
Ukraynada müharibə başlayandan ABŞ və Rusiya rəsmiləri arasında ilk yüksəksəviyyəli görüş Səudiyyə Ərəbistanında baş tutdu. İndi də Ər-Riyadın ABŞ ilə İran arasında vasitəçilik etməyə çalışdığı xəbərləri yayılır.
Bu haqda ilk xəbəri CNN yayaraq bildirib ki, Səudiyyənin vasitəçiliklə bağlı rəsmi təklif irəli sürüb-sürmədiyi bəlli deyil. AzadlıqRadiosunun müxbiri Kian Şərifi təhlilçilərə istinadla yazır ki, Ər-Riyadı danışıqlara vasitəçiliyə sövq edən güclü səbəblər var, ABŞ və İranı danışıqlar masasına çəkməkdən ötrü ənənəvi vasitəçilərdən daha yaxşı mövqedədir.
"Ər-Riyad İranın nüvə proqramı, eləcə də onun regiondakı fəaliyyəti, əlaltılarına dəstəyi ilə bağlı narahatlıqları yoluna qoymağın yollarını axtarır", – ABŞ-də yerləşən Avrasiya Qrupun aparıcı təhlilçisi Qreqoru Brü deyib.
"Ər-Riyadın Körfəzdə eskalasiyadan yayınmaqda maraqlı olduğunu nəzərə alsaq, yəqin ki, diplomatiyaya bu məsələləri həll edəcək daha effektiv vasitə kimi baxır, nəinki hərbi əməliyyata", – o, sözlərinə əlavə edib.
Sabitlik istəyən Səudiyyə
Səudiyyə Ərəbistanı 2016-cı ildə İranla əlaqələri kəsib. O zaman Ər-Riyadda aparıcı şiə ruhaninin edamından sonra İranda etirazçılar onun diplomatik missiyalarına hücum etmişdilər. İki ildən sonra ABŞ prezidenti Donald Tramp Vaşinqtonu İranla 2015-ci il nüvə sazişindən çıxaranda Səudiyyə də bu addımı alqışlayanlar sırasında yer aldı.
2019-cu ildə Yəməndə İranın dəstəklədiyi husi yaraqlılar Səudiyyədə neft obyektlərinə dron və raket hücumu həyata keçiriblər, krallıqda xam neft hasilatında ciddi fasilə yaradıblar.
Ancaq o vaxtdan çox şey dəyişib, 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə Tehranla Ər-Riyad arasında əlaqələr bərpa olunub.
Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsini qlobal iqtisadi və diplomatik güc mərkəzi kimi göstərməyə çalışır. Onun "Vision 2030" planının hədəfi krallığın iqtisadiyyatını şaxələndirmək, neftdən asılılığını azaltmaqdır.
Bundan ötrü Səudiyyə Ərəbistanına Yaxın Şərqdə sabitlik lazımdır.
"Səudiyyə Ərəbistanının Tehranla Vaşinqton arasında vasitəçilik həvəsi heç də siyasi boşluqdan yaranmayıb", – bunu isə Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun İran üzrə təhlilçisi Behnam Ben Taleblu deyir.
İran və Səudiyyə Ərəbistanı 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa edib.
"Diplomatiya yolu ilə Tehranı üslub cəhətdən razı salmaq, lakin mahiyyətcə Qərb orbitində qalmaqla Ər-Riyad özünü İranın da iştirakı ilə daha böyük regional münaqişə meydanına çevrilməkdən qorumağa ümid bəsləyir",– o, sözlərinə əlavə edir.
Tehran rəsmi olaraq nüvə silahı əldə etmək niyyətinin olmadığını deyir. Amma digər tərəfdən, ölkədə nüvə proqramının hərbləşdirilməsi barədə müzakirələr də artır. Özəlliklə də İsrailə və ABŞ-yə qarşı əsas çəkindirici faktorlar sayılan regional əlaltılarının zəiflədiyi bir vaxtda.
"Ər-Riyad qətiyyətlə deyir ki, dinc nüvə proqramına yiyələnmək İranın öz işidir", - Bunu Səudiyyə Ərəbistanında yerləşən Körfəz Araşdırma Mərkəzinin sədri Əbdüləziz Saqer AzadlıqRadiosunun fars xidmətinə söyləyib. Di gəl, təhlilçinin fikrincə, Tramp nüvə sazişindən çıxandan sonra İranın nüvə proqramını genişləndirməsi onun dinc məqsədli qalacağına təminat vermir.
İranı danışıqlara sövq edən səbəblər
İranın Ali dini lideri Əli Xamenei ötən ay Trampla yeni nüvə sazişi üzrə birbaşa danışıqlar ehtimalını rədd edərək deyib ki, ABŞ prezidentinə bel bağlamaq olmaz.
Ekspertlərin sözlərinə görə, burada Səudiyyə Ərəbistanı qətiyyətli davrana, diplomatik əzələ göstərə bilər.
"Kağız üzərində səudiyyəlilər iranlılara Oman və Qətər kimi ənənəvi vasitəçilərdən fərqli şeylər təklif edə bilərlər", - Q.Brü belə deyir.
Səudiyyə Ərəbistanı 2023-cü il normallaşma sazişindən İrandan daha çox faydalanıb. İranda çoxları gileylənirlər ki, Tehran bu sünni dövləti ilə əlaqələrin bərpasından iqtisadi baxımdan az qazanıb.
"İran hansısa razılaşmadan iqtisadi fayda alacağına əmin olmaq istəyir. Səudiyyə Ərəbistanı isə bunu əldə etməyin təbii yoludur, əgər səudiyyəlilər sərmayə, ticarət və digər imtiyazlar təklif edə bilərlərsə", – Brü əlavə edir.
Səudiyyənin vasitəçiliyinə razılaşmaq üçün digər səbəb odur ki, necə ki ABŞ-nin keçmiş prezidenti Barak Obama Tramp administrasiyasının 2015-ci il nüvə sazişində qalacağına təminat verə bilməzdi, Tramp da növbəti administrasiya ilə bağlı bunu edə bilməz.
"Məhəmməd bin Salmanın isə uzun müddət hakimiyyətdə qalacağı gözlənilir, Səudiyyə sazişi cəlbedici eləyə bilər", – Brü söyləyir.
2013-cü ildə İranla ABŞ əvvəlcə gizli danışıqlar apardı, sonra açıq görüşlər keçirdi və sonucda 2015-ci ildə nüvə sazişi imzalandı.