
Bakının Sabunçu rayonunda məclis quran dörd dostun zəhərlənmə səbəbindən həyatını itirməsi ötən il paytaxtdakı otellərdən birində bənzər formada ölən dostlarla bağlı məsələni gündəmə gətirib. Belə ki, Sabunçudakı hadisədə şəxslərin spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, dostlar bir yerdə texniki spirt qəbul ediblər.
Xatırladaq ki, ötən il mayın 6-da Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” otelində dörd nəfərin viskidən zəhərləndiyi iddia edilmişdi. Sözügedən faciəvi faktlar spirtli içkilərdən zəhərlənmə halları ilə bağlı müzakirələrə səbəb olub.
Alkoqollu içkilər hansı hallarda ölümə yol açır?
Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, bəzən qida üçün nəzərdə tutulmayan spirtli içkilərdən zəhərlənmə halları baş verir:
“Bura metil spirti də daxildir. İşbazlar daha çox gəlir əldə etmək üçün bundan istifadə edirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bunların qarşısını almağa çalışsa da, bəzilərində vicdan hissi yoxdur. Metil spirtindən hazırlanan içkilərdən qida zəhərlənmələri olur. Bu cür içkiləri seçmək mümkündür. Belə ki, etiketləri düzgün vurulmur və ya iki butulkanı yan-yana qoyanda əyrilik hiss edilir. Bundan əlavə, qapaqların bağlanmasında da deformasiyalara rast gəlirik. Ümumiyyətlə sağlamlıq üçün spirtli içkilər qəbul etməmək daha yaxşıdır. Lakin edirlərsə, heç olmasa sözünü demiş markalara, arxayın olduqları zavod məhsullarına müraciət etsinlər. İnsanlar araşdırmırlar, nə gəldi alıb yeyirlər, içirlər. Ona görə də zəhərlənmə halları baş verir. Ümid edirəm, istehlakçılar bundan sonra daha ayıq olacaq və məhsulların hazırlanma şərtlərini öyrənəcəklər”.
Şərabçı, professor Vüqar Mikayılov isə deyib ki, insanın içkidən zəhərlənməsi qeyri-mümkündür:
“Bir adam zəhərlənmək üçün minimum 1 litrdən çox içki içməlidir. Viskidən zəhərlənmə digər məhsullardan zəhərlənmə ehtimalıdan çox azdır. Ümumiyyətlə Azərbaycanda hansı hadisə olur-olsun hamısını spirtli içkinin üzərinə atırlar. Elə bil kimsə şərabçılığın, alkoqollu içkilər sahəsinin əleyhinədir, inkişafdan qalmasının tərəfdarıdır. Halbuki öz məhsullarımız istər Rusiya, istər Belarus və digər yerlərin içkilərindən keyfiyyətlidir. Zəhərlənmə içkidən olubsa, bunun analizləri göstərilməlidir. “Texniki spirt” yazıblar, amma nə olduğunu bilmirlər”.