Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR...
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR...29-01-2025, 15:42 |
“Biz hazırda Rusiyanın Amur vilayətində nəhəng qaz emalı zavodu tikirik. İşçilərin əksəriyyəti azərbaycanlılardır. Tovuz, Şəmkir bölgəsindən daha çoxdur, sayları yüzlərlədir. Hava çox soyuqdur, bəzən 40 dərəcə şaxtada işləməyə məcburuq, amma geyim, qida, təminat, təhlükəsizlik yaxşı səviyyədədir. Azərbayandakı əməkhaqqı ilə müqayisədə yaxşı maaş alırıq. Hər ayın ortasında maaşlarımız verilir, dollarla hesablanır, rublun gündəlik kursuna uyğun kartlarımıza köçürülür”. Bunu “AzPolitika”-nın əməkdaşı ilə söhbətində Rusiyanın adıçəkilən şəhərində çalışan Şəmkir sakini Rəşad Dadaşov deyib. Xatırladaq ki, Azərbayan mediasında vətəndaşların Rusiyanın hərbi sənaye kompleksində ağır, insan sağlamlığı üçün zərərli işlərə cəlb edilməsi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bir qrup həmyerlimiz Tatarıstanda fəaliyyət göstərən dron zavodunda ağır əməyə cəlb edilib. Onları aldadıb gətirirlər, daha sonra aşağı əməkhaqqı və təhlükəli şəraitdə çalışmağa məcbur edirlər. “Heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir” Həmsöhbətimiz Rusiyanın başqa şəhərlərində də azərbayanlıların kütləvi şəkildə çalışdığını təsdiqləyir: “Tümendə, Çelyabinskdə, Moskva ətrafındakı kiçik şəhərlərdə və başqa yerlərdə çalışanlar haqda məlumatım var. Onu bilirəm ki, heç kim qışın ortasında, bu şaxtalı havada işləməyə kefindən gəlmir. Azərbaycanda iş yoxdur, xüsusən rayonlarda gənclərin məşğuliyyət tapması çətindir. Əvvəl əkin, mal-qara saxlamaqla dolanmaq olurdu, neçə ildir o da camaatın əlindən çıxıb. Çıxış yolu Rusiyada belə işlər tapıb çalışmaqdır”. R.Dadaşov deyir ki, onunla bərabər işləyənlərin bir çoxu Rusiya bazarlarında alverlə məşğul olub, amma indi bazarda pul qazanmaq çətin məsələdir: “Yəqin xəbəriniz var, miqrasiya qaydalarını sərtləşdiriblər, patentin (işləmək icazəsi) aylıq bizim pulla 200 manata çıxır. Rubl dəyərdən düşüb, Rusiyada yaşamaq, kirayə qalmaq bahalaşıb, daha əvvəlki kimi ruslarda da pul yoxdur. Ancaq ərzaq satılır. Ona görə ticarətlə məşğul olmaq sərf eləmir, məcbur qalıb belə işlərdə çalışırıq”. Həmyerlimiz vurğulayır ki, azərbaycanlıların nisbətən yaxşı gəlirli işlərə cəlb olunması təsadüfi deyil: “Rusiyada işçi qıtlığı var, bir çox sahələrdə çalışanları yaxşı maaşla hərbi zavodlara aparıblar, bir çoxu da ordu ilə müqavilə imzalayıb Ukraynaya döyüşməyə gedir. Ona görə, 1000-1500 dollarlıq qazancı olan işlər onlar üçün sərfəli deyil. Amma bu məbləğ bizim üçün yaxşı puldur, yemək, yatmaq, patent pulu, bilet – hamısı şirkət tərəfindən qarşılanır”. “Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki...” Rusiyanın Sverdlovsk, Çita şəhərlərində meyvə ticarəti ilə məşğul olan Elxan Məmmədov isə deyir ki, rublun dəyərdən düşməsi bu ölkədə çalışan azərbayanlılar üçün böyük problem yaradıb: “Kimin obyekti, yaxşı qurduğu işi var, onlar problemlərə hələ ki, davam gətirə bilirlər. Dövriyyə azalsa da qazanc var, birtəhər ayaq üstə dura bilirik. Amma “sezona” gələn üçün vəziyyət çox pisdir. Qaydaları sərtləşdiriblər, nəzarəti artırıblar, əvvəlki kimi polisə, məmura “hörmət edib” işləmək çətindir. Kimin iş icazəsi yoxdur, dərhal deport edirlər”. Həmyerlimiz deyir ki, tanıdığı xeyli azərbaycanlı artıq ölkəsinə qayıdıb, bir qism də yaxın aylarda geri dönəcək, çünki işləmək sərfəli deyil, əvvəlki kimi iş, ticarət də yoxdur: “Özünüz fikirləşin, hazırda 1000 rubl 15-16 manatdır. Xırda alverlə məşğul olan adam ayda nə qədər qazanmalıdır ki, həm patent ödəsin, həm kirayə versin, həm burada yaşasın, sonra evə də pul göndərsin... Manatla heç olmasa aylıq 2 min manat təmiz gəlir olmasa, evə 300-400 manat göndərmək mümkün deyil. Bizim çalışdığımız şəhərdə bu məbləği hər adam qazana bilmir, çünki alver “ölüb”, hər şey bahalaşıb”. “Rusiyada ciddi işçi qıtlığı var...” Moskvada ticarət mərkəzi olan Maarif Əsgərov isə 10 ildən artıqdır Rusiya vətəndaşı olduğunu, işlərinin pis getmədiyini deyir: “Bizim iş ərzaq, içki və s. gündəlik tələbat malları satmaqdır. Doğrudur, 2 il əvvəllə müqayisə etsək, ticarət dövriyyəsi 30 faiz azalıb, ona görə də başqa işləri dayandırmağa məcbur olduq. Fikrimiz vardı daha bir ticarət mərkəzi açaq, yeni işçilər götürək, amma gedişat bu qədər sərmayə qoyuluşu üçün böyük risqlər yaradır”. Həmyerlimiz vurğulayır ki, Rusiyada ciddi işçi qıtlığı var, onun özü də bu problemdən əziyyət çəkir: “Müharibə, miqrantlara qarşı təzyiqlər, sərt qaydalar çoxlu sayda əmək qabiliyyətli adamların ölkədən getməsinə səbəb olub. Bir tərəfdən də hərbi sənaye çox cəlbedicidir, yüksək maaşlar verilir, gənclər ora axın edir. Miqrantları işə cəlb etməyə maraq yoxdur, kimin vətəndaşlığı var, orduya aparmağa çalışırlar. Yaxasını ələ verənin evi yıxıldı, hələ Ukraynadan sağ qayıdan görməmişəm”. M.Əsgərov deyir ki, manatla 1200-1500 manat əməkhaqqı ilə işçi tapa bilmir: “Bu gedişlə Rusiyanın axırı yoxdur, iqtisadi vəziyyət də günü-gündən çətinləşir, şübhə eləmirəm ki, çox uzaq olmayan vaxtda biz də hər şeyimizi satıb Azərbaycana qayıdacağıq, amma orada da bizi xoş günlər gözləmir. Nə isə, Allah bilən məsləhətdir”. “Yaşlı kişini yerə yıxıb döyüblər ki, müharibəyə niyə getmirsən” Moskvada 20 ilə yaxındır meyvə ticarəti ilə məşğul olan İsmayıl Həmidov isə yaxın aylarda Azərbaycana dönməyi planlaşdırır. Deyir ki, Yeni ildə ötən bayramdan 70 faiz az satış edə bilib: “Camaatda pul yoxdur, hamı ərazaq alır, kimdir meyvəyə pul verən? Bir tərəfdən də “qara milləti” sıxışdırırlar, ələ keçəni müharibəyə aparırlar. Ötən həftə bizim uzaq qohumun evinə basqın etmişdilər. Təsəvvür edin, binanın işığını söndürüb evə hücum çəkiblər, 55 yaşında kişini yerə yıxıb döyüb-təhqir ediblər ki, niyə hərbi çağırışdan yayınırsan...” Rusiyada ancaq onlar qala bilər... Rusiyada çalışan azərbaycanlılar arasında apardığımız sorğudan ortaya çıxan mənzərəni belə təsnif etmək olar: Rusiyada işləməyə yeni gedənlərin böyük əksəriyyəti sənaye müəssisələrinin tikintisinə cəlb olunanlardır. Əməkhaqqı və iş şəraiti onları qane edir, müvəqqəti də olsa, bu, onlar üçün sabit gəlir mənbəyidir. Mövsümi olaraq bazarlarda çalışıb gündəlik qazanca ümid edənlərin əksəriyyəti üçün isə vəziyyət çox çətindir. Həm qaydalar sərtləşib, həm də ölkədə iqtisadi aktivlik aşağı düşdüyündən, yaşam şərtləri ağırlaşdığından Rusiyada qalmaq sərfəli deyil. Qonşu ölkədə yalnız ticarət obyektləri, yaxşı əlaqələri olan azərbaycanlılar qalıb işləyə bilirlər. Onların gəlirləri azalsa da, alternativlərdən ən yaxşı durum elə Rusiyada ticarəti davam etdirməkdir. Hələ ki... Rayonlarda vəziyyət acınacaqlıdır Beləliklə, yüz minlərlə azərbaycanlı ölkənin bağlı qapılarını yavaş-yavaş döyməyə başlayır. Onlar öz vətənlərinə, ailələrinin yanına qayıdıb yaşamlarını sürdürməyə ümid edirlər. Amma sərhəd maneəsini keçsələr belə, Azərbaycanda onları qəbul edib, dolanışığını qismən də olsa təmin etməyə imkanlar varmı? Nəzərə alaq ki, Rusiyada çalışanların böyük əksəriyyəti rayon sakinləridir. Azərbaycan rayonlarından isə əhali sürətlə paytaxta axışır, çünki son 10 ildə aqrar sektorun əksər sahələri gəlirsizdir, əhali torpaqlarını imkanlı şəxslərə, şirkətlərə satmaq məcburiyyətində qalıb. Bir qism üçün isə kənd təsərrüfatı ilə məşğul olmaq - əkin əkmək, mal-qara saxlamaqla dolanışığı təmin etmək mümkün deyil. Bunun çoxlu obyektiv və subyektiv səbəbələri var. Hazırda büdcədən maaş alanlar, pensiya, müavinət, ünvanlı yardım əldə edə bilnlər pis-yaxşı dolana bilir, kəndlərdə yaşayan qalan sakinlər üçün isə ən yaxşı halda günəmuzdla məmurların, iş adamlarının təsərrüfatlarındakı mövsümi işlərdə çalışmaq qalır. Nəzərə alsaq ki, həmin təsərrüfatlarda istehsal olunan məhsullar da Rusiya bazarlarına hesablanıb, o zaman aydın olur ki, qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi onların biznesini də ciddi risqlərlə üz-üzə qoyur. Hökumət bölgələri dirçəltməlidir Azərbaycan hökumətinin qarşısında duran prioritet məsələ regionların dirçəldilməsini, şəhərlərə axışan əhalinin geridönüşünü təmin etməkdir. Bu məqsədlə dövlət proqramı, yüz milyonlarla investisiya lazımdır. Amma bir şərtlə: 2005-2024-cü illərdə icra olunmuş, 100 milyard manat vəsaitin xərcləndiyi, ancaq heç bir ciddi nəticəsini görmədiyimiz 3 dövlət proqramı kimi deyil, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, real islahatları əhatə edəcək tədbirlər görülməlidir. O zaman Rusiyadan qayıdan yüz minlərlə əmək qabiliyyətli vətəndaş da regionların iqtisadi inkişafına böyük fayda verə bilər. “AzPolitika.info” Geri qayıt |