Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır

Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır


Bu gün, 09:38
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır
Milli Məclisin ötən iclasında həkimlərin şəxsi reklamının qadağan olunması ilə bağlı təkliflər səsləndirilib. Deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib ki, həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur.
"Bir sıra televiziya kanallarının şou proqramlarında tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmadan reklam edilməsi qalsın bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə, biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi diantalogiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur" - millət vəkili əlavə edib.
Deputat Aqil Abbas da məsələyə münasibət bildirib. O qeyd edib ki, sovet vaxtı hansısa həkim haqqında xoş söz demək də qadağan idi:
"İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır. Heç görmüsünüz ki, Rəşad Mahmudovu tərifləyələr? Həkim reklamı düz deyil. İstərdim ki, yaz sessiyasının işlər planında reklam haqqında qanuna yenidən baxış keçirilsin. Düzdür, bu, televiziyalara, yəni özəl kanallara böyük ziyan vuracaq. Çünki onlar arvad davasından və reklamdan qazanır".

Həkimlər hansı şərtlərlə reklam oluna bilər?
Marketinq və reklam üzrə ekspert Sabit Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istənilən şəxs öz işini qazanc əldə etmək məqsədilə reklam edə bilər. Lakin bu zaman özünü üstələyən, başqasını aşağılayan terminlərə yol verilə bilməz.
"Tutaq ki, hansısa kardioloq özünü televiziyada reklam edirsə, bu zaman digər həmkarlarını aşağılaya, yaxud da özünü onlardan üstün həkim kimi təqdim edə bilməz. Həkim özünü reklam zamanı bazar payı olan digər rəqibindən üstün təqdim etməməlidir. Bu şərtlər daxilində həkimin özünü reklam etməsi qanunvericiliyə uyğundur", ekspert bildirib.
S. Məmmədov deyir ki, əksər hallarda televiziyalar özəl klinikalarla müqavilə bağlayaraq onların həkimlərini reklam edir. Özəl klinikalar isə bəzən qeyri-ixtisaslı həkimləri işə götürməkdən çəkinmirlər. Bəzən cərrah ixtisasına yiyələnənlər plastik cərrah kimi fəaliyyət göstərir. Halbuki, onların plastik cərrah kimi fəaliyyət göstərməsi üçün bu sahə üzrə ixtisaslaşması vacibdir:
"Qeyri-ixtisas həkimlər əsasən özəl klinikalarda fəaliyyət göstərirlər. Ona görə də, qeyri-ixtisaslı həkimləri işə götürən klinikalar məsuliyyət daşımalıdır. Təbii ki, reklamı yayanlar da buna görə məsuliyyət daşıyırlar. Hazırda sosial medianı tam nəzarətdə saxlayan qanunlar olmadığından, belə reklamlar əsasən sosial şəbəkə üzərindən aparılır. Televiziyalarda reklam üçün müraciətlər zamanı klinikalardan, həkimlərdən lisenziya tələb olunur. Əgər indiyədək hansısa yayımçı həkimlərdən bu sertifikatı istəmirdisə, nazirliyin son yoxlamalarından sonra tələb olunacaq".
Müsahibimiz deyib ki, "Reklam Haqqında" qanunda həkimlərin və dərmanların reklamı qadağan olunmur.
"Reklam olunan həkimlərdən çox şikayətlər gəlir"
Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkim xidməti də istehlakçı hüquqlarına aiddir. Ona görə də, öncə ölkəmizdə illərdir qəbulu təxirə salınan "Pasiyent Hüquqları Haqqında" qanun qəbul olunmalıdır.
Eyyub Hüseynov bildirib ki, "Reklam Haqqında" Qanunda həkimlərin və dərmanların reklamı qadağan olunmur. Lakin qanundakı boşluqdan istifadə halları var:
"Bu gün çox reklam olunan həkimlərdən AİB-ə şikayətlər gəlir. Həkimlər reklama xərclədiyi pulları pasiyentlərin cibindən çıxardırlar. Televiziyalarda geninə-boluna reklam olunan həkimlər xəstələri ehtiyac oldu-olmadı müayinələrə göndərir, dərman firmaları ilə iş birliyinə girərək bahalı dərmanlar yazırlar".

Saxta həkimlərin reklamı qadağan olunmalıdır
AİB sədri deyib ki, bəzən saxta həkimlər özlərini reklam edirlər.
"Reklam Haqqında" Qanunda boşluqlar var. Bu boşluqlardan istifadə edərək sosial mediada onlar reklam edilir. AİB-ə daxil olan şikayətlərdən görünür ki, diş həkimlərinin təxminən 30 faizi diş texnikidir amma diş müalicəsi ilə məşğul olurlar. Bu halların qarşısı alınmalıdır. Kim həkimdir, kim texnikdir məlum deyil. Pasiyentlər də bəzən reklama aldanıb onlara müraciət edir. Pasiyentin hər həkim bilib müraciət etdiyi şəxsin diplomunu yoxlaması, onun fəaliyyətinə icazə verilib-verilmədiyini araşdırmağa imkanı yoxdur. Belə şəxsləri həkim kimi cəmiyyətə sırıyanlar, reklam edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Həkim icması isə bu kimi hallara susmamalıdır. Çox təəssüf ki, bəzən həkimlər bir-birini müdafiə edirlər. Amma saxta həkimlərin reklamı bu peşə sahiblərinin imicinə, savadlı, peşəkar həkimlərin nüfuzuna xələl gətirir. Ona görə də, əsl həkimlər də onların adından çıxış edib pasiyentləri aldadanlara qarşı birləşməlidirlər", deyə Eyyub Hüseynov söyləyib.
Həkimləri "Tiktok" videoları çəkməyə məcbur edən səbəb nədir?
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, bu gün həkimlərin kütləvi şəkildə reklama meyil eləməsi təkcə həkimin yox, həm də səhiyyə sisteminin problemidir.

"Almaniyada xəstə həkimin yox, tibb sisteminin xəstəsidir. Xəstəxanaya müraciət edən xəstəni gündüz bir həkim müayinə edirsə, axşam növbə dəyişdiyindən onun müalicəsini başqa həkim davam etdirir. Xaricdə həkimin əmək haqqı yüksək olduğundan, onlar pasiyentləri ilə əlaqə qurmurlar. Azərbaycanda isə həkimin maaşı az olduğundan, onlar daha çox xəstə cəlb etmək barədə düşünürlər", Aydın Əliyev bildirib.
"Həkimlər reklama xərclədikləri pulları pasiyentlərin cibindən çıxardır"
Müsahibimiz televiziyalarda həkimlərin ucuz və səviyyəsiz reklamlarının qarşısının alınmasının da vacib olduğunu söyləyib. O, bildirib ki, bəzi həkimləri elə reklam edirlər ki, sanki onlar tibb sahəsində bir mözcüzə yaradıblar: " Televiziyada hansısa yataq xəstəsini həkimin ayağa qaldırdığı reklam olunur. Bu cür səviyyəsiz reklamların yığışdırılmasının mən də tərəfdarıyam. Bu gün dırnaqarası həkimlər də özlərini böyük maliyyə xərcləyərək reklam edirlər. Buna əsasən şou verilişlərində rast gəlinir. Pasiyentlər bilməlidirlər ki, həmin həkim reklama xərclədiyi pulu xəstədən çıxacaq".
Yaxşı mütəxəssislər tanıdılmalıdır, amma belə yox!
Bununla belə, A.Əliyev həkimlərin birmənalı olaraq reklamına qadağa qoyulmasını düzgün saymır. O bildirib ki, xaricdə təhsil alıb ölkəmizə qayıdan yaxşı mütəxəssislər cəmiyyətə tanıdılmalıdır:
"Belə həkimlərin normal reklama, tanıdılmasına ehtiyac var. Əslində bu reklamları həkimlər özləri yox, çalışdığı klinika etməlidir. Tibb fəlsəfəsinə görə həkimlərin məqsədi pul qazanmaq olmamalıdır. Onların əsas məqsədi pasiyentlərin sağlamlığı olmalıdır. Amma həkimlər maddi baxımdan təmin olunmalıdırlar ki, reklam haqqında düşünməsinlər.
Həkimlərin reklama xərclədiyi fantastik pullar
Qeyd edək ki, bu gün həkimlərin reklamı əsasən şou verilişləri vasitəsilə aparılır. Efirdə reklam olunan həkimlərin reklama xərclədikləri pullar isə "dodaq uçuqladır".
Medicina.az saytı ötən il populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətlərini araşdırıb. Araşdırma zamanı həkimlərin telekanallarda fantastik məbləğə reklam olunduqları üzə çıxıb.
ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında həkimlərin reklam qiyməti ƏDV-siz 16-18 min manatdır. ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir. ARB kanalında Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində sponsor qiyməti 17-20 min manatdır.
"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min manata başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Muz TV-də yayımlanan "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. Həkimlərin həftədə 1-2 dəfə efirdə görünməsi isə 3 min-3 min 500 manatdır.
İctimaiyyət nümayəndələri özəl klinikalarda həkimlərin qəbulunun yüksək qiymətə olmasının əsas səbəblərindən birinin məhz telekanallara reklam üçün fantastik məbləğ ödəmələri ilə əlaqələndiriblər. Həkimlərin reklamının ödənilən pula görə aparılması əhalinin sağlamlığı baxımından da təhdid doğurur. Belə ki, efirə çıxardılan həkimlərin aparıcı tərəfindən peşəkar kimi təqdim olunmasının xərci sən demə ayrı imiş. Bunun üçün aparıcılar həkimlərdən əlavə pul alırmış.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, adıçəkilən məsələlər "Reklam haqqında" Qanun ilə tənzimlənir. Tibb işçilərinin televiziyada reklam edilməsi dedikdə, bu, onların sponsor qismində çıxış edə bilməsi və ya onların göstərdikləri xidmət, müalicə metodlarının reklam olunması məsələlərinə aid ola bilər:

""Reklam haqqında" Qanunun 29.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi vasitələr, müalicə, profilaktika və diaqnostika metodları reklam oluna bilər. Həkimlərin də reklam etdiyi mövzular bu yöndədir. Həkimlər tərəfindən müalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarının reklam edilməsi qanunvericiliyə uyğundur".
T.Quliyev qeyd edib ki, "Reklam haqqında" Qanunun 4-cü maddəsində reklama dair ümumi tələblər də mövcuddur. Həmin tələblərdən biri də lisenziyalaşdırılan fəaliyyət sahəsi ilə bağlıdır. Lisenziyanın qeydiyyat nömrəsi və təmin edən orqanın adının qeyd edilməsi məsələsi vacibdir. Əczaçılıq, özəl tibb fəaliyyəti, dərman vasitələrinin istehsalı, onların topdan və ya pərakəndə satışı lisenziyalaşdırılan sahəyə aiddir və həmin əmtəə və xidmətlərin reklamı zamanı bu lisenziya barədə məlumat verilməlidir:
"İnzibati Xətalar Məcəlləsinə əsasən "Media haqqında" və "Reklam haqqında" Qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslərə 2500 manatdan 3500 manatadək, hüquqi şəxslərə isə 8000 manatdan 10000 manatadək cərimə sanksiyası tətbiq edilə bilər. Audiovizual mediada "Reklam haqqında" Qanundan irəli gələn istənilən pozuntu bu cərimələrin tətbiq edilməsi ilə nəticələnə bilər".

Müsahibimiz onu da bildirib ki, tibbi vasitə və xidmətlər, dərman vasitələri və bu kimi məsələlərlə bağlı reklamlar audiovizual mediada həmişə olub. İndi xüsusi çoxalma tendensiyası müşahidə olunmur. Sadəcə, son dövrlər baş verən aktual problemlər bu məsələni gündəmə gətirib. Əslində televiziya və radio kanallarında qanunvericiliyin tələbinə cavab vermədiyinə görə yayımlanmayan bir çox reklam materialları sosial şəbəkələrdə geniş vüsət alır ki, bu da ictimaiyyəti narahat edir.
"Sevindirici haldır budur ki, sosial şəbəkələrdə gedən qanunvericiliyə zidd olan reklamlara görə də son zamanlar müvafiq qurumlar zəruri tədbirlər görürlər. Audiovizual Şura açıq yayımda olan ümumölkə yerüstü televiziya və radio kanallarında yayımlanan reklam materiallarını daim diqqətdə saxlayır. Son zamanlar aparılan monitorinqlər bu istiqamətdə xüsusi pozuntu halları aşkar etməyib. Pozuntu halı baş verdiyi zaman Audiovizual Şura tərəfindən zəruri müdaxilələr olur. 2024-cü il ərzində isə "Reklam haqqında" Qanunun pozulmasına görə bir sıra yayımçılar barədə protokollar tərtib edilərək müvafiq məhkəmələrə göndərilib və onlar cərimə edilib" - T.Quliyev bildirib.

Geri qayıt