
Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs “şəfalanma” seansı keçirib. Seans zamanı "xəstələr"dən bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
"DİA-AZ" Yenisabah.az-a istinadla xəbər verir ki, Əfsanə Qasımlı bir müddət öncə “Azerina” adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, İnstaqramda “Life coach” kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq, pullarını mənimsədiyi iddia edilib və Feysbukda "Şəbəkə" səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.
"Şəbəkə"nin yazdığı mətndə deyilir:
"Bu gənc qadın, deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün feyk profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "Xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun".
Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:
“Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb, “spam” kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir, bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar, seansına gedib 300-500 manat ödəyir”.