Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ

İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ


Bu gün, 09:05
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ
İranın Ermənistandakı səfiri Mehdi Sobhani növbəti dəfə “qaşınmayan yerdən qan çıxartmağa” çalışıb. Erməni mediasına açıqlamasından belə təəssürat yaranır ki, Sobhani İranın Ermənistandakı səfirindən daha çox, Ermənistanın İrəvandakı diplomatı kimi mövqe ortaya qoyub və daha çox erməni revanşistlərinin ürəyinə yatan fikirlər səsləndirib.

Diplomat deyib ki, İran Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyir. Qəribəsi budur ki, iranlı diplomat ölkəsinin ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasından narahat olmadığını iddia edir. Amma nədənsə Azərbaycanın ABŞ ilə hər hansı anlaşması olan kimi Sobhani və digərləri haray-həşir salırlar ki, “qoymayın, din əldən getdi, Azərbaycan Qərb ölkələrini regiona gətirir”. Sobhaninin arqumentinə baxın: “Ermənistan hakimiyyəti bizə açıq şəkildə bildirdi ki, ABŞ və Ermənistan arasında bu yaxınlarda imzalanmış sənəd İran-Ermənistan münasibətlərinə qarşı yönəlməyib və İran-Ermənistan münasibətlərinə və İranın maraqlarına xələl gətirəcək heç bir addım atmayacaqlarını vurğulayıblar”. Amerika Ermənistana hərbi yüklər daşıyır, amerikan hərbçilər erməni hərbçilərə təlim keçir, Zəngəzurda hərbi baza planı var. Üstəlik də Avropa İttifaqının təmsilçiləri Ermənistanda daha iki il qalacaqlar. Sobhani isə arxayınçılıqla danışır, vurğulayır ki, bu, hərbi missiya deyil və Ermənistan bunu sabitliyin qorunması mexanizmi kimi təqdim edib. Həmçinin “Biz Ermənistanın xarici siyasətinin şaxələndirilməsi məsələsinə hörmətlə yanaşırıq”, - deyir. Absurddur, gülməlidir.

Təkcə bunlar da deyil. Sobhani Zəngəzur dəhlizinin də əleyhinə çıxıb. Deyib ki, İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir. Bildirib ki, Tehran Azərbaycan tərəfinə yeni marşrut üzrə yükdaşımaları davam etdirməyi təklif edib. “Tikinti işləri başa çatdıqdan sonra Azərbaycan yük maşınları 50 km-lik marşrutla Naxçıvana çata biləcək. Azərbaycanın İrandan keçməklə Naxçıvana yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar həm Ermənistan sərhədinə, həm də bizim sərhədimizə yaxınlaşdılar. Yük daşınması üçün əvvəlki yol kifayət qədər uzun idi. Təklif edilib ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, qalan hissəsini isə İran və Ermənistan sərhədi yaxınlığından keçirsinlər”, - deyə Sobhani bildirib. O qeyd edib ki, İran ərazisindən keçən marşrut tamamilə İranın ərazi bütövlüyü və suverenliyi çərçivəsindədir. Gömrük prosedurları İran qanunvericiliyi çərçivəsində həyata keçirilir. Nəqliyyat marşrutlarının açılmasına gəlincə, İran yalnız o halda əleyhinə deyil ki, bu, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş versin. “Biz Ermənistandan keçən yolların açılmasının tərəfdarıyıq, lakin bu, onun ərazi bütövlüyünə və suverenliyinə hörmətlə baş verməlidir, hansı ki, dəhliz məntiqi olsun - biz bunun əleyhinəyik, sərhədlərin dəyişməsinə, geosiyasi dəyişikliyə yol açacaq bir şeyin əleyhinəyik”, - səfir deyib.

Erməni mediası xatırladıb ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakının Ermənistana qarşı ərazi iddiası yoxdur, lakin Ermənistan Naxçıvandan Azərbaycana maneəsiz keçidi təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan və İran arasında münasibətlərin normallaşması halında, qarşılıqlı səfərlərin həyata keçirilməsi şəraitində səfirin radikal mövqe sərgiləməsi özfəaliyyətdir, yoxsa Tehrandan verilən işarənin məntiqi nəticəsi?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında olduqca vacib məqamlara toxundu: “İranın Ermənistandakı həm də səfirinin Zəngəzur dəhlizi ilə bağlı dedikləri onun təmsil etdiyi SEPAH-ın sözügedən məsələyə yanaşmasıdır və burada yeni heç nə yoxdur. Amma Sübhaninin bizə çoxdan bəlli olan mövqelərini yenidən təkrarlaması səbəbsiz deyil, bu, reaksiya xarakterli bir açıqlamadır və əslində tam gözlənilən idi. Orasını da deyim ki, burada söhbət İrandakı digər türk düşmənləri üçün heç də arzuolunmayan iki hadisəyə verilən reaksiyadan gedir. Onlardan biri Azərbaycanla İran arasındakı gərginliyin aradan qaldırılması, qarşılıqlı faydaya dayanan əməkdaşlığı genişləndirmək üçün Azərbaycan və İran rəsmilərinin intensiv səfərləridir. Son bir ayda 3 belə səfərin baş verməsi onu göstərirdi ki, İranda Azərbaycanla düşmənçiliyin onlara yaxşı heç nə vermədiyini dərk edənlər bizimlə normal qonşuluq əlaqələri yaratmağa çalışırlar. Bunu Yaxın Şərqdəki proseslər, oradakı İran proksilərinin tam da olmasa, əhəmiyyətli dərəcədə vurulub sıradan çıxarılması, ABŞ-də fars və hay lobbisinin mövqelərinin Bayden administrasiyası dönəmindəkindən xeyli zəifləmələri də diqtə edir”.

S.Alıyevin sözlərinə görə, Tehranda rasional düşünənlər gözəl anlayırlar ki, Azərbaycanla ancaq qarşılıqlı maraqların təmininə dayanan əməkdaşlıq mümkündür: “Yəni diktə, hədə, təzyiq və sair işə yaramır, əksinə, öz əleyhlərinə işləyir və gələcəkdə bunun mənfi təsirini üzərlərində daha çox hiss edə bilərlər. İranı bu günə qoyanlar, elektrikin fasilələrlə verilməsi, inflyasiya, bütövlükdə sosial durumun acınaçağlığı baxımından ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycana bənzədənlər isə bizə yanaşmada əvvəlki siyasətlərini davam etdirmək niyyətindədirlər ki, bax, bu, Mehdi Sobhani onların təmsilçisidir! İranın Ermənistandakı səfirini SEPAH-ın, daha dəqiqi, həmən SEPAH-dakı Azərbaycan düşmənlərinin Zəngəzur dəhlizi ilə bağlı moizəsini təkrarlamağa vadar edən ikinci səbəb Türkiyədə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilməsidir. Tehrandakılar yaxşı anlayırlar ki, bu layihə Zəngəzur dahlizinin tərkib hissəsdir. Və əgər bir tərəfdən Azərbaycan, digər tərəfdən Türkiyə bu dəhlizin tikintisini reallaşdırırsa, sübhanilər atılıb-düşməklə heç nə dəyişən deyil”.

Deputat Azərbaycanın bütün bu məsələlərlə bağlı dövlət siyasətinin dəyişməzliyinə də diqqət çəkdi: “Cənab Prezidentin bildirdiyi kimi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq! İranın Ermənistandakı səfirini həm də diplomat kimi fəaliyyət göstərdiyi ölkənin iç işlərinə açıq müdaxilə xarakterli bu açıqlamasının yəqin başqa bir səbəbi də odur ki, hayların onların Qərblə əlaqələrini normallaşdıracağına, arada vasitəçi olacağına ümid edirdilər. Amma Fransanı çıxmaqla, İranla heç bir qərb ölkəsi arasında gizli əməkdaşlıq alınmadı, daha dəqiqi, sübhanilərin bununla bağlı gözləntiləri özünü tam doğrultmadı”. S.Alıyev əlavə etdi ki, Fransa ilə İran arasında dialoqun alınması heç də Ermənistanın və hay lobbisinin xidməti deyil, Tehrandakı rejimlə Yelisey sarayıdakıların bizim regiona yanaşmalarının üst-üstə düşməsidir: “Hay və fars lobbisinin birgə fəaliyyətinin, eyni zamanda İrəvandakı sorosçuların vasitəçiliklərinin ABŞ-İran əlaqələrinə əhəmiyyətli dərəcədə təsir edəcəyini, hətta Vaşinqtonla Tehranın bizim reginda sinxron çalışacaqlarını düşünənlər yəqin Prezident Trampın rejimlə bağlı son açıqlamasından xəbərdardılar və İsrail baş naziri Netanyahu ilə görüşərkən onun altına özünün kreslo çəkib əyləşdirməsinin nə anlam daşıdığını, İrana nə vəd etdiyini yəqin bilməmiş deyillər. Yaxşı olardı ki, Sobhani Zəngəzur dəhlizindən yox, bundan danışardı”.

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə bildirdi ki, Tehran rejimi Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları və Zəngəzur dəhlizinin açılmasının əleyhinədir: “Nikol Paşinyan özü də Zəngəzur dəhlizindən maneəsiz gediş-gəlişə razı olduğunu və paralel olaraq Arazdəyəndən Mehri yə Naxçıvandan keçmək şərtini irəli sürdü. Göründüyü kimi, Paşinyan dəhlizin açılmasına prinsipcə razılaşıb. Bu dəhlizin Ermənistanın yuridiksiyasında olacağına şübhə yoxdur. Cənab prezident İlham Əliyev də Ermənistana ərazi iddialarının olmadığını vurğulayıb. İran Ermənistan üzərindən yüklərin daşınmasına qarşıdır. Bu çıxış Tehranın mövqeyidir və Ermənistanın əleyhinədir. Rəsmi İrəvan buna etiraz etməlidir. Nikol Paşinyan deyir ”dəhlizi açırıq", Tehran rejimi deyir “olmaz”. Artıq bu, Ermənistan - İran problemidir. İran yüklərin öz ərazisindən keçməsində maraqlıdır. Nəqliyyat dəhlizinin öz nəzarətində olmasına çalışır. Növbəti mərhələdə regionda təsir rıçaqlarını əlində saxlamağı hədəfləyir". M.Əsədullazadə şübhə etmir ki, buna nə Azərbaycan, nə Türkiyə nə də Ermənistan razı olmayacaq: “Azərbaycan İranla münasibətləri normallaşdirmağa çalışır. Göründüyü kimi, mühafizəkar dairə yenidən anti-Azərbaycan siyasətini davam etdirir. Prezidentin köməkçisi canab Hikmət Hacıyev İrana getdi, danışıqlar apardı. Amma Tehran rejimi öz ambisiyalarından geri çəkilmir. Proseslər İranın əleyhinə işləyir. Azərbaycan İran ərazisindən də paralel yüklər daşıyacaq. Amma tam İranın nəzarətində olan yoldan istifadə etmək Azərbaycanın milli və təhlükəsizlik maraqlarına ziddir”. Ekspertin fikrincə, Tehran rejimi M. Sobhaninin dili ilə Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə bəyan etdi: “İran bununla Ermənistanı növbəti dəfə blokadada saxlamaq istəyən və regional layihələrdən kənar qoyur. Nikol Paşinyan Tehrana etiraz etməlidir. Tehran rejimi görür ki, Azərbaycan və Ermənistan dəhliz məsələsində razılığa yaxındır. Düşünürəm ki, İranın bu siyasəti də fiaskoya uğrayacaq. Necə ki, Suriyada və Yaxın Şərqdə öz geosiyasi mövqelərini itirib. Regional layihələrdən də kənar qalacaq. Tehran-Azərbaycan əlaqələri yenidən qarşı tərəfin qeyri-konstruktiv siyasətinə görə böhrana yuvarlanır. İran geosiyasi nizamın dəyişməsini qəbul etmək istəmir. Amma şərtlər onun bu reallıqla barışmasına təkan verəcək. Tehranla aparılan danışıqlar və əldə olunan razılaşmalar suya yazılan yazı kimidir. İran Zəngəzur dəhlizinə qarşı çıxmaqla Çinin geoiqtisadi maraqlarını təhdid edir”.

Geri qayıt