Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sərhəddəki “casus”ların fevral hazırlığı
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhəddəki “casus”ların fevral hazırlığı

Sərhəddəki “casus”ların fevral hazırlığı


Bu gün, 08:34
Sərhəddəki “casus”ların fevral hazırlığı
“Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Avropa Birliyinin “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib. Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan Aİ missiyasının mandatını uzatmaq niyyətindədir.

Belə ki, Simonyan baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək. Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.

“Moskvanın Ermənistandakı Avropa Birliyinin (AB) missiyasına münasibəti mənfidir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Zaxarova vurğulayıb ki, AB missiyası Cənubi Qafqaz regionuna yad cisimdir: “Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər AB missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”

Göründüyü kimi, İrəvan Bakının tələbi ilə tanışdır, amma buna məhəl qoymadan avropalı “revizor”ların qalma müddətini uzatmaqda maraqlıdır. Çünki bu qərar təkcə Ermənistandan asılı deyil, Qərb özü də regionda möhkəmlənməkdə istəklidir. Halbuki Rusiyanın da bu məsələyə münasibəti Ermənistana aydındır, amma yenə də bu casus şəbəkəsi işini genişləndirir. Yeri gəlmişkən, Rusiyanın baş diplomatı Sergey Lavrov da demişdi ki, AB-nin missiyasının nə işlə məşğul olduğunu bilirik. Bununla Qərbin bölgədə kəşfiyyat xarakterli fəaliyyətinə eyham vurmuşdu.

Siyasi ekspert Fuad Əliyev “Yeni Müsavat”a qeyd etdi ki, avropalı müşahidəçilərin bölgədən çıxarılması tələbini sərtləşdirməliyik. Onun sözlərinə görə, Ermənistanın bu addımlarına Rusiyanın yalnız bəyanatla cavab verməsi yetərli sayılmır: “Bunun ardınca amerikalılar da gəlməkdədir. Fakt budur ki, Ermənistan özünü icarəyə çıxarıb. Ölkə öz sərhədlərini qorumaq iqtidarında deyil, başqa qüvvələrə arxalanır. Bu da Ermənistanın müstəqil dövlət olmadığını sübut etməkdədir. Özünə hörmət edən heç bir dövlət ərazisini belə poliqona çevirməz. Hazırda Rusiya, Avropa və Amerika bu ölkəyə yerləşib. Ancaq Ermənistan hakimiyyəti bu addımlarını məntiqli izah edə bilmir”. Ekspert vurğuladı ki, bu missiyanın tərkibində Kanada belə varsa, deməli, AB yox, NATO sərhəddə yerləşdirilib: “Simonyanın açıqlaması Paşinyanın sözlərindən seçilmir. Gələn ay AB-nin bölgədə qalma müddəti də uzadılacaq, tərkibi də genişlənəcək. Onların sayının 1500 nəfərə çatdırıldığı bildirilir. Bu addımlar Cənubi Qafqazda sabitliyi poza bilər. Rusiya bu mənzərədən məmnun deyil və rəqiblərinin ona müttəfiq olan ölkəyə sahiblənmək cəhdləri gərginliyi artırır. O səbəbdən vəziyyətin qeyri-stabil olacağı istisna edilmir. Bu şəraitin hərbi eskalasiya həddinə çatmasını gözləmirəm, amma bölgədə sülhə əngəl olmaqdadır”. F.Əliyev Azərbaycanın AB qarşısında məsələ qaldırmasını vacib hesab edir: “Avropa Birliyi bizimlə tərəfdaşlığı olan qurumdursa, izahat verməlidir. Biz birliyə üzv olan 9 ölkə ilə tərəfdaşıq. Onlardan biri Polşadır. Amma prezidenti Duda sərhədimizi "binokl"la müşahidə edirdi. Ona görə də mövqeyimizi bildirməliyik və Ermənistana təzyiqləri artırmalıyıq".

Qeyd edək ki, Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Ancaq təsisatın formalaşması ilə bağlı qərar əvvəl - həmin ilin oktyabrında verilmişdi. Daha doğrusu, söhbət qərardan yox, razılıqdan getmişdi. Belə ki, oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Həmin görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi. Missiya məhz Makronun təşəbbüsü idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi. Rəsmi Bakı hələ lap əvvəldən müşahidəçilərin mövcudluğunu qəbul etməmiş, onların fəaliyyətinə lüzumsuz yanaşmışdı. Çünki bu təcrübənin heç bir fayda verməyəcəyi məlum idi. Nəzərə alaq ki, işğal illərində ATƏT-in monitorinq qrupu deyilən təsisat fəaliyyət göstərmişdi. Qurum guya qoşunların təmas xəttində atəşkəsin qorunmasına nəzarət edəcəkdi. ATƏT-in Minsk Qrupu kimi, bu təsisat da işğalın leqallaşdırılmasına çalışmışdı.

Azərbaycanın 2022-ci ildə Aİ-nin missiyasına açıq etirazının olmamasına gəlincə, bunun üçün mexanizm istisna idi. Onsuz da Fransa və Ermənistan sövdələşmişdilər və hər bir halda, Aİ-nin missiyası Cənubi Qafqaza gələcəkdi. O da məlumdur ki, Aİ-nin müşahidəçilərinin tərkibi pensiyada olan alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən ibarətdir. Yəni onlar, faktiki olaraq, təcrübəli hərbçilərdir. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos isə bir müddət əvvəl Azərbaycanın Aİ-yə qarşı ittihamlarına cavab verərkən demişdi ki, təşkilatın sözügedən missiyası yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür. “Əla iş”in nə demək olduğu məlum deyil. Hər halda, şərti sərhəd zolağı boyu pikap avtomobillərlə yol gedib-gəlmək iş sayıla bilməz.

Geri qayıt