Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paytaxtın parklanma dərdi nə zaman bitəcək?
Paytaxtın parklanma dərdi nə zaman bitəcək?Bu gün, 14:55 |
Cəngəllikdə ən güclü heyvan sağ qalır, müasir dünyada isə təşkilatçılıq qalib gəlir... Bu ifadə Bakıdakı parklanma reallığını ən dəqiq şəkildə təsvir edir. Əgər Bakının devizi olsaydı, belə səslənə bilərdi: “Bakı: ziddiyyətlər teatrıdır, burada xəyallar reallıqla qarşılaşır”. Bu şəhər sanki teatr səhnəsidir: küçənin bir tərəfində müasir göydələnlər parıldayır, digər tərəfində isə yüz illik tarixi olan 2-3 mərtəbəli köhnə malikanələr durur. Neftçilər prospektində gəzərkən arxitektura harmoniyasına heyran qalırsınız. Burada şərq təmtərağı və Avropa zərifliyi vahid şəkildə qovuşur. Açıq kafelər, dizayner butikləri, bahalı avtomobillər – hər şey Bakının gələcəyin paytaxtı statusuna can atdığını göstərir. Lakin bir dalana və ya həyətə dönüb maşın saxlamağa çalışsanız, tamamilə fərqli bir reallıqla qarşılaşacaqsınız. Bakının avtomobil həvəskarlarına baxanda istər-istəməz A.P.Çexovun “Cinayətkar” hekayəsindən bir sitat yada düşür: “O sevirdi və əziyyət çəkirdi. O, pulu sevirdi və onun çatışmazlığından əziyyət çəkirdi”. Eləcə də avtomobil həvəskarı – maşınını sevir və onun üçün yer tapa bilmədiyindən əziyyət çəkir... Şəhərdə küçə parklanmasında uzun müddət “bazar qanunları” mövcud olub – öz qeyri-rəsmi tənzimləyiciləri vardı. Onlar beş avtomobilin güclə yerləşə biləcəyi yerdə on avtomobili yerləşdirə bilirdilər. Onların öz “himayədarları” və qaydaları vardı. Lakin bir anda hər şey dəyişdi... Təşkil olunmuş dayanacaqlar, videokameralar və nəzarətçilər meydana çıxanda hər şey alt-üst oldu. Bu yeniliklər etirazlara və narazılıqlara səbəb oldu, çünki köhnə qaydalar pozulmuşdu. İnsanlar adətən köhnəyə tez alışır və yeniliyə çətin uyğunlaşırlar. Lakin zaman hər şeyi yerinə qoydu və şəhər sakinləri tədricən yeni qaydalara öyrəşdilər. Axı insanlar dəyişikliklərə çətinliklərinə görə yox, adətlərə olan sevgilərinə görə müqavimət göstərirlər. Lakin bu dəyişikliklər yalnız şəhər küçələrindəki parklanma ilə məhdudlaşdı. Həyətlər isə xaos zonası olaraq qaldı. Burada cəngəllik qanunları hökm sürür: Kim yeri ilk gördüsə, o da qalibdir. Yolsuzluq avtomobillərinin sürücüləri hətta səkilərə çıxmağı bacarır, sedan sahibləri isə nəhəng “ciplərin” arasında güclə soxulurlar. Yeni tikililərdə vəziyyət bir qədər asandır. Burada çox vaxt yeraltı qarajlar satılır. Doğrudur, onların qiyməti adətən şəhər kənarındakı mənzilin qiymətindən baha olur. Buna baxmayaraq, bu, problemi müəyyən qədər azaldır. Ən çətin vəziyyət isə həyətlərdədir, burada sakinlər hər bir boş santimetr uğrunda mübarizə aparmağa məcburdur. Həyət parklanması ilə bağlı mübahisələr bəzən geosiyasi münaqişələri xatırladır. Burada kompromislər və danışıqlar faydasızdır. Halbuki, dünyada parklanma problemini həll etməyin bir çox uğurlu nümunəsi var: Yaponiya. Tokioda avtomobil almazdan əvvəl parklanma yeriniz olduğuna dair rəsmi sənəd təqdim etməlisiniz. Bu qayda paytaxtın küçələrində və dayanacaqlarında nizam-intizam yaratmağa kömək edib. Yüksək əhali sıxlığı şəraitində bu yanaşma xaosu aradan qaldırır. Çünki hər avtomobil sahibi əvvəlcədən maşınını harada saxlayacağını bilir. Şimali Avropa. Danimarka və Norveçdə parklanma yerləri bələdiyyələr tərəfindən icarə əsasında bölüşdürülür. Sakinlər həyətlərdə və ya yeraltı dayanacaqlarda özləri üçün əvvəlcədən yer bron edə bilərlər. Eyni zamanda, müvəqqəti qonaqlar üçün hər zaman müəyyən sayda parklanma yeri saxlanılır. Bu yanaşma təkcə münaqişələrin qarşısını almağa deyil, həm də şəhər büdcəsini artırmağa imkan yaradır. İtaliya. Burada parklanma qaydaları şəhərdən və bölgədən asılı olaraq fərqlənir. Dayanacaq zonaları xüsusi nişanlanma ilə təşkil olunur. Mavi xətlər sakinlər və qonaqlar üçün ödənişli dayanacaqları göstərir. Yerli sakinlər öz yaşayış zonalarında parklanma üçün münasib qiymətə abunə ola bilərlər. Ağ xətlər pulsuz dayanacaqları bildirir və əsasən şəhər ətrafında yerləşir. Sarı xətlər isə xüsusi kateqoriyalar, məsələn, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş dayanacaqları göstərir. Bu sistem parklanma məkanlarını effektiv şəkildə bölüşdürməyə imkan verir. Almaniya. Burada qarışıq model tətbiq edilir. Yeni yaşayış komplekslərində parklanma yerləri mənzillərə təhkim edilir və icarə və ya satış qiymətinə daxil olur. Köhnə rayonlarda isə ödənişli dayanacaq sistemləri inkişaf etdirilir və yer bronlamaq üçün mobil tətbiqlər kimi müasir texnologiyalar tətbiq olunur. Şəhər həyətlərində və yaşayış binalarının yaxınlığında parklanma yerləri Bakının sakinlərinin üzləşdiyi ən kəskin problemlərdən biridir. Şəhərin sıx tikinti və məkan məhdudiyyəti kimi unikal xüsusiyyətlərinə baxmayaraq, digər ölkələrdə tətbiq olunan bəzi həll yolları burada da heç olmasa qismən uyğunlaşdırılıb istifadə edilə bilər. Məsələn, bəzi rayonlarda bələdiyyələr parklanma yerlərini sakinlərə icarəyə verə bilərdi. Bu, həm xaosu azaldar, həm də sürücülərin məsuliyyətini artırardı. Müvəqqəti qonaqlar və ziyarətçilər üçün isə park yerlərinin bir hissəsi qısamüddətli istifadəyə ayrılaraq, yer çatışmazlığı problemini həll edə bilərdi. Və nəhayət, “cərimələrsiz” mümkün deyil. Özbaşına zəbt etmə və “şəxsi” dayanacaqlar üçün qeyri-qanuni maneələrə qarşı cərimələrin artırılması daha ciddi nəzarət və cəzaların sərtləşdirilməsini tələb edir. Lakin təkcə cərimələr yetərli deyil. Bütün bu islahatlara şəhərin yataq rayonlarındakı real ehtiyacların “inventarizasiyası”ndan və ucuz çoxmərtəbəli parkinqlərin inşasından başlamaq lazımdır. Bunu həm dövlət, həm də özəl sektor inşa edə bilər. Bununla yanaşı, karşerinqin (qısamüddətli avtomobil icarəsi) inkişafı stimullaşdırıla bilər. Bu xidmət avtomobilləri müəyyən müddətə icarəyə götürməyə imkan verir və istifadəçi yalnız istifadə etdiyi vaxt və ya qət etdiyi məsafə üçün ödəniş edir. Karşerinq şəxsi avtomobil sahibi olmağa alternativ olaraq dünyada geniş yayılmış modeldir. Bütün bu tədbirlər təkcə maliyyə yatırımları deyil, həm də düşüncə tərzinin dəyişməsini tələb edir. Axı, hər ikinci sürücü parklanma yerinin sadəcə güc və ya həyasızlıq hesabına “şəxsi mülk” ola biləcəyini düşünsə, ən mükəmməl sistem də işləyə bilməz. Parklanma sadəcə avtomobil üçün yer deyil – bu, mentalitetin əksidir. Sual ondadır ki, biz "cəngəllik qanunlarından" sivil qaydalara keçməyə hazırıqmı? Axı qanunlar ancaq o zaman işləyir ki, nizam-intizam azadlığa məhdudiyyət kimi yox, rahat həyatın əsası kimi qəbul olunur. Və yenə də... Dəyişikliklərə gedən yol nə qədər çətin görünsə də, insan həmişə yeniliyə uyğunlaşır – sadəcə, əvvəlcə müqavimət göstərir... Fuad Rəsulov - pressklub.az Geri qayıt |