Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı

“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı


Dünən, 09:58
“Kəsilmək” sırası plastik cərrahların özünə çatdı
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Bəs estetik cərrahlarla bağlı aparılan tədbirlərdən sonra estetik əməliyyatların qiyməti arta bilərmi?

Bu arada xatırladaq ki, bir neçə gün əvvəl Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrah Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılıb və o həbs edilib. İstintaqın məlumatına görə, Nəzrin Mansurlu yanvarın 3-də Bakının Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” klinikasında Sənan Mehdiyev tərəfindən icra edilmiş rinoplastika əməliyyatından sonra vəziyyəti kəskin şəkildə ağırlaşıb və həmin klinikada vəfat edib.

Həkimin həbsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İctimaiyyətin əksər nümayəndələri peşəkar cərrah olan Sənan Mehdiyevin həbsini pisləyir və onun ən azından ev dustaqlığına buraxılmasını tələb edirlər.

Tibb elmləri doktoru, cərrah professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, həkimlərə müxtəlif ölkələrdə fərqli müddətlərə - məsələn, 3 il, 5 il və ya 7 il lisensiya verilir: “Həkim yalnız bu lisensiyaya sahib olduqdan sonra həmin sahədə işləmək hüququ qazanır. Hətta sadə bir iynə vurmaq belə yalnız lisensiya əsasında mümkün ola bilər. Bu cür sistem tətbiq edildikdə, hazırda mövcud olan problemlər - reklamlar, məsuliyyətsizliklər və digər mənfi halların qarşısı alınacaq. Hər kəs yalnız öz işi ilə məşğul olacaq.

Ancaq bu yoxlamalar təkcə plastik cərrahiyyə ilə məhdudlaşmamalıdır. Digər sahələr də diqqətlə nəzərdən keçirilməlidir. Çünki bir çox insan ixtisasını dəyişir, bir sahədən başqa sahəyə keçir və uyğunluq yoxlanmadıqda ciddi problemlər ortaya çıxır. Mən hesab edirəm ki, bu məsələləri həll etmək üçün həbslərə və ya ağır hüquqi təqib tədbirlərinə üstünlük verməkdənsə, qanunvericilik çərçivəsində düzgün və şəffaf mexanizmlər tətbiq olunmalıdır. Bu yolla problemlər çox daha asan və səmərəli şəkildə həll edilə bilər".

Mama-ginekoloq Rəşad Sultan isə qeyd edib ki, məhkəmə qərarı olmadan həkimin həbs edilməsini doğru hesab etmir: “Doğrudur, bunun qərarını verəcək biz deyilik. Yenə də hüquq orqanları öz prosedurlarına əsasən öz işlərini bilirlər. Sadəcə olaraq, biz bir vətəndaş, həmkar olaraq empati qururuq və düşünürük ki, heç olmasa məhkəmə qərarı çıxana qədər həkim evində olsun. Məhkəmə qərarına qarışmaq bizim ixtiyarımızda deyil. Sadəcə, daha yüksək instansiyalar tərəfindən nəzərə alınacaq humanist bir yanaşma ola bilər.

Diplomların, sertifikatların və digər hüquqi sənədlərin tələb edilməsi ilə bağlı araşdırmalar isə tamamilə doğru yanaşmadır və belə də olmalıdır. Sual verirlər ki, sənədləri niyəyoxlayırlar? Hansı sürücülük vəsiqəsi olmayan şəxs, nə qədər yaxşı idarə etsə də, avtomobili yola çıxara bilər ki? Bizim diplomumuz - həm ali təhsil diplomumuz, həm də ixtisas diplomumuz - bizim vəsiqəmizdir.

Cərrahın diplomu, qaydaları nə qədər yaxşı bilməsindən və əməliyyatını nə qədər mükəmməl icra etməsindən asılı olmayaraq, uyğun sertifikatı olmadan həkimlik fəaliyyəti, xüsusilə cərrahiyyə əməliyyatı aparmağa ixtiyarı yoxdur. Hətta həmin diplom olmadan, həkim olaraq hər hansı bir xəstəxanada işləməyə belə hüququ yoxdur. Xəstəxananın kadr siyasəti və prosedur qaydaları var. Necə ola bilər ki, bir həkimin ali təhsil və ixtisas diplomu olmadan onu işə qəbul etsinlər?

Əgər həmin həkim xəstəxananın rəsmi və ya müqavilə əsasında işçisi deyilsə, o, necə əməliyyat edə bilər? Necə xəstəni müalicə edə bilər? Bu, başa düşüləsi bir hal deyil. Əslində bu sistem əvvəldən belə qurulmalı idi. İnsanlar niyə indi buna təəccüblənirlər? Bu gün bu məsələlərin ciddiləşməsi qəribə deyil, çünki elə əvvəldən belə olmalı idi.

O ki qaldı plastik cərrahiyyə əməliyyatlarının qiymətinin artmasına, qoy artsın! Plastik əməliyyatlar kütləvi hal halıb. Axı bu əməliyyatlar həyati əhəmiyyət kəsb etmir, nə onkoloji xəstəlikdir, nə də ciddi travma müalicəsi. Bu, zəruri deyil. Qiymətlərin artması bu sahədə qeyri-peşəkar fəaliyyətlərin azalmasına da kömək edə bilər. Normalda bu qədər çox əməliyyatın həyata keçirilməsi anormal bir vəziyyətdir.

Ümumiyyətlə, insanlar niyə estetik əməliyyatlar etdirir? Bu məsələyə də diqqət yetirmək lazımdır. Belə əməliyyatları etdirmək istəyən insanların psixoloji vəziyyətləri yerindədirmi? Onların psixi sağlamlığı ilə bağlı məcburi konsultasiya olmalıdır. Hər bir xəstəyə psixiatrik müayinədən keçmək tələb olunmalıdır. Bütün bunlar dövlətin rəsmi qurumları - Səhiyyə Nazirliyi, hüquq-mühafizə orqanları və digər aidiyyəti strukturlar tərəfindən həyata keçirilməlidir. Necə ki, yollarda reydlər keçirilir, tibb sahəsində də arada belə yoxlamalar olmalıdır. Dövlətin səhiyyə sistemində varlığını hiss etdirmək lazımdır. Əks halda, səhiyyə bazara çevriləcək. Ona görə də bu addımlar artıq çoxdan atılmalı idi və gecikməsi ciddi problemlərə yol açıb. Bu tənzimləmə təkcə zəruri deyil, həm də qaçılmazdır".

Geri qayıt