Əsas Səhifə > Manşet, Hadisə > Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ...
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ...Bu gün, 11:08 |
Xəbər verdiyimiz kimi, 3 gün əvvəl Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 1 saylı məktəbin həyətində təxminən 200 valideyn etiraz aksiyası keçirib. Etiraza səbəb qəsəbədəki 3 saylı məktəbin təmirinə üç il əvvəl başlanılmasına baxmayaraq hələ də istifadəyə verilməməsi olub. Həmin məktəbin şagirdləri hazırda məcburiyyət qarşısında 1 saylı məktəbdə təhsil almağa davam edirlər. Aksiyanı təşkil edənlər əsasən bu şagirdlərin valideynləri idi. "DİA-AZ" xəbər verir ki, artıq valideynlərə aidiyyatı qurumların reaksiya verdiyi söylənilir. Doğrudur, hələlik yalnız quru vəd verilib. Amma narazı valideynlər ümid edir ki, verilən vədə əməl olunacaq. Xəbərə görə, Babək rayonunun Nehrəm qəsəbəsində üç ildir bağlı qalan məktəbə görə keçirilən etirazdan sonra yerli rəsmilər məktəbə baş çəkib və valideynlərlə görüşüblər. Bu barədə “Gündəlik Naxçıvan”a qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, rəsmi nümayəndələr 3 saylı məktəbin vəziyyətini yerindəcə araşdırıb və problemin tezliklə həll olunacağına dair söz veriblər: “Təhsil naziri bildirdi ki, məktəb gələn tədris ilinə qədər təhvil veriləcək. Bundan əlavə, şagirdlərin uzaqda yerləşən 1 saylı məktəbə gedib-gəlməsi üçün nəqliyyat xərcləri ödənəcək. Həmçinin, uçma təhlükəsi olan 1 saylı məktəb də əsaslı təmir olunacaq. İcra Hakimiyyəti nümayəndəsi də təmirin tezliklə başa çatdırılacağına söz verdi. Bu cür vədləri əvvəllər də çox eşitmişik, amma bu dəfə əməl olunacağına ümid edirik.” Geri qayıt |