Moskvada “Alıye Parusa” yaşayış kompleksində partlayış Ermənistan vətəndaşı olan kamikadze tərəfindən törədilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Bildirilib ki, partlayıcı qurğu kamikadzenin bədəninə bərkidilmiş ola bilər. İddia edilir ki, bu, şübhəlinin Ukraynada döyüşən erməni batalyonu olan Arbatın qurucusu Armen Sarkisyanın yaşayış binasının foyesində liftdən çıxması zamanı partlatdığı MON-50 minası olub.
Hər ikisi partlayış nəticəsində həlak olub.
Nəşrin yazdığına görə, minanı əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı partladıb.
Hazırda istintaq baş verənlərin bir neçə versiyasını, o cümlədən “Ukrayna izi” və Rusiyada tütün bazarının yenidən bölüşdürülməsini nəzərdən keçirir.
RBK-nın SPARK məlumat bazasına istinadən yazdığına görə, Sarkisyan tütün məmulatlarının topdan satışı ilə məşğul olan TKLAB şirkətinin ortaq sahibi olub.
Qeyd edək ki, fevralın 3-də "Alıye Parusa" yaşayış kompleksində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, 4 nəfər yaralanıb.