Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyadan şok “real Ermənistan” etirafı

Rusiyadan şok “real Ermənistan” etirafı


Bu gün, 10:56
Rusiyadan şok “real Ermənistan” etirafı
Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, erməniləri indiki Ermənistanın ərazilərinə Rusiya İran və başqa yerlərdən köçürüb. Onun sözlərinə görə, hazırda erməni dövlətçiliyinin taleyi ipdən asılıdır.

“Ölkə rəhbərliyi Qərbin dəstəyi ilə tarixi müttəfiqi Rusiya ilə oynamaq qərarına gəlib. Hansı ki, məhz onun sayəsində XIX əsrdən bu ərazilər xəritədə kompakt erməni məskunlaşma əraziləri kimi görünməyə başlayıb. İrəvanda təxminən bərabər sayda erməni və azərbaycanlı yaşayırdı. Rusiyanın imperiyanın başqa yerlərindən və İrandan erməniləri köçürmək səyləri sayəsində bu torpaqlarda ermənilər əksəriyyət təşkil etməyə başladı və onların yurduna çevrildi”, - Blinov deyib.

“Yeni Müsavat” xatırladır ki, ermənilər tarixi Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsindən sonra Rusiyanın imperiya maraqları naminə məqsədyönlü şəkildə köçürülüblər. Türkmənçay müqaviləsinin nəticəsi olaraq, 40 000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırılıb. Ümumilikdə 1828-1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülüb.

Rusiya İmperiyasının İrandakı səfiri Aleksandr Qriboyedov ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində aktiv iştirak etmişdi. Qriboyedov bu haqda yazırdı: “Erməni əhalisi əsasən müsəlman (azərbaycanlılar - red.) torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başladılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar”.

Rusiya imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. İndiki kimi... Yəni Blinovun iddiasının əksinə olaraq, XIX əsrdə də azərbaycanlılar İrəvan və bu gün “Ermənistan” adlandırılan digər ərazilərdə çoxluqda idilər. Məqsədyönlü siyasət bu mənzərəni dəyişdirdi.

Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, ermənilərin kütləvi şəkildə köçürülməsi Rusiya-İran müharibəsinin (1826-1828) nəticəsində baş verib. “1828-ci ildə Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən Qacarlar dövləti ilə Rusiya razılaşır ki, orada yaşayan xristian əhali Qafqaza köçürüləcək. Bir ildən sonra isə Osmanlı dövləti ilə müqavilə bağlanır. Həmin müqavilədə də xristian əhalinin Qafqaza köçürülməsi şərt kimi irəli sürülmüşdü. Bəs bunlar niyə edilirdi? Rusiya Azərbaycanı təzə işğal etmişdi və burada özünə tamamilə yad mühitlə üz-üzə gəlmişdi. Əhalinin əksəriyyəti Azərbaycan türkləri, müsəlmanlar idi. Buna görə də Rusiya özünə sosial, etnik dayaq yaratmalı idi. Ermənilər isə həm Rusiya-Qacar müharibələri, həm də Rusiya-Osmanlı müharibələri dövründə həmişə Rusiya ordusuna kömək ediblər. Rusiya buna minnətdarlıq əlaməti olaraq, erməniləri Cənubi Qafqaza köçürdü. Əsasən Naxçıvan, İrəvana və Qarabağ ərazilərinə köçürülmə həyata keçirilib. Çünki bunlar strateji bölgələrdir, birbaşa Osmanlı və Qacarlar dövləti ilə sərhəddə yerləşirlər. Erməniləri orada məskunlaşdırmaqla Rusiya faktiki olaraq orada özünə bufer ərazi yaratdı”.

F.Cabbarovun sözlərinə görə, daha sonra 1828-ci ilin mart ayında Rusiya hökuməti Naxçıvan və İrəvan xanlıqlarını ləğv edib, onların yerində erməni dövləti yaratdı: “Vilayətin adındakı erməni sözü birbaşa onu işarə edirdi ki, Rusiya bunların dövlətçiliyi üçün təməl yaradır. Çünki bu vaxta qədər Cənubi Qafqazda erməni dövləti olmayıb. Amma bu vilayət gələcəkdə Ermənistan dövlətinin yaranması üçün bir baza olmuşdu. Rusiya özünün bu siyasəti ilə ermənilərin Azərbaycandakı sayını artırmağa müvəffəq oldu. Ərazilərimizdə çox məkirli siyasət aparılırdı. Azərbaycanlılardan torpaqlar alınıb oraya ermənilər köçürülürdü. Eyni zamanda Rusiya hökuməti erməniləri 6 il bütün vergilərdən azad etdi. Ermənilər Cənubi Qafqazda möhkəmlənəndən sonra ərazi iddiaları qaldırdılar. Blinovun indi bu faktı etiraf etməsi onu göstərir ki, obyektiv tarixçi gərək tarixə obyektiv yanaşsın”.

Həmsöhbətimiz qeyd edib ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi bizim tarixçilərin xaricdə konfranslarda ən çox qaldırdığı məsələlərdən biridir: “Çoxsaylı kitablar nəşr olunub və xarici dillərə tərcümə olunub. Lakin görək dünya tarix elmi bu faktları qəbul etmək istəyirmi? Əlbəttə ki, bu faktları görməzdən gəlmək kor olmaq deməkdir. Qərəzli alimlər həqiqəti qəbul etmək istəmirlər. Uzun müddət Qarabağın Azərbaycana aid olduğunu və yaxud da antiterror əməliyyatından sonra heç bir etnik təmizləmə olmadığını dünyaya sübut etməyə çalışdıq. Lakin qərəzli yanaşma bu faktları görmək istəmir. Erməni müəlliflərin arasında da onların Qafqaza sonradan köçürüldüyünü etiraf edənlər var. Bu müəlliflər ermənilərin bu ərazidə sayının nə qədər və necə artdığına dair rəqəmlər də göstəriblər. Qafqazda əsas çoxluğu 1828-ci ilə qədər müsəlmanlar təşkil edirdi. Lakin sonradan hesablanma aparanda əsaslı dəyişikliklərin baş verdiyi aşkarlandı. Bu da erməniləri köçürmə siyasətinin nəticəsi idi”.

Tarixçi alim qərbi azərbaycanlıların doğma yurdlarına qayıtma təşəbbüsündən də söz açıb: “Bu, Qərbi Azərbaycan camaatının tarixi haqqıdır. 1920-ci ildə Zəngəzurun qərb hissəsi sovet rəhbərliyi tərəfindən Ermənistana hədiyyə olunmuşdu. Zamanla deportasiya nəticəsində azərbaycanlılar oradan qovuldu. Bu, təbii proses deyildi, onlar həmin əraziləri könüllü təşkil etməmişdi. Buna görə də bütün beynəlxalq hüquq normalarına və eyni zamanda tarixi varislik prinsiplərinə uyğun olaraq qərbi azərbaycanlıalrın oraya qayıtması mütləqdir. Burada siyasi-diplomatik məsələlər var. Azərbaycan dövləti bu istiqamətdə gərgin iş aparır. Son nəticədə haqlı mövqeyimiz üstü gələcək və qərbi azərbaycanlıların haqqı dünya tərəfindən qəbul olunacaq”.

Geri qayıt