
Cənubi Qafqazda yeni geopolitik situasiyanın yaranması qaçılmaz xarakter daşıyır. Üstəlik, yeni geopolitik situasiyanın birmənalı şəkildə regional hərbi-siyasi proseslərin inkişaf istiqamətlərinə təsir göstərəcəyi də qətiyyən şübhə doğurmur. Yəni, Cənubi Qafqaz növbəti geopolitik dəyişikliyə məhkum vəziyyətdədir. Və belə vəziyyətin region dövlətləri üçün yeni geopolitik prioritetlər ehtiyacı yarada biləcəyi də qətiyyən istisna deyil.
Əslində, bu ehtiyacın ilkin əlamətləri məhz Ermənistanın timsalında ortaya çıxmaqda olduğu artıq müşahidə edilməyə başlayıb. Belə ki, rəsmi İrəvan ötən ilin sonlarına qədər Bayden administrasiyasının ifrat ermənipərəst mövqeyinin təsiri altında hərəkət edirdi. Xüsusilə də, Ermənistanı ABŞ, Avropa Birliyinin və Fransanın geopolitik müstəmləkəsinə çevirmiş rəsmi İrəvan Qərbdən gələn bütün təlimatları dərhal qeyd-şərtsiz yerinə yetirirdi. Və bu, Ermənistandan daha çox Paşinyan hakimiyyətinin siyasi maraqları çərçivəsində baş verirdi.
Ancaq artıq Bayden administrasiyası mövcud deyil. Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına cəmisi bir həftə qalmış tez-tələsik imzalanmış ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi indi Ağ Evdə heç kimin yadına düşmür. Yəni Tramp adminstrasiyası Ermənistan kimi, heç nəyə yaramayan, bütün istiqamətlər üzrə yalnız problemlərdən başqa heç bir şey ifadə etməyən strateji tərəfdaşa ehtiyac duymur. Və indi Tramp adminstrasiyasının başı Ukrayna böhranını ABŞ-ın maraqları çərçivəsində həll etmək planlarına qarışıb.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan son dəvətsiz ABŞ səfəri sayəsində bu reallığa tam şəkildə əmin olmaq şansı qazandı. ABŞ-dan əliboş və məyus geri dönən erməni baş nazir son ümidlərini Avropada sınaqdan keçirtdi. Ancaq Ermənistanın əsas beynəlxalq himayədarı olan Fransada və Avropa Birliyinin avanqard dövləti Almaniyada da axtardığını tapa bilmədi.
Çünki hazırda həm Fransa, həm də ümumiyyətlə, Avropa Birliyi öz gələcək taleyini xilas etmək üçün çıxış yolları axtarır. Bu səbəbdən də, hazırda Ermənistan demək olar ki, kimsənin yadına düşmür, ən azından hələlik maraq dairəsindən kənardadır. Və belə vəziyyətdə Ermənistan üçün xarici himayədarlar artıq "qoruyucu faktor" rolunu itirmiş olur.
Ona görə də, rəsmi İrəvan yenidən regional sülh masasına geri dönmək məcburiyyətində qalıb. Halbuki, son vaxtlara qədər Paşinyan hakimiyyəti davamlı olaraq, Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bəyan edirdi. Ancaq ABŞ, Avropa Birliyi və Fransanın təlimatları sülh prosesini pozan addımlar atırdı. Yəni, rəsmi İrəvan sülh prosesi ilə manipulyasiyalar edib, səhnə arxasında Ermənistanı revanşa götürə biləcək yeni savaşa hazırlaşırdı. Və xarici təlimatlara bağlı "xəyalpərəst siyasət" Ermənistana olduqca dəyərli zaman itkisinə başa gəlmiş oldu.
Maraqlıdır ki, indi sülh masasına geri dönməyə can atan rəsmi İrəvan Azərbaycanın şərtlərini qəbul etməyə daha hazır görünür. Belə ki, ABŞ və Qərbin himayədarlıq dəstəyinin ciddi şəkildə zəiflədiyinin fərqində olan Paşinyan hakimiyyəti indi rəsmi Bakının "qapı"sını döymək niyyətinə düşüb. Çünki Paşinyan hakimiyyəti indiki blokada şəraitində Ermənistanın uzun müddət duruş gətirə bilməyəcəyinin fərqindədir. Ermənistanı blokadadan çıxara biləcək yeganə yol isə sülh masasından keçir. Və rəsmi İrəvanın Türkiyə ilə bu mövzuda apardığı danışıqlar da həmin yola eyvanlarla diqqəti çəkib.
Məsələ ondadır ki, rəsmi İrəvan israrla Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına çalışırdı. Əslində, rəsmi Ankara da qətiyyən buna qarşı deyil, əsasən pozitiv mesajlar verir. Ancaq Paşinyan hakimiyyətinə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində yeganə baza şərti irəli sürülür. Və Ermənistandan əvvəlcə Azərbaycanla yekun sazişinin imzalanması tələb olunur.
Belə anlaşılır ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması da birbaşa Azərbaycandan asılıdır. Yəni, Paşinyan hakimiyyəti əvvəlcə rəsmi Bakı ilə sülh masasında anlaşmalıdır, yalnız bundan sonra Türkiyə istiqamətinə boylanmalıdır. Əks halda, rəsmi Ankara sərhədlərin açılması ilə bağlı danışıqlardan imtina etməyəcək, ancaq buna razılıq da verməyəcək. Və bu, o deməkdir ki, Ermənistanın əsas problemlərinin həlli yolları hazırda birmənalı şəkildə rəsmi Bakıya bağlıdır.
Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün əsas şərtləri isə qəliz deyil və birmənalı şəkildə beynəlxalq hüquq normalarına uyğundur. İlk növbədə yekun sülh sazişinin mətni tamamilə razılaşdırılmalıdır. Ancaq həmin sənədin imzalanmasından öncə rəsmi İrəvan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan bəndləri təmizləməlidir. Eyni zamanda, rəsmi İrəvan Minsk Qrupunun ləğv olunması üçün Azərbaycanla ortaq şəkildə ATƏT-ə müraciət etməlidir. Və nəhayət, Avropa Birliyinin mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən casus-kəşfiyyat şəbəkəsi də Ermənistandan çıxarılmalıdır.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı prosesə artıq start verib. Üstəlik, baş nazir Nukol Paşinyan Ermənistanın mövcud konstitusiyasının qəbulu zamanı bəzi qeyri-legitim addımların atıldığını da xatırladıb. Erməni baş nazir Ermənistanın gələcək inkişaf perspektivləri naminə yeni konstitusiyanın qəbulunu qaçılmaz hesab edir. Və rəsmi İrəvanın referendum anonsu altında bu sənədin ictimai müzakirələrinə də start verilib.
Göründüyü kimi, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyini itirməkdə olan Ermənistanı xilas etməyə çalışır. Xilas yolu isə hazırda yalnız Bakıdan keçir. Paşinyan hakimiyyəti indi istənilən halda, rəsmi Bakının "qapı"sını döyməyə məcbur qalıb. Ancaq o "qapı"nı döyməkdən öncə mütləq rəsmi Bakının prinsipial şərtlərini də yerinə yetirməlidir. Əks halda, rəsmi İrəvan "döydüyü qapının" arxasında müddətsiz olaraq, gözləməli olacaq. Və rəsmi İrəvanın itirəcək zamanının qalmadığını da nəzərə aldıqda, bu, Ermənistan üçün qaçılmaz intihar xarakteri daşıya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"