Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu?

İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu?


Dünən, 16:36
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu?
Bir neçə gün əvvəl İtaliya Senatında “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamə yekdilliklə - 112 səslə qəbul edilib.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, qətnamənin qəbulu zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliya parlamentində olub:

“Simonyan Senatda keçirilən dinləmələrdə də iştirak edib. Erməni spiker Senatın komissiyasının dinləmələrində çıxış edərək, italiyalı deputatlara Ermənistanın mövqeyini çatdırıb, suallara cavab verib. Simonyan İtaliya parlamentində sülh sazişindən, Baş nazir Nikol Paşinyanın “Sülh Qovşağı” layihəsindən, ölkəsinin Avropa İttifaqına interqasiyasından və Azərbaycan həbsxanalarındakı erməni cinayətkarlardan danışıb.

İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən sıx tərəfdaşlıq münasibətlər quranıdır. İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Roma Parisdən fərqli olaraq, erməni separatizminə dəstək verməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər halda İtaliya Senatının qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə olmaz. Buna baxmayaraq, İtaliya Parlamentində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarıyla bağlı dinləmələrə yalnız Ermənistan Parlamentinin sədrinin iştirakı sual yaradır. Niyə dinləmələr və Azərbaycanla əlaqəli qətnamənin qəbuluna Ermənistan parlamentinin sədri ilə yanaşı, Azərbaycan Milli Məclisinin sədri (Sahibə Qafarova) də dəvət olunmayıb?

Düzdür, Sahibə Qafarova bu ilin yanvar ayında İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Senatının Avropa İttifaqı Siyasəti Komissiyası və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb, ancaq maraqlıdır ki, bölgəmizlə bağlı qətnamə Ermənistan parlamentinin sədrinin iştirakı ilə qəbul olunub”.

Geri qayıt