
“Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilməlidir”.
Milli Məclisin deputatı Mübariz Qurbanlının bu təklifi ölkə ictimaiyyətində fikir ayrılığına səbəb olub.
Deputat hər nə qədər “bu yanaşmaya heç kim etiraz etməməlidir” desə də, mövzunu şərh edən ekspertlər onun təklifini birmənalı qarşılamayıb.
M.Qurbanlı bildirib ki, kişilərin ailə quranda qadına işləməyə icazə verməməsi qadınların təqaüd məsələsinə təsir göstərir: “Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.
Deputatın pensiya yığım kapitalının ərlə arvad arasında bölünməsi təklifini şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov zaman- zaman Milli Məclis üzvlərinin qeyri-standart açıqlamalar verməsindən gileylənib:
“Deputatın yanaşması elə məndə də cavabsız suallar doğurub. Maraqlıdır, Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statistikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23 faizini təşkil edir. Bunların da çoxu qadınlardır. İndi DSMF hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud qadın sadəcə könüllü olaraq evdar qadın olub? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçün heç məşğulluq orqanlarında uçota da durmayıb. Fikrimcə, bir yol qalır. Gərək qadın məhkəmə qaydasında iddia qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın, məncə, onun “işləmə” qadağasını da iqnor edə bilər”.
S.Məmmədovun sözlərinə görə, təklifin reallaşmasına əngəl törədən digər problem yığım kapitalının həcmidir:
“Deyək ki, qadın məhkəmə yolu ilə sübut etdi ki, onu işləməyə əri qoymayıb. Bu halda kişinin yığım kapitalı iki hissəyə bölünəcək və 90 faiz halda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına çatana qədər minimum həddə çatmayacaq (bu ildən 46080 manat) və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən halda eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir? Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, əmin olun ki, 95 faiz halda heç biri əmək pensiyası ala bilməyəcək. "Əmək pensiyaları haqqında" qanuna görə ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa, ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasından azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər. Məndə hələ məsələnin ən sadə forması ilə bağlı suallar yarandı. Bəs, boşanma zamanı necə olacaq? Yaxud da evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, xanım da etiraz etməyib. Lakin evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?”.