu bir İran faşizmi də adlandırmaq olar. Pezeşkianın belə türkcə danışığına dözmürlər, qıcıqlanırlar. Ona görə də indiki rejimdən müsbət addım gözləmək əbəsdir. Yüz illik siyasət dəyişməyib. İran faşizmindən qurtulmağın yeganə yolu hakimiyyət dəyişikliyidir. Başqa çarə görünmür".

Geri qayıt