Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üst manşet, Güney Press > BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlarDünən, 00:45 |
“Azəriqaz” İstehsalat Birliyinin 2024-cü il dekabrın sonlarında çoxlu sayda işçini ixtisar etdiyi bildirilir. “Azəriqaz”ın “Təmiz Qaz” Qapalı Səhimdar Cəmiyyəti ilə bağladığı müqaviləyə dəyişiklik etməsi podratçı şirkətin 500-dən artıq əməkdaşının işsiz qalmasına səbəb olub. “Azəriqaz” İB “Təmiz Qaz” şirkəti ilə yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın aparılması yönündə 2021-ci ildə bağladığı satınalma müqaviləsinə bu ildən dəyişiklik etməyi qərara alıb. Bu əməliyyat üzrə xərcləri optimallaşdıraraq podratçı vasitəsilə deyil, öz kadr potensialı ilə icrasına qərar verib. Hətta birlik tərəfindən bu barədə ötən il noyabrın 29-da “Təmiz Qaz” QSC-yə məktub ünvanlanıb. Məktubda orta və aşağı təzyiqli (bir pillə iki pillə) yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması bildirilib. Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsindən sonra bilavasitə həmin xidmətlər üzrə paytaxtda və bölgələrdə işə götürülən işçilərə bu barədə bildiriş təqdim olunub. Daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar ediliblər. “Təmiz Qaz” 2014-cü ildən başlayaraq “Azəriqaz” İB-nin sifarişi əsasında respublikanın 68 rayon və şəhərində mövcud olan qaz təsərrüfatına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini aparır. İllər ərzində şikrətlə bu yöndə bağlanılan müqavilə yenilənib, hətta “Təmiz Qaz”a həvalə edilən işlərin sayı artırılıb. 2017-ci ildən şirkət “Azəriqaz”ın sifarişi əsasında məişət qaz sayğaclarına daxili və xarici metroloji texniki baxışın keçirilməsi, uyğunsuzluqların aşkar edilməsi və yeni sayğacla əvəz edilməsi işlərini həyata keçirir. 2018-ci ildən başlayaraq SOCAR Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini görür. Yəni dövlət qurumu ilə şirkətin əməkdaşlığı 11 ildir davam edir. Zamanında “Azəriqaz”ın milyonluq tenderini qazanan “Təmiz Qaz”ın əsas şuarı texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlığı olan və xarici mütəxəssislər tərəfindən təlim alan işçilərinin olması idi. “Təmiz Qaz”ın podratçılığını etdiyi işləri bundan sonra sifarişçinin özü – “Azəriqaz” həyata keçirəcək. “Əmək Məcəlləsinin tələblərini pozanlar müvafiq məsuliyyətə cəlb edilməlidir” Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilməlidir. O deyir ki, “İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı” əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, əmək münasibətlərində ən mühüm və ağrılı məqamlardan biridir: “İxtisar- ilk növbədə öz iş yerini və ya əməkhaqqını itirən işçinin gözləmədiyi halda işsiz və çətin vəziyyətdə qalmasıdır. “İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı” əsası ilə işçi bağlanmış əmək müqaviləsinin – qanunla nəzərdə tutulan qaydada ləğv etmək kimi işəgötürənin hüquq və səlahiyyəti var. Lakin bu əsasla əmək müqaviləsini ləğv edərkən bütün hallarda işəgötürən Əmək Məcəlləsinin 70, 71, 77, 78, 79, 80 və digər maddələrinin tələblərinə əməl etməlidir. İşçilərin sayı və ya ştatları ixtisarı üçün ən vacib amil hüquqi əsasların olmasıdır”. Hüquq müdafiəçisi deyir ki, ştatların ixtisarı zərurəti müəssisədə iş və xidmətlər azaldıqda və ya qurtardıqda, həmin ştatlara ehtiyac qalmadıqda, yeni texnika və texnologiyaların tədbiqi ilə əlaqədar həmin ştatlara ehtiyac qalmadıqda, idarə və ya müəssisənin maliyyə vəziyyətinin ağır olması və sair hallarda yarana bilər. “Qeyd etdiyim əsaslarla işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvinin zərurəti bütün hallarda işəgötürənin əmri və ya sərəncamı ilə əsaslandırılmalı və rəsmiləşdirilməlidir. Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan digər işçi vəya işçilər qəbul edilisə, bu həmin müəssisələrdə – ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir”, – Mirvari Qəhrəmanlı deyir. Qəhrəmanlı əlavə edir ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarını – formal və qərəzli aparan, işçilərin əmək müqaviləsini ləğv edən işəgötürənlər Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar: “İşçilərin sayının azaldılmasının və ştatların qanunsuz ixtisarının həyata keçirilməsinin qarşısı, həmkarlar ittifaqı təşkilatı tərəfindən də alına bilər. İşçi ilə bu əsasla əmək müqaviləsinin ləğvi edilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır. Həmkarlar ittifaqı təşkilatı isə qanunsuz həyata keçirilən bu ixtisarların qarşısını almaq üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyə bilər”. Onun sözlərinə görə, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcəlləsinə (78-ci maddəsi) uyğun olaraq və nəzərdə tutulan qaydada işçilərin peşəkarlığı xüsusi olaraq qiymətləndirilməlidir: “Bu zaman işçinin peşəkarllığı, peşə üzrə ixtisası, əmək funksiyası və vəzifələrinin yerinə yetirmə bacarığı, işə davamiyyəti, bilik və təhsili, kollektivdə nüfuzu, təltif olunması, sertifikatı, mükafatları, intizam məsuliyyətinə cəlb olunması və sair hallar üzrə müqayisə aparılmalı və bütün işçilər üçün ümumi kriteriyalar müəyyən olunmalıdır. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcəlləsində (78 və 79-cu maddə) nəzərdə tutulan qaydada işçilərin işdə saxlanılması üçün qanunla nəzərdə tutulan güzəşt və ya təminatları, bu zaman işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsini qadağan edən hallar nəzərə alınmalıdır”. Mirvari Qəhrəmanlı deyir ki, Əmək Məcəlləsinə uyğun olmayan qanunsuz ixtisarlarla bağlı işçilərin məhkəməyə müraciət etmək hüquqları var: “Lakin bu qanunsuzluğun aradan qaldırılmasını işəgötürəndən tələb etmək ilk növbədə əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini həyata keçirməli olan həmkarlar ittifaqları təşkilatlarının və Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsidir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı və qanuni olmalıdır. Əmək Məcəlləsinin bu tələblərini pozanlar isə müvafiq məsuliyyətə cəlb edilməlidir”. Geri qayıt |