Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı
Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdıDünən, 09:22 |
![]() Sabah - fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Moskvada Rusiya prezidenti Vladimir Putinlə müttəfiqlik sazişi imzalamasının üç ili tamam olur. 43 maddəlik müttəfiqlik sənədi indiyə kimi iki ölkə arasında olan siyasi, iqtisadi, hüquqi, ticarət, hərbi və humanitar əlaqələrlə bağlı müqavilələrin bir bəyannamədə toplanaraq gələcək münasibətlərin yeni çərçivəsini müəyyən edirdi. Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilədə, Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli bəyannamədə, habelə, Rusiya və Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli birgə bəyanatında öz əksini tapan müddəalar yeni reallıqlar əlavə olunmaqla vahid sənəd halında imzalandı. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edirdi. Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri aşağıdakılardır: qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq; güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik; milli maraqların aliliyi; beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; tərəflərin təhlükəsizlik maraqlarının qorunması; məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; uzunmüddətli sülh naminə əməkdaşlıq; ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; hərbi-texniki və siyasi əməkdaşlıq; maliyyə institutlarının əməkdaşlığı; tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; informasiya - kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; səhiyyə sahəsində əməkdaşlıq; parlamentlərarası əməkdaşlıq; humanitar sahəsində əməkdaşlıq. Bu bəyannamənin imzalanması Rusiya üçün çox mürəkkəb və həssas dövrə təsadüf edirdi. ABŞ və NATO ilə olduqca gərgin münasibətlər yaranmışdı. Belə bir hərbi-siyasi şəraitdə Azərbaycanla müttəfiqlik bəyannaməsinin imzalanması Rusiya üçün siyasi-psixoloji baxımdan vacib idi. 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Rusiya ərazisində vurulması isə müttəfiqlik münasibətlərinə ciddi zərbə oldu. Əslində mülki təyyarəyə açılan atəş həm də Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə açılmışdı. O zaman bir çoxları bu hadisədən heyrətlənərək Rusiyanın məhz indiki vaxtda, Ukrayna ilə müharibə fonunda üzləşdiyi sanksiyaların davamı halında, onsuz da müttəfiqlərini sürətlə itirdiyi zamanda Azərbaycanla körpüləri yandırmasını ağlasığmaz hesab edirdilər. Normal halda Rusiya hətta Qərb dövlətlərinin təzyiqlərinə rəğmən, onunla normal qonşuluq münasibətlərini saxlayan Azərbaycanın mülki təyyarəsinə qəsd edənləri son nəfərinədək cəzalandırmaqda maraqlı olmalı idi. Deputat Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya ilə münasibətlərdə üç il ərzində hər hansı gərginlik olmamışdı, amma o demək sayılmaz ki, Moskva öz siyasətindən geri çəkilmişdi: “İndi Ukrayna cəbhəsində mövqelər aydınlaşır və Rusiya öz şərtlərini irəli sürür. Yəni Rusiya hesab edir ki, başı müharibədən açılır və yenidən özünə gələcək. Ona görə də bizim 2022-ci ildə imzaladığımız bu müqavilə daha çox zərurətdən doğan gerçəklik idi. Mən bu müqavilədən uzağa gedən nə isə gözləmirəm”. E. Musayev Rusiyanın vurulan təyyarəmizlə bağlı tələbləri hələ də yerinə yetirmədiyini, bunun da müttəfiqlik sazişinin ruhuna zidd olduğunu hesab edir: “Artıq hadisənin iki ayının tamamına az qalır və rəsmi Moskva çalışır ki, bu cinayəti ört-basdır etsin. Ona görə biz Rusiyanın addımlarında daha çox məsələni unutdurmaq cəhdlərini müşahidə edirik. Sonuncu dəfə rəsmi Moskva adından Zaxarova danışıb və deyib ki, Bakı ilə münasibətləri korlamağa cəhd göstərənlər var. Lakin üçüncü tərəfi axtarmaqdansa, Azərbaycan Prezidentinin səsləndirdiyi tələbləri icra etmək lazımdır. Əgər biz strateji müttəfiqlik deklorasiyası imzalamışıqsa, deməli, oradakı bəndlərə sadiq qalmaq, öhdəlikləri yerinə yetirmək lazımdır”. Deputatın fikrincə, belə müttəfiqlik olmur: “Bu necə müttəfiqlik sazişidir ki, bizim hava gəmimizi vurursan, bir cümləlik üzr istəyirsən, amma nə atəş açanları tutursan, nə zərər çəkənlərə təzminat ödəyirsən. Əsl müttəfiq isə dost kimi davranır və səhvini boynuna alaraq vurduğu ziyanı ödəyir ki, münasibətlər pisləşməsin. O səbəbdən, imzalanan sənəd həmin dövrdə qlobal proseslərin inkişafı cəhətdən hər nə qədər mühüm olsa da, bu gün biz görürük ki, Rusiyanın imperialist təfəkkürü, ambisiyaları dəyişməyib”. Deputat Azərbaycanın şimal qonşusu ilə münasibətlərdə hər zaman səmimi olduğunu və Bakının da Kremldən adekvat mövqe gözlədiyini düşünür. Siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, 22 fevral sazişi son dərəcə əhəmiyyətlidir və bu gün baş verənlər onu sübut edir: “Ukrayna müharibəsinin nəticələri, Azərbaycanın həmin dövrdə tutduğu mövqe və savaşdan iki gün qabaq o bəyannaməni imzalaması göstərdi ki, Azərbaycan Prezidenti uzaqgörəndir və siyasi təcrübəsi çox böyükdür. Mən bu sənədə həm də Azərbaycanın özünü problemlərdən kənar tutmaq zəmanəti kimi baxıram. Rusiyanın hegemon güc olduğunu qəbul etmək lazımdır”. Ekspertin fikrincə, bu sənədin bəhrəsini də görmüşük: “Liderlər səviyyəsində olan etimadın nəticəsi idi ki, sülhməramlı kontingent regionu vaxtından tez tərk etdi. Bundan az əvvəl isə Azərbaycan antiterror əməliyyatı keçirəndə Rusiya işə qarışmadı. Eyni zamanda Şimal-Cənub dəhlizi, ticarət dövriyyəsi, Baykal-Amur xətti və digər müstəvilərdə mühüm əməkdaşlıqlar var. Həmçinin ötən ilin avqustunda prezident Putin Azərbaycanda yüksək səviyyədə qarşılandı. Bunlar mütləq qeyd olunmalıdır”. F.Əliyevə görə, ümumiyyətlə, həmin sənədin əhəmiyyətini Rusiya daha çox qiymətləndirməlidir: "Moskva bilir ki, sanksiyalara qoşulmamışıq, Qərb koalisiyasında iştirak etmirik, bölgədə onun maraqlarına kəskin şəkildə mənfi təsir edəcək addımlar atılmır. Ona görə də biz hələ də ümidliyik ki, istintaqın yekununda Rusiya təyyarə hadisəsi ilə bağlı məhz müttəfiqliyə yaraşan mövqedən çıxış edəcək. Əgər bunu etməyəcəksə, o zaman 22 fevral sənədi getdikcə önəmini itirməyə, münasibətlər soyuq səviyyədə qalmağa davam edəcək”. Geri qayıt |