Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..."
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..."

"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..."


Dünən, 16:18
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..."
"DİA-AZ" Milli Məclisin deputatı Səyyad Salahlının (Aran) TNS-ə müsahibəsini təqdim edir:

- YAP-ın qurucularından və təsis qurultayında seçilmiş ilk 51 nəfərlik Siyasi Şurasının üzvlərindən birisiniz. Azərbaycanın ən ağır bir dönəmində ölkəni bu durumdan çıxarmaq üçün Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşmək, aktiv siyasətdə yer almaq heç də asan deyildi. Bu proseslərə necə qoşuldunuz?

- Əvvəla onu deyim ki, bütün imperiyaların sonu qanla bitir. Çox təəssüf ki, bunu bir sıra dövlət və imperiya yönəticiləri anlamadılar, sonda tarixin zibilliyinə qovuşdular. Zibillikdəki əşyalar hansı qiymətdə, mahiyyətdədirsə, imperiyanı davam etdirənlər o cür aqibətlə üzləşdi. Amma bunu heç bir imperiya başa düşmək istəmir, məntiqi anlaya bilmir. Sovet imperiyası da 80-ci illərin sonlarına yaxın çöküşə başladı. Bunun ilk simptomları görünəndə sovet rəhbərliyi nəyin bahasına olursa olsun, hərəkatı dayandırmaq istədi, müəyyən cəza tədbirləri həyata keçirdi. Bunun ilki Almatı hadisələri oldu, daha sonra Tbilisi, Vilnus, Bakı hadisələri. Anlaya bilmədilər, tarixin təkərini geri çəkməyə çalışdılar. Amma aydın məsələdir ki, tarixin təkəri həmişə irəli hərəkət edir. Ayrı-ayrı ölkələrdə, sözün əsl mənasında, milli azadlıq hərəkatı başladı, xalqların müstəqillik arzuları cücərdi. Xalqlar nəyin bahasına olursa olsun, keçmiş SSRİ – sovet imperiyası buxovlarından azad olmaq istəyirdi, o cümlədən Azərbaycan xalqı. Amma dediyim kimi, bunu sakitliklə, həyatın dinamikasına uyğun tövrdə həyata keçirməyə imkan vermədilr. 88-ci ildən artıq Bakıda, əyalətlərdə milli azadlıq hərəkatının ilk rüşeymləri formalaşmağa başladı. Dediyimiz məşhur xalq hərəkatı gündəmə gəldi. Mən o zaman İmişlidə yaşayır və işləyirdim. Bu hadisələrdə iştirak edirdim, amma aktiv şəkildə yox. Bir ziyalı kimi xalqımın, millətimin azad olmasını, suveren hüquqlarının tanınmasını arzulayırdım. Bunu bir ziyalı kimi bəyan edirdim. Sadəcə, hadisələri müşahidə edirdim.

1989-cu ildə Lənkəran Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü, əslən İmişlidən olan Vaqif Abışov yanıma gəldi, mənə Xalq Cəbhəsinə üzv olmağı və rayon təşkilatına rəhbərlıik etməyi təklif etdi. O zaman mən orta məktəbdə direktor müavini, rayonda tanınmış müəllim idim. Vaqif Abışov mənim xalq hərəkatına rəğbətimi, azadlıq, Azərbaycanın müstəqil olmasını arzuladığımı öyrənmişdi. Kimdənsə soruşmuşdu, mənim adımı vermişdirlər. İndiyədək adımı kimin dediyini bilmirəm. Bu müsahibə yayılandan sonra bəlkə Vaqif də görər, reaksiya verər, həqiqəti deyər. Ona bu barədə düşünəcəyimi bildirdim. O da bir həftə sonra gələcəyini dedi. Dediyi vaxtda da təkrar gəldi. O, gələnə qədər mən məktəbin direktoru və şöbə müdirinə bu barədə danışdım. Mənə “Öz işinlə məşğul ol, tanınmış müəllimsən, savadlı oğlansan, belə şələ-şül işlərə qoşulma”, - dedilər. Gördüm ki, direktor da, şöbə müdiri də razı deyillər. Mən də artıq qərarımı verdim. O, ikinci dəfə gələndə mədəni şəkildə istəmədiyimi dedim, təklifini qəbul etmədim. O, üçüncü dəfə də gəldi. Mən yenə nəzakətli şəkildə istəmədiyimi bildirdim.

Görürdüm ki, Xalq Cəbhəsinin nümayəndələri Səməd Vurğun parkında yığışırlar. Mən də o mitinqlərdə iştirak edirdim, camaatın içində olurdum, amma tribunadan çıxış etmirdim.

1988-ci ildə İmişli Rayon İcra Hakimiyyətinə yeni başçı gəldi - çox parlaq ziyalı, zamanın dövlət adamı Zərdə xanım Rüstəmova. Artıq xalq hərəkatı da güclənmişdi. İcra Hakimiyyəti və digər dövlət qurumları bu hadisələrə münasibət bildirirdilər. O zaman rayon partiya komitəsinin sədri də bu mitinqlərə istiqamət verirdi. Mitinqlərin əsas məzmunu erməni vandalizminə, onların Azərbaycana qarşı həyasız torpaq iddiaları və sair məsələlərə münasibət bildirmək idi. Bu tədbirlərə qatılırdım. Zərdə xanım istəyirdi ki, ziyalı kimi mən də bu tədbirlərdə iştirak edim.

Yeri gəlmişkən, Zərdə xanım 90-cı ilin əvvəlində rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə mənim namizədliyimi irəli sürdü. O vaxtkı təhsil naziri Rafiq Babaşoviç Feyzullayev idi. Bakıya gəlib onunla görüşdüm, rayona qayıtdım. O vaxt da hər yerdə mitinqlər gedirdi. Mən həm ziyalı, həm də Təhsil Şöbəsinin müdiri kimi İcra Hakimiyyətinin təşkil etdiyi mitinqlərdə iştirak və çıxış edirdim. Beləliklə, mən də xalq hərəkatına qoşuldum.

Amma rayondakı fəaliyyətim uzun çəkmədi. Yanvarın 8-də Təhsil Şöbəsinin müdiri kimi işə başladım, yanvarın 15-də Zərdə xanım guya öz ərizəsi ilə vəzifəsindən ayrıldı və mənə hücumlar başladı. Guya bu vəzifəyə təyin olunmağım üçün kollektivin rəyi olmalıdır, məni kollektiv seçməlidir. Təbii ki, yeni gələn rəhbərlik məni qəbul etmədi. Müəllimlərin avqust müşavirəsindən əvvəl məni vəzifədən çıxardılar və Bakıya gəldim. “Səs” qəzetində işə düzəldim. O zaman Ağabəy Əgərov qəzetin baş redaktorunun birinci müavini idi. Mən isə Aərbaycan şöbəsinin müdiri oldum. Redaktorumuz rəhmətlik Aydın Səlimzadə idi. Orada işləyərkən artıq milli hərəkata qoşuldum. Təbii ki, Heydər Əliyevin xəttini müdafiə edən, o zamankı “Əlincə” cəmiyyətində birləşən insanlarla yaxın oldum. Cəmiyyətdə sonradan Azərbaycanda tanınan insanlar iştirak edirdi. Murtuz Ələsgərov, Səfiyar Musayev, Ağabəy Əsgərov, Şahlar Əsgərov, Əli Nağıyev, Sirus Təbrizli, Ziya Bünyadov, Fərəməz Maqsudov (sədr), Asya Manaflı, Vüqar Rəhimzadə, Zakir Qaralov, Hacıbala Abutalıbov, Rizvan Vahabov, başqaları...

Bəzi adlar yadımdan çıxıb. Həmin insanların əməyi danılmazdır. Onlar sonradan YAP-ın yaradıcıları oldu. Azərbaycanın tanınmış ziyalıları idi. Bu insanların hamısı Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün fəaliyyət göstərirdi. Hətta Ziya Bünyadov Heydər Əliyev və o zamankı Xalq Cəbhəsinin nümayəndələrinin də təmsil olunduğu Dövlət Şurasının yaradılması təklifini irəli sürdü. Amma bu təklif Xalq Cəbhəsi tərəfindən yaxşı qarşılanmadı. Sonra məlum 20 yanvar hadisələri oldu, Xalq Cəbhəsi böyük zərbə aldı. Rus-sovet qoşunları xalqın gələcəyə olan inamını sarsıtdı. Fövqəladə vəziyyət elan edildi.

Bir müddət sonra Naxçıvana gediş-gəlişlər oldu. Naxçıvana ən çox gedənlərdən biri də mən idim. Həm də ona görə ki, oradan yazılar hazırlayırdım. Mənim o zamankı məqalələrimin adları belə idi: “Naxçıvan: ögey övlad?”, “Naxçıvan qış sessiyası ərəfəsində” – burada sessiya əslində imtahan mənasındadır, yəni, pedoqoqiya terminidir. “Günəşli diyarın soyuq günləri” – çünki orada sərt qışa baxmayaraq, isinmək üçün heç bir yanacaq tapılmırdı.

1992-ci il noyabrın 21-də bizim təsis qurultayımız Naxçıvandakı Cəlil Məmmədquluzadə adına Dram Teatrda keçirildi. Naxçıvandan, Bakıdan, müxtəlif rayonlardan 550 nəfərə yaxın nümayəndə iştirak edirdi. Mil-Muğan-Aran zonasını mən təmsil edirdim, Zaqatala-Balakən zonasını Nəzir Əhmədov, Cənub zonasını Şirvan Əbilov, Qarabağı Tofiq Vəliyev, Quba-Qusarı Asya Manafova. Elə bir soyuq idi ki, insanı iliyinə qədər dondururdu. Zalda heç bir qızdırıcı yox idi, işıqsa közərirdi. Hamımız salonda papaqda, paltoda oturmuşduq, bir-birimizə sıxılaraq, bir-birimizdən istilik alırdıq. Heydər Əliyev - o dahi insan səhnənin ortasında oturmuşdu. Əynində qara kostyum, ağ köynək, qalstuk vardı. Qalın paltar geyinməmişdi. İki tərəfdən yelçəkər vardı. Bəylər Eyyubov cəhd elədi ki, çiyninə palto atsın. Əli ilə işarə etdi, Bəylər müəllim geri qayıtdı. Bir dəfə də səhnəni işıqlandıran projektoru yaxına çəkmək istədi ki, heç olmasa, Ulu Öndərin ayaqlarına istilik vursun. Yenə də əli ilə işarə verdi ki, geri qaytarsın. Yalnız əllərini ovuşdururdu ki, qan dövranı normal işləsin. O vəziyyətdə 5 saat çıxış etdi, proqramı açıqladı, bizim vəzifələrimizi başa saldı.

- Soyuq nitqinə yəqin ki, təsir etmədi...

- Qətiyyən, belə bir şey olmadı. Onun xarakteri idi ki, başladığı işi yarımçıq qoymasın. O qədər gözəl və aydın danışırdı ki, biz heyran olurduq. Axşam saat 7-də başlayan iclas gecə 12-də qurtardı. Siyasi Şuranın yeni seçilən 51 üzvü Naxçıvan Ali Məclisinə dəvət olundu. Siyasi Şuranın ilk iclası keçirildi və 11 nəfərdən ibarət İdarə Heyəti seçildi. Hamımız islanmışdıq, suyun içərisindəydik. Gəldik, Ali Məclisdə də heç bir qızdırıcı yox idi. Yaş paltarlarımızı stulların başına sərdik ki, heç olmasa, suyu çəkilsin. Siyasi Şuranın iclası hardasa 2 saatadək davam etdi. Sonra biz qaldığımız “Naxçıvan” otelinə və qonaq evinə yollandıq. Orada da otaqlar qızdırılmırdı.

Amma o qədər sevincli, qürurlu idik ki, heç bir soyuq bizə təsir etmirdi. Bizdə hədsiz dərəcədə ruh yüksəkliyi vardı, hamımız sevinirdik ki, Yeni Azərbaycan Partiyasını qurmuşuq. Böyük bir partiyanın yaranmasında iştirak etmişik. Tarixi bir vəzifə yerinə yetirmişik.

Yəni, proseslərə belə qoşuldum.

Bizə o vaxt Bakıda təsis konfransını keçirməyə imkan vermədilər, məcbur olub, Naxçıvana getdik.

Ondan əvvəl də körpü açılanda getmişdik. Siruz Təbrizli, Ağabəy Əsgərov, Əli Nağıyev, Fərəməz Maqsud, Rizvan Vahabov, başqaları da vardı, təəssüf ki, unutmuşam.

Naxçıvana ikinci dəfə mən Fikrət İsmayılov, akademik Nadir Seyidov, Məzdək Hüseynovla birlikdə getmişdik. 1992-ci ilin yayında. Hələ təsis qurultayımız olmamışdı. Müəyyən yardım aparmışdıq. Şərura, Sədərəyə getdik, yerli sakinlərlə görüşdük, apardıqlarımızı təhvil verdik.

Orada maraqlı bir hadisə oldu. Biz səhər saatlarında Naxçıvana çatanda Ali Məclisə getdik. Orada Heydər Əliyevlə görüşəndə “Heydər bəy, mən sizdən müsahibə almaq istəyirəm”, dedim. O zaman müraciət forması belə idi. Oturduğu stolun siyirməsini çəkdi, qeydlərə baxdı, “hə, var belə bir şey. İşin axırında gələrsən”, - cavabını verdi. “Baş üstə”, - deyib, çıxdım. Axşam saat 17.30-da gəldim Ali Məclisə. Qəbulda o qədər adam vardı ki, saysız-hesabsız. 23 il Ukraynada həbsxanada yatan dissident Çernavil də orda idi, qızı ilə gəlmişdi. Fikirləşdim ki, saat 6-da iş bitir, adamlar qəbula girir, çıxır. Yaxınlaşdım, köməkçisi olan Ramizə (Ramiz Məmmədov – Ali Məclisin hazırki deputatı-red.). Ramiz uzun illər Ali Məclis sədrinin köməkçisi oldu.

Köməkçiyə sadəlöhvcəsinə “mən gəlmişəm, Heydər bəylə müsahibəmiz olacaq”, - dedim. Cavab verdi ki, siz tezdən gələn heyətdə deyildiniz? “Bəli, jurnalistəm, Səyyad Aran. Heydər bəydən müsahibə almalıyam”, - deyə bildirdim.

O da qeydlərə baxdı, dedi ki, var elə bir şey. Ona “Heydər bəy mənə dedi ki, işin axırında gəlim. İndi də saat 6-ya qalır. Birdən mənim məsuliyyətsiz olduğumu düşünər. Fikirləşər ki, işin axırıdır, bu hələ gəlib çıxmayıb”, - deyəndə təəccüblə üzümə baxıdı:

- Nə? Nə? Nə dedin?

Düşündüm ki, qəribə adamlar var. Ona belə cavab verdim:

- Mənə deyib ki, işin axırında gələrsən. İndi də işin axırıdır, xəbər ver ki, mən gəlmişəm.

Bu sözümdən sonra adam necə güldüsə, heyrətə gəldim. O, özünü saxlaya bilmədi, otaqdan çıxdı. Başqa bir otağa keçdi, orda da gülməyini saxlaya bilmirdi. Bu vaxt bir nəfər ona yaxınlaşdı, “nə var, nəyə gülürsən, dişlərini ağardırsan?” – dedi. “Bu müxbirin özündən soruş, deyəcək”, - cavabını verib, gülməyə davam etdi.

Həmin adam yaxınlaşanda mən dedim:

- Qəribə adamlar vareee... Heydər Əliyev mənə dedi ki, işin axırında gəlim. Gəlmişəm, Heydər Əliyevə deyin ki, “Səs” qəzetindən jurnalist gəlib. Saat 17.50-dir. Adım da həm sədrin, həm də köməkçinin dəftərində var. Sonra haqqımda pis düşünər axı...

Həmin adam da güldü, amma özünü tez ələ aldı.

“Bir dəqiqə yoldaş müxbir”, - deyib qolumdan tutdu. Sən demə, bu da Vasif Talıbov imiş, Heydər Əliyevin o vaxtkı köməkçisi. Məni 2-ci mərtəbədən 1-ci mərtəbəyə apardı. Bir nəfərə dedi ki, maşın çağırsınlar. Maşın gəldi, “Sən qonaq evinə get, saat gecə 12-dən sonra arxanca maşın gələcək. Minib gələrsən”, - deyib, məni yola saldı. Heyrətlə ona baxıram ki, bu nə danışır? Dedim, axı biz işin axırına danışmışıq. Bildirdi ki, onlar üçün işin axırı gecə saat 12-dən sonradır.

Məəttəl qalmışdım.

Sürücü qapını açıb, gözləyirdi. Axırda “otur da bə”, - deyib, məni maşına çağırdı.

Oturdum maşına, getdim qonaq evinə. Baxdım, yaxında stadion var, gedib bir az top oynadım. Gördüm, vaxt keçmir. Otağa qayıdıb, uzandım. Yuxu məni aparıb. Birdən səsə oyandım, kimsə “Said, Said” deyə qışqırır. Səsindən tanıdım, qonaq evinin müdiri Saşa idi. Cavab vermədim, amma gördüm səs yaxınlaşır. İçəri daxil oldu, “Niyə cavab vermirsən? Səni çağırmıram?” – dedi. Cavab verdim ki, mən Said deyiləm, həm də nə olub ki?

- Za tebya prexali

- Kto?

- Ya otkuda znayu? İdi, sam razberis.

Baxdım ki, məni gətirən sürücü gəlib. Sürücü məni görən kimi “gəl da bə”, - dedi. Hara gedəcəyimi soruşdum. “Səni hardan gətirmişəm?” – cavabını verdi.

Maşına minib, onunla Ali Məclisə getdik. Ramiz məni görən kimi yenə gülməyə başladı. Baxdım ki, yenə qəbulda xeyli adam var. Bu dəfə də - yəni saat 12-dən sonra icra başçılarını qəbul edirmiş. Təsəvvür edin, O necə işləyirdi? Ona görə Naxçıvanı saxladı. Cəmi 5-6 saat yatırdı. Gecə saat 3-də gedirdi, səhər saat 10 tamamda Ali Məclisdə olurdu, zəhmətkeşləri qəbul edirdi. Qəbulda nazirlər də olurdu. Həm onlara sözünü deyirdi, həm də tapşırırdı ki, gələnlərin problemlərini həll eləsinlər. O gecə mən qəbula girə bilmədim, saat 3-də dağılışdıq. Dedilər ki, sabah gəlim. Artıq təəccüblənmirdim. Heydər Əliyevin necə işlədiyini gördüm. Sürücü məni qonaq evinə apardı, tezdən çıxdıq, Naxçıvanı gəzdik, camaatla görüşdük, söhbətləşdik. Qonaq evinə qayıtdım, dedilər, sürücü arxamca gələcək, gecə saat 12-dən sonra.

İkinci gün gecə gedəndə yenə xeyli adam vardı. O müsahibənin adı belə oldu: “Qoşa çırağın işığında və ya 3-ə 8 dəqiqə işləmiş...”.

İçəri daxil olan kimi saatıma baxıb, vaxtı yazdım 02:08. Qoşa çıraq nə idi? Heydər Əliyev çıraq işığında işləyirdi. Otağında bir çıraq vardı. Köməkçisini çağırdı, “Ramiz, sən də öz çırağını gətir, jurnalistin yanına qoy”. O da gətirdi, geniş müsahibə oldu. “Səs” qəzetində 2 nömrədə verdik.

Mən sonra daha bir neçə dəfə Naxçıvana gedib-gəldim və 1992-ci il noyabrın 21-də təsis qurultayı keçirildi, Siyasi Şuranın üzvü seçildim. Bakıya dönəndə tapşırıqlarımız aydın idi. Başladıq Heydər Əliyevi və YAP-ı təbliğ eləməyə. YAP-ın yaranmasını dərhal Elmira Əmrahqızı “Azadlıq” radiosunda bəyan etdi. Elmira Axundova isə bu barədə Rusiya mətbuatına məqalə yazdı. Bax, mən proseslərə belə qoşuldum.

- Ulu Öndərin siyasi fəaliyyəti, gözlənilməz qərarları, cəsarətli çıxışları dünya miqyasında müzakirə mövzusu olub. Yəni, onun necə bir lider, dövlət adamı olması dünyada bilinir. Heydər Əliyev həm də bir məktəbdir. Siz bu məktəbdən keçmisiniz, Ulu Öndərin yaxınında olmusunuz. “Bu məktəbdən nə öyrənmisiniz?” sualına düşünmədən verəcəyiniz cavab nədir?

- Hər şey. Böyüyə-kiçiyə, dosta, partiya işinə, əqidə yoldaşlarına münasibət. Həyatda öz yerini tapmaq, öz yerində olmaq, əsl insan kimi necə formalaşmaq, necə danışmaq, insanı necə dinləmək... O, bizə klassik nümunələr göstərirdi. O qədər belə hadisələrin şahidi olmuşuq...

Müsəlmanın təmbəlliyi var axı. Mənə bir adam lazımdır ki, danışım, bir az səbrli olsun, hamısını yazsın...

Bədii əsərlərim qalıb, yaza bilmirəm, vaxt olmur.

YAP-ın Siyasi Şurasının ilk iclası idi. Bizi təbrik elədi, dedi ki, hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Hamı o dəqiqə xəyal qurmağa başladı. O dahi də pauza verib, bizi müşahidə edirdi. Düşünürdük ki, biz sadə insanlarıq, fikrimiz haralara getdi. Dedi ki, amma əvvəlcə insanlarla işləməyi öyrənmək lazımdır.

“Sən rəhbər şəxsən, bu, o demək deyil ki, hamıya yuxarıdan aşağı baxmalısan. Qəbulunuza adamlar gələcəklər. Onların müxtəlif problemləri olacaq. Bu problemlərin həlli üçün sizə müraciət edəcəklər. Siz rahat, yumşaq kreslolarınızda oturub, onların gəlişini gözləməyin. Dərhal ayağa qalxın, yaraşıqlı kabinetinizin heç olmasa, ortasına qədər gedin, onu qarşılayın. Onu yerinə oturdub, dərhal kreslonuza keçməyin, onunla üz-üzə oturun, dərhal çay gətizdirin. Əlinizi qəndə atmayın, billur vazadakı ən bahalı şokoladdan birini dişləyib, çay için, onu da çaya dəvət edin. Birinci siz için ki, qarşınızdakı sıxılmasın. Bəlkə o, bir aydır, şokolad yemir...

Nə deyəcəyini əvvəldən bilsəniz də, diqqətlə, səbrlə dinləyin. O bir az geniş danışacaq. Çünki elə bilir ki, ətraflı danışanda mətləbi daha aydın izah edəcək. Onun xahişini, şikayətini həll etmək səlahiyyətiniz, imkanınız xaricində olsa belə, sərt reaksiya verməyin. “Bu, mənim işim deyil”, - deməyin. Onu hörmətlə yola salın, kabinetdən çıxanda qapıya qədər ötürün. Köməkçinizə deyin ki, həmin adamı pilləkənlərdən düşürsün, binanın qarşısında gözləyəni varsa, ona təhvil versin. Desəniz ki, çıx özün get, bəlkə pilləkəndə yıxılacaq?

Yəqin ki, paltarı yaxşı olmayacaq, ayaqqabısında palçıq olacaq. Elə şeylərə baxmayın. Axı, o, vətəndaşdır, səni ümid yeri bilib, yanına gəlib”.

Biz bunları gördük, öyrəndik. Bir insan kimi formalaşdıq. İndi həmin məktəbdən keçmiş insanlardan biri qarşınızdadır. Düzdür, mənim elə də yüksək vəzifəm olmadı.

Bir dəfə dedi ki, Səyyad Aran, gedirsən, gəlirsən, diktafon işləyir, qeydlər edirsən, hələ ortaya bir şey çıxarmamısan. Dedim ki, istəyirəm, mükəmməl iş olsun. Dedi, olar, indi söz tapıb dedin.

- Uzun müddət aktiv siyasətlə məşğul olmusunuz. Sonra diplomatik missiyanı həyata keçirmisiniz. Bu səbəbdən partiyadan uzaqlaşmısınız. Bu, çətin olmadı ki?

- Çətin oldu. İlk ayları xüsusilə. Sonra öyrəşdim, o işə vuruldum. Orda da insanlara kömək edirdik. Əslən Qərbi Azərbaycandan olan xeyli insan, dərnək vardı, onlarla əlaqələrimizi qurmuşduq, əməkdaşlıq edirdik. Eyni zamanda İstanbulda xeyli azərbaycanlı tələbəmiz vardı. Onları çox məhəbbətlə qarşılayırdım. Onlardan Yusif həkim var, indi ABŞ-də işləyir. Hikmət həkim, Fərid həkim Bakıdadırlar. İlahiyyat İnstitutunda işləyən Anar Axundov vardı.

Hazırda NASA-da işləyən Teymur Sadıqov vardı, İstanbul Texniki Universitetindən məzun olub. Məktəb birincisi kimi məzun oldu, universitetin təşkil etdiyi məzuniyyət mərasimini o açdı. Rektora o söz verdi. Onun çiyninə Azərbaycan bayrağı atdım, hədiyyə verdim.

O, sonra ABŞ-yə getdi. Təsəvvür edin, ABŞ-də CV göndərdiyi 5 universitetin hamısından qəbul gəlmişdi.

Birinci kursu bitirəndə yanıma gəldi, mən komitədə birinci müavin idim. Soruşdum ki, nə ilə məşğulsan? Dedi, kosmosdan o tərəflə. Dedim, kosmosdan o yana nə var ki?

Güldü, dedi: “Çox şey var”.

UNO-ların həqiqətən mövcud olub-olmadığını soruşdum, dedi ki, var. O, bu dünyanın adamı deyil, həqiqətən göylərdə yaşayırdı.

Mənim köküm müəllim olduğu üçün dəstək verməyi sevirəm.

- Diplomatik fəaliyyətdən sonra siyasətə qayıtsanız da, məmur oldunuz. Bu da təbii olaraq, aktiv siyasətlə məşğul olmağa hardasa maneə yaradır. Məmurluqdan sonra yenidən aktiv siyasətə qayıtdınız. Aktiv siyasət, diplomatik missiya, məmurluq. Bunlardan hansı sizə daha doğmadır? Özünüzü harada daha rahat hiss edirsiniz?

- Deputatlıqda. Mənə ən yüksək vəzifə versələr də, işləyə bilmərəm. Çünki müəlliməm, deputat da müəllim kimi məsləhət verəndir, qanunlarda xalqın əleyhinə olan tərəfləri lehinə çevirməyə çalışan şəxsdir. Xalq adamıdır. Mən özümü belə görürəm. 12 il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləməyimin səbəbi həm də Mübariz Qurbanlı kimi təmiz və əxlaqlı adamla birlikdə çalışmağım olub. O qədər səbrli, təmkinli insandır ki...

Bir çox şeyi ondan öyrənmişəm, baxmayaraq, məndən 2 yaş kiçikdir.

Bizim rüşvət deyilən şey ağlımıza gəlməyib. Çünki biz YAP-ın şinelindən çıxmışıq. Amalımız dövlətə, millətə layiq olmaqdır.

- Sizin siyasi, elmi fəaliyyətinizlə yanaşı, yazar tərəfiniz də var. Mətbuatda daim yazılarla çıxış etmisiniz. “Səs” qəzetinin rəhbərliyində olmusunuz, hazırda “Cəmiyyət və din” nəşrinin baş redaktorusunuz. Siz həm də jurnalistsiniz. Maraqlıdır, sizin jurnalistika ilə məşğul olduğunuz dövrlə mətbuatın indiki vəziyyətini müqayisə edirsinizmi? Yaxşı və ya pis istiqamətdə nələr dəyişib? Dəyişən sadəcə, qələmdən klaviaturaya keçiddir, ya başqa yeniliklər də var? Ümumiyyətlə, məbuatımızın indiki durumu sizi qane edirmi?

- Etiraf edim ki, texniki baxımdan çox şey dəyişib. Biz əllə yazırdıq. Sanki əllə yazmaq daha doğma gəlir. Klaviatura sünidir məncə. Səsi də yorur adamı.

Reket jurnalistlər vardı, onların sayı ciddi azalıb. Cibinə jurnalist vəsiqəsi qoyan adamın ilk hədəfi müsahibə, açıqlama aldığı şəxsdən necə bəhrələnmək, şantaj yolu ilə talamaq idi. Biri mənə də rast gəldi. Dedim, get nə istəyirsən, elə. Deputat olan vaxtım idi.

Xeyli tanınmış imza var. Yaxşı qələm sahibləri rəsmi qurumlara getdi. Zaur Baxşəliyev mətbuatdan gəlib, aparıcılıq edir, düzdür, verilişi it gününə qoyub. Veriliş veriliş deyil.

Amma indi peşəkarlar daha çoxdur. Jurnalistikamız nisbətən Avropa ilə ayaqlaşa bilir.

Mən jurnalistlərlə həmişə dost olmuşam. Bir lətifə də qoşublar mənə.

Bir qadın mənə zəng edir. Mən soruşuram:

- Qızılgül sənsən?

- Yox!

- Sənəm sənsən?

- Yox!

- Gülşən sənsən?

- Yox!

- Bəs, kimdir?

- Evə gələndə bilərsən...

YAP-da olanda da jurnalistlər məni çox axtarırdı.

- Elə komitə sədrinin müavini olanda da ən çox axtardığımız məmurlardan idiniz...

- Elə idi. Amma sonra dediklərimi sensasiya xətrinə təhrif etdilər. Son bir il isə ümumiyyətlə, mətbuata çıxmadım. Deputat seçiləndən sonra da heç kimə açıqlama verməmişəm. İlk müsahibəm sizədir.

- 20 yanvar həftəsindəyik. Rusların 200 ildə başımıza gətirdiyi ən böyük faciələrdən birinin 35-ci ildönümüdür. Siz proseslərin içində olduğunuz üçün həm də o hadisələrin şahidi sayılırsınız. Məlumdur ki, qətliama hətta həyatına olan təhdidlərə baxmayaraq, ən sərt reaksiyanı Ulu Öndərimiz verib. Siz necə xatırlayırsınız? Əslində nə baş vermişdi? Şahidi olduqlarınız hadisələri qələmə alırsınızmı?

- Mənim “Qətl” hekayəm var. Gördüyüm hadisələri yazmışam. Rus imperiyası yaşadığı son günlərində belə dinc durmadı, qan tökdü. Azərbaycanda da xalq hərəkatı çox güclü idi. Düzdür, Qazaxıstanda, Gürcüstanda, Litvada da qansız olmadı. Amma ən çox insan bizdə qətlə yetirildi. İmperiya onsuz da çökürdü. Acığını da əsasən, Azərbaycandan çıxmaq istədi. Çünki bizə qarşı bir erməni-rus nifrəti vardı. Burada ermənilərin də rolu az deyildi. Daxildə də bir qarışıqlıq, başıpozuqluq vardı, camaata silah sözü verdilər, gətirmədilər. Sonra dedilər ki, rus ordusu heç nə etməyəcək, yalançı güllələrdir. Bu hadisə xalqımıza böyük zərbə oldu. Amma xalqımız milli oyanış baxımından böyük yüksəlişə keçdi. İndiki müvəfəqiyyətlərimizin kökü oradan gəlir. Xalq üçün katarsis rolunu oynadı – yəni içdən təmizlənmə.

Heydər Əliyevə gəlincə, Moskvada ona qarşı sui-qəsd ola bilərdi. Amma onun Rusiyada nüfuzu çox yüksək idi. Digər tərəfdən Qorbaçov Azərbaycana qoşun yeritməklə özünü rəzil duruma saldı, hətta Moskvada rus ziyalılar arasında ona qarşı etiraz edənlər çox idi. Bu baxımdan o, Heydər Əliyevi aradan götürməyə qorxdu. Təbii, Heydər Əliyev gördü ki, orda qalmaq olmaz. Vətən onu çağırır. O da Vətəninə xidmət etməyə gəldi. Biz boş yerə demirik ki, xalq Heydər Əliyevi çağırdı. Heydər Əliyevin yanına nə qədər insan getdi, xalqın istəyini çatdırdı.

4 iyun hadisələri isə Heydər Əliyevin Bakıya gəlişini labüd etdi. Heydər Əliyev gəldi, xalqı xilas etdi. Onu qarşılayan adamların şüarları belə idi: “Heydər bəy, bu xalqı xilas edin!”

Azərbaycana Heydər Əliyev rəhbərlik etməsəydi, bizim ölkəmizin kökü möhkəm olmazdı.

-Müsahibə üçün sağ olun.

Geri qayıt