Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb:

Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb:


9-02-2025, 13:32
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb:
Cənubi Qafqaz yeni dövr başlanmaq üzrədir. Üstəlik, bu dövrün regionda artıq önəmini itirmiş "erməni faktoru"nun tamamilə gömüldüğü mərhələ olacağı gözlənilir. Çünki Ermənistanın və erməni diasporunun əsas beynəlxalq himayədarı olan Bayden administrasiyası artıq mövcud deyil. Və Ağ Evin bundan sonra uydurma erməni narrativlərinə əhəmiyyət verib, vaxt itirəcəyi qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasının ABŞ-da hakimiyyətə gəlişi Ermənistan üçün mövcud durumda baş verə biləcək ən uğursuz hadisə idi. Bu baxımdan, Ermənistan siyasi dairələrinin olduqca ciddi sarsıntı keçirərək, xof içində olması qətiyyən təəccüblü deyil. Üstəlik bu xof o qədər güclüdür ki, Ermənistan baş naziri Nukol Paşinyan Tramp adminstrasiyasının Ağ Evə köçməsindən dərhal sonra ABŞ-a səfər etmək məcburiyyətində qaldı. Və erməni baş nazir bu dəvətsiz səfəri dini tədbirlərdə iştirak etmək adı altında pərdələməli oldu.

Əslində isə baş nazir ABŞ-a qeyri-rəsmi kəşfiyyat səfərinə çıxmışdı. Çünki rəsmi İrəvanın və erməni lobbi qurumlarının bütün israrlı cəhdlərinə baxmayaraq, baş nazir Nikol Paşinyana prezident Donald Trampın andiçmə mərasiminə "dəvət" almaq mümkün olmamışdı. Yəni, Tramp adminstrasiyası ABŞ-ın Ermənistana ehtiyacı olmadığını elə bəribaşdan anlatmağa çalışmışdı. Sadəcə, özünü hər kəsə lazım olduğuna inandırmış qüsurlu erməni düşüncə sisteminə bunu qəbul etdirmək o qədər də asan məsələ deyil.

Təbii ki, baş nazir Nikol Paşinyan ABŞ-da olduğu müddətdə Ermənistanın Ağ Evin strateji hədəfləri üçün əvəzolunmaz material olduğunu sübut etməyə çalışdı. Buna baxmayaraq, Prezident Donald Trampdan, eləcə də, Ağ Evin yüksək rütbəli təmsilçilərindən qısamüddətli də olsa, görüş qopa bilmədi. Görüş üçün müraciət etdiyi hər kəsdən imtina cavabı aldı. Ona görə də, erməni baş nazir indi yalnız ABŞ-ın vitse-prezidenti ilə çəkdirməyə nail olduğu fotonu bu kəşfiyyat səfərinin yeganə təskinlik predmeti olaraq, təqdim etmək məcburiyyətində qalıb. Və bu, Ermənistanın necə aciz durumda olduğunu göstərir.

Maraqlıdır ki, erməni baş nazir ABŞ-ın vitse-prezidenti ilə qısamüddətli söhbətdə Ağ Evin prioritetləri sırasında Cənubi Qafqazda sülhün bərqərar olmasının da yer alacağına böyük ümidlər bəslədiyini bildirib. Onun fikrincə, bu, ABŞ-ın Ermənistanı dəstəkləməsi üçün ən effektiv metod olardı. Üstəlik, erməni baş nazir Bayden adminstrasiyasının son günlərində tez-tələsik imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini də qarşı tərəfə xatırlatmağı unutmayıb. Və bununla da, erməni baş nazir ABŞ-ın himayəsi altına sığınmağa can atdığını biruzə verib.

Ancaq bu kəşfiyyat səfərinin nəticələrində erməni baş naziri məyus edəcək məqamlar hətta onun gözlədiyindən belə, qat-qat çoxdur. Belə ki, ABŞ-ın xarici siyasətini müəyyən edən heç kimin qapısı erməni baş nazirin üzünə açılmayıb. Bəzi məlumatlara görə, elə ABŞ vitse-prezidenti ilə qısamüddətli görüşdə onun gündəmə gətirdiyi mövzulara da laqeyd reaksiya verilib. Yəni, baş nazir Nikol Paşinyan regional sülh mövzusunda daha manipulyasiyalar etməyin mümkün olmayacağını daha yaxşı anlamış oldu.

Məsələ ondadır ki, ABŞ-ın Ermənistandan daha önəmli hədəfləri mövcuddur. Yəni, Ağ Ev ABŞ-ın strateji planları üçün faydasız olan Ermənistanı öz yanında boşuna sağa-sola sürüyüb, vaxt itirmək niyyətində deyil. Deməli, əgər, Paşinyan hakimiyyətinə doğrudan da regional sülh lazımdırsa, onda, Ağ Evin deyil, məhz rəsmi Bakının qapısına gəlməlidir. Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün prinsipial xarakter daşıyan şərtləri isə məlumdur və dəyişməz qalmaqdadır. Və rəsmi İrəvan həmin şərtlərin hamısını qeyd-şərtsiz icra edərsə, regional sülhə nail ola bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin gündəmə gətirdiyi manipulyativ sülh narrativləri Ağ Evin diqqətini çəkmir. Digər tərəfdən, Ağ Evin diqqətini heç ümumiyyətlə, Ermənistan da çəkmir. Yəni, Ermənistan üçün ABŞ-ın himayəsi altında hərbi-siyasi təxribatlar törətməyə cəhd göstərdiyi dövr artıq sona çatdı. Ağ Evdə ABŞ-Ermənistan strateji tərəfdaşlıq anlaşmasını ciddiyə alacaqlarına indi heç baş nazir Nikol Paşinyan belə, inanmır. Və ABŞ-a son dəvətsiz səfərində o, buna artıq əmin olmağa imkan tapıb.

Digər tərəfdən, ABŞ-da erməni diasporu ilə yaxın təmasları olan bəzi siyasi dairələrin baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq mesajları çatdırdıqları barədə olduqca önəmli məlumatlar da var. Artıq Qərb media qurumlarına qızdırılmış həmin məlumatlara görə, Tramp adminstrasiyası dönəmində Ermənistan Ağ Evin strateji planlarında ümumiyyətlə, yer almayacaq. Və əsas səbəb ondan ibarətdir ki, Tramp adminstrasiyasının nə Cənubi Qafqaz, nə də qlobal siyasəti üçün Ermənistan yararlı tərəfdaş deyil.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Cənubi Qafqazda əsas strateji tərəfdaşlıq üçün Azərbaycan və Gürcüstan üzərində seçim etməyə üstünlük verir. Çünki bu iki ölkə, xüsusilə də, Azərbaycan ABŞ-ın həm regional, həm də qlobal hədəfləri baxımından, strateji tərəfdaşlıq potensialına malikdir. Ona görə də, ABŞ-ın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzrə strateji planlarında Azərbaycana xüsusi yer ayrılacağı gözlənilir. Ən azından ona görə ki, Azərbaycan bu üç regionda kifayət qədər həlledici təsir mexanizmlərinə sahib ölkədir. Və Ağ Ev Azərbaycan kimi olduqca dəyərli strateji tərəfdaşlıq potensialına malik dövləti Ermənistan ucbatından itirmək niyyətində deyil.

Belə anlaşılır ki, Ağ Evdə Ermənistanla bağlı müəyyən qərarlar artıq verilib. Ermənistan ABŞ-ın geopolitik planlarında böyük ehtimalla yer almayacaq. Bu isə Ermənistanın ABŞ-ın "himayə çətiri"ndən kənarda qalma təhlükəsi deməkdir. Üstəlik, Ağ Evin Ermənistana münasibətdə gözlənilən dəyişiklik barədə baş nazir Nikol Paşinyana məxfi şəkildə məlumat ötürülüb. Və bu səbəbdən də, Ermənistanın gələcək taleyinin təhlükədə olduğunu artıq anlayan erməni baş nazirin tezliklə sülh sazişi üçün rəsmi Bakının qapısını daha israrla döyməyə başlayacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
Geri qayıt