Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Jan Noel Baro niyə bu qədər narahatdır?

Jan Noel Baro niyə bu qədər narahatdır?


Bu gün, 06:38
Jan Noel Baro niyə bu qədər narahatdır?
Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib.

Nazirin çıxışını TNS-ə şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətovun deyib ki, Fransa artıq normal siyasi mədəniyyətdən, dialoqdan uzaqlaşaraq, şantaj xarakterli fikirlər səsləndirməyə başlayıb.

Politoloq bildirib ki, Fransa tərəfi özü də başa düşür ki, bu şantajın heç bir siyasi və hüquqi əsası yoxdur: “Azərbaycan dövlətinin əsas prinsipial mövqeyi ondan ibarətdir ki, müstəmləkəyə qarşı ciddi bir mübarizədə əzilən xalqların yanında olduğunu açıq şəkildə elan etsin. Ona görə də Fransanın belə yanaşması hansısa bir təsir göstərməyəcək. Madəm, Fransa müstəmləkə siyasəti yürütmür, başqa xalqlara zülm eləmir, o zaman Jan Noel Baro niyə bu qədər narahatdır? Bu işin arxasında Fransanın cinayətləri dayanır. Azərbaycanın bu cinayətləri ifşa etməsi Fransanın xoşuna gəlmir. Bu iddiaların hamısı gülüncdür. Azərbaycan Fransadan fərqli olaraq, hər hansı bir dövlətin daxili işlərinə müdaxilə etmir. Paris Ermənistanı açıq şəkildə silahlandırmaqla, Azərbaycana qarşı yeni müharibəyə və bölgəni qan gölünə çevirməyə cəhd edir. Makron hakimiyyəti verdiyi bəyanatlara görə məsuliyyət daşımalıdır. Fransanın yanaşması sözün həqiqi mənasında həm təəssüf, həm də gülüş doğurur”.
Geri qayıt