![Vətəndaşların adından onlayn kreditlər necə götürülür? Vətəndaşların adından onlayn kreditlər necə götürülür?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739166460_0001.jpg)
Dələduzların vətəndaşın adından kredit götürməsi ilə bağlı şikayətlər günü-gündən artır. İndi də dələduzlar mobil operatorların adından istifadə edərək vətəndaşların adlarına kredit rəsmiləşdirirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bu dələduzluq faktını təsdiqləyib.
Mobil operatorlar adından gələn zənglərdə diqqətli olun!
ETX-nin yaydığı məlumatda bildirilir ki, "TikTok" sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir:
"Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir"
Dələduzlar vətəndaşların adından krediti hansı yolla götürür?
Dələduzların qurbanlarının siyahısı isə günü-gündən genişlənir. Vətəndaş Aqil Babayev bildirib ki, dələduzlar vətəndaşın adından 15 min manat kredit götürüblər. Belə ki, operator adından zəng edən dələduzlar, mobil internetin sürətini artırmağı vəd ediblər. Bu məqsədlə ondan bir neçə əməliyyat icra etməsini tələb ediblər.
Aqil Babayev deyir ki, telefon yenidən açılanda dələduzların qurbanına çevrildiyini anlayıb. Onun adından online yol ilə 15 min manat kredit götürülüb. Həmin məbləği isə daha sonra öz hesablarına köçürüblər. Vətəndaş bununla bağlı banka da müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, problemlə əlaqədar Aqil Babayevin müraciəti artıq qeydə alınıb. Vətəndaşın müraciəti əsasında araşdırma aparılır və qanuna müvafiq tədbirlər görüləcək.
Balakən şəhər sakini Ülkər Qurbanova mobil operator nümayəndəsi kimi təqdim olunan bir şəxsdən aldığı zəng nəticəsində böyük maddi itkiyə uğrayıb.. Mobil operatorun əməkdaşı kimi özünü təqdim edən şəxs Ülkər Qurbanovaya 5G xidməti üçün üztanıma tətbiqini aktiv etməyi təklif edib. Tətbiqi aktiv etdikdən sonra gənc xanımın telefonuna giriş məhdudlaşdırılıb. Ülkər Qurbanova baş verənlərdən şübhələnərək dərhal bankla əlaqə saxlayıb. Bankdan ona hər şeyin qaydasında olduğu bildirilsə də, telefonunda hələ də problem yaşadığı üçün bankın bir filialına gedib. Orada isə ona adına 18 828 manatlıq kredit götürüldüyü və aylıq 529 manat 30 qəpik ödəməli olduğu bildirilib.
Ülkər Qurbanova Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyən və yalnız 500 manat məvacib alan bir şəxs olaraq böyük bir kredit öhdəliyi ilə qarşılaşıb. Məlum olub ki, bu kredit yalnız ona xeyli zərər vurmayıb, eyni zamanda aylıq maaşından da artıq ödəniş tələb olunur.
Zərərçəkən dərhal bank və polisə müraciət edib. Bank onun müraciətinə əsasən hesablarını dondursa da, ertəsi gün köçürmə həyata keçirilib və kreditin bir hissəsi silinib. Lakin Ülkər Qurbanova hələ də çıxılmaz vəziyyətdədir və ona nə etmək lazım olduğu sualı gündəmə gəlir.
Banklar günahı öz üzərlərindən atır
Banklar isə qəti şəkildə vətəndaşın öz razılığı olmadan və mobil telefon üzərindən müəyyən prosedurlar həyata keçirilmədiyi təqdirdə adına onlayn kredit ayrılmasının mümkün olmadığını iddia edirlər.
Əlaqə saxladığımız banklardan Sputnik Azərbaycan-a bildirilib ki, banklar onlayn kredit müraciətini qəbul etdikdən sonra vətəndaşın özü ilə əlaqə saxlayırlar. Ondan krediti hansı məqsəd üçün götürdüyünü, eləcə də gəlirlərini dəqiqləşdirirlər. Bundan sonra vətəndaşın icazəsi ilə onun kredit tarixçəsinə baxılır. Əgər vətəndaşın kredit tarixçəsi müsbətdirsə, ona onlayn kredit ayrılır, yaxud kredit kartındakı limit artırılır.
Əlaqə saxladığımız banklardan bildirdilər ki, əgər vətəndaş adına onlayn kredit ayrılmasını istəmirsə banka bununla bağlı ərizə ilə müraciət edə bilər. Bu zaman onun adından onlayn kreditlə bağlı heç bir müracətə baxılmayacaq.
Bankla müqavilələrə diqqət edin!
Bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, banklar vətəndaşlara kredit kartı verdikdə müqaviləyə onlayn kreditin ayrılması ilə bağlı bənd əlavə edirlər. Onun sözlərinə görə, çox vaxt müştərilər bu bəndin müqaviləyə salınmasından xəbərsiz olur, yaxud müqaviləni oxumadan imzalayır.
"Banklar onlayn kreditlə bağlı müştərilərlə müqaviləyə müəyyən bəndlər daxil etsələr də, Azərbaycan bankları müştərilərə banka getmədən kredit ayırmağa hazır deyillər. Çünki, bankların informasiya təhlükəsizliyi sistemi buna hazır deyil. Dələduzlar necə bank kartlarından pulları ələ keçirirlərsə, eləcə də kredit kartlarının balansını artırmaqla, vətəndaşları aldatmaqla vəsaitləri ələ keçirə bilirlər. Ona görə də, çox yaxşı olardı ki, banklar onlayn kreditlə bağlı bəndi müqavilədən çıxartsınlar", deyə hüquqşunas bildirib.
Ə.Həsənov deyir ki, vətəndaşlar məhkəməyə müraciət edərək kreditin onların adından çıxardılmasını tələb etməlidirlər. Amma o, vurğulayır ki, bu vətəndaşlara elə də asan başa gəlmir: "Çünki, məhkəmələr bankların tərəfini tuturlar. Baxmayaraq ki, banklar məhkəməyə heç bir ekspertiza sənədi təqdim etmirlər. Bank nüməyəndələri məhkəmədə boş-boş danışırlar ki, güya parol vətəndaş tərəfindən daxil edilib. Amma heç kəs bank nümayəndəsindən soruşmur ki, vətəndaşın icazəsi olmadan parollar o sistemə necə daxil edilib. Bəlkə bunu elə bankın öz əməkdaşları ediblər. Bankın təhlükəsizlik sistemi məhkəmədə sorğulanmır".
Ona görə də Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank banklara onlayn kredit rəsmiləşdirilməsini qadağan etməlidir. Çünki, dələduzların vətəndaşların adından onlayn kredit götürməsi ilə bağlı şikayətlərin sayı günü-gündən artır.