Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır.
Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır.19-02-2025, 12:18 |
![]() Turan İnformasiya Agentliyi ömrümün 32 ilinin yol yoldaşıdır. “Turan” Nəcəf Nəcəfov kimi media azadlığı mücahidinin ucalığını başı üzərində bayraq edən azadlıq evidir. “Turan” insan hüquqlarını hər zaman prioritet tutan və odlu-alovlu dövrlərin informasiyalarını tərəfsiz və fərqli baxış bucağından ictimaiyyətə çatdıran jurnalistlərin evidir. “Turan” informasiyaları ilə neçə-neçə insanı ölümün və təhlükələrin pəncəsindən xilas edən təhlükəsizlik dayağıdır. Rəhmətlik Prezident Heydər Əliyev informasiyalarının doğruluğu dəfələrlə təsdiq edildikdən sonra dövlət qurumlarının “Turan”a abunə yazılmasına göstəriş vermişdi. Bu hadisəni yəqin ki, xatirində saxlayanlar indi də yaşayır. Prezident Əliyevin xarici səfərlərinin biri barədə müzakirələr zamanı o “Turan”ın informasiyasına istinad edərək deyib ki, necə olur ki, xarici ölkədə mənə qarşı hazırlanan aksiyalar barədə “Turan” bilir, amma Siz bilmirsiniz? Daha maraqlı bir misal, bir dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndində qondarma prezident seçkilərindən sonra “seçilən prezident”in sağlığına badə də qaldırmışdı. Bu məlumatı yalnız “Turan” yaza bilərdi. Prezident Administrasiyasının şöbə müdirlərindən biri mənə zəng edib məlumatın doğru olub-olmadığını öyrəndi. Bəli həqiqət idi. Mən ATƏT-in Minsk Qrupunun həmsədləri ilə görüşündə Heydər Əliyevin buna toxunacağını səbirsizliklə gözləyirdim. Amma Prezident Əliyev danışıqlarda buna toxunmurdu. Danışıqlar başa çatıb həmsədlər ayağa qalxanda Əliyev əlini havaya qaldırdı və dayanın dedi. Yadımda qalan rişxəndlə dediyi sözlərini xatırladıram: “O nədir? Qarabağda o “prezidentdir”, nədir, onun sağlığına badə qaldırıbsınız. Azərbaycan xalqı sizin bu hərəkətinizə qəti etiraz edir”. Və yaxud, rəhmətlik Prezident Əbülfəz Elçibəy “Turan” agentliyini çox istəyirdi və onun çoxsaylı müsahibələri “Turan”ın arxivində saxlanılır. Prezident Elçibəy 1994-cü il qiyamı zamanı Qazaxda və Ağstafada Xalq Cəbhəsinin rəhbərliyinə hakimiyyət uğrunda yox, qiyama qarşı mübarizə aparmalarını “Turan” vasitəsi ilə onların diqqətinə çatdırmışdı. “Turan”ın müxbirləri ölkənin ağır günlərində dəfələrlə Kələki kəndində Əbülfəz bəylə görüşüb müsahiblərini yayıb. Prezident Heydər Əliyev də Naxçıvanda olanda, o ağır günlərdə “Turan”ın müxbirləri onun görüşünə qatılıb. “Turan” ona istinadən məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Müharibənin ağır illərində “Turan”ın informasiyalarına əsaslanaraq dövlət rəhbərləri ölkəni bəlalardan xilas edən qərarlar da qəbul edib. Prezident Heydər Əliyev 1995-ci il iyulun 2-də Buxarestdən səfərdən qayıdarkən təyyarəsinin vurulacağı barədə “Turan”ın xəbəri əsasında qabaqlayıcı tədbirlər görülüb. O zaman prezidentin təyyarəsi Bakı Hava limanına deyil, Qala hərbi hava limanına enmişdi. Heç bir medianın risk edib yaxınlaşa bilmədiyi liderlər cəmiyyətlə ünsiyyətini “Turan” vasitəsi ilə qurub. Hökumət qurumları problemlərini qarşılamayan minlərlə insan da dərdini cəmiyyətə “Turan”dan çatdırıb. “Turan”çılar həm də öz qazanclarından heç kimin bilmədiyi yeddi Xocalı ailəsinin illər boyu dərdinə şərik olub. Amma bir dəfə bunu dilinə gətirməyib. Dünyada bütün dövlətlər, liderlər, fərdlər qərarlarını malik olduqları informasiyaları təhlil edərək qəbul edir. Bir sözlə dünyanı informasiyalar idarə edir. Azərbaycanda isə məsuliyyətli və doğru xəbər mənbəyi olaraq dünyanı inandıra bilən “Turan” agentliyi maliyyə çatışmamazlığından fəaliyyətini dayandırır. Görəsən bundan sonra Azərbaycan barədə qərar qəbul edənlərin baxışını hansı açıq informasiya mənbələri formalaşdıracaq? Yadıma bir tarixi görüş də düşdü. Prezident Heydər Əliyevin media kapitanları ilə görüşündə hamı maliyyə çətinliyindən, hökumətin mediaya maliyyə yardımı etməsindən danışdı. Təkcə “Turan”ın direktoru Mehman Əliyev azad iqtisadiyyatdan, mediaya rəqabət mühitində vəsait qazanmasına imkan verilməsinin əsas prioritet olduğunu dedi. Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır. Bir tarixi sözü də yada salıram. Xatırlayanlar olar, bu ifadəni rəhmətlik Xudu Məmmədov tez-tez deyərdi. “Sürünənlər yıxılmır. Bu “alaq otları” istənilən “böyük kölgənin” ayağının altında göyərə bilir”. Bunu da ölkədəki qısa tarixə nəzər salıb qiymətləndirmək lazımdır. Bir sözlə Turan agentliyi “Stalinin cəbhə bülleteni”, yəni “Urra!”, “Hücum!”, “Bizdən böyük yoxdur!” şüarı ilə yaşayan təbliğat maşını olmadı. Tapdıq Fərhadoğlu - gununsesi.info Geri qayıt |