![Sahil Babayevi buna görə GƏTİRİBLƏR Sahil Babayevi buna görə GƏTİRİBLƏR](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739164278_0001.jpg)
Ötən həftəsonu bir neçə təyinatla yadda qaldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verənlər diqqətləri bir neçə istiqamətə çəkdi.
Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarılandan az sonra mediada belə bir iddia dolaşmağa başladı ki, supernazirlik yaradılır. Guya Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti bir qurumda birləşdiriləcək. Yeni təsis edilən təşkilatın başına Sahil Babayev gətiriləcək.
Bu xəbərə inananları sayı sürətlə artırdı. Gömrük Komitəsində bu gün də davam edən maaş böhranını belə bu məsələyə bağlayanlar vardı. Amma deyilənlər olmadı. İdarəetmədə status-kvo saxlandı.
Fevralın 6-da Sahil Babayev Prezident İlham Əliyevin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarıldı. Prezident onu digər sərəncamla maliyyə naziri təyin etdi. Həmin gün dövlət başçısı üçüncü bir sərəncam da imzaladı. Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi. Bu təyinata kimi A.Əliyev sözügedən nazirlikdə müavin postunu tutub.
Sahil Babayevin maliyyə nazirliyinə rəhbər gətirilməsi bir sualı aktuallaşdırdı: Niyə məhz o? İndi bu sual xeyli insanın düşüncəsinə hakim kəsilib.
Yeri gəlmişkən, bu, ilk deyil. İdarəçilikdə bənzər faktlar olur. Məsələn, Mikayıl Cabbarov təhsil naziri, vergilər naziri kimi mühüm postlar tutub. 2019-cu ilin oktyabr ayında Prezidentin sərəncamı ilə iqtisadiyyat naziri təyin olundu. Başqa nümunələr də var.
S.Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi 7 ildə daha çox “qənaətcil məmur” kimi ad çıxarıb. O, nazir olduğu müddətdə 100 minlərlə vətəndaşı narazı salıb. Buna rəğmən, geri addım atmayıb. Onu Azərbaycanda daha çox “pensiya kəsən”, “uşaqpulu verməyən”, “müavinətləri azaldan”, “ünvanlı sosial yardımları dayandıran” nazir kimi xatırlayacaqlar. Sadə xalq düşünür ki, Sahil Babayev ona pislik edib. Çörəyini kəsib. Amma bir gerçəklik var ki, istər Füzuli Ələkbərovun vaxtında, istərsə də Səlim Müslümovun dövründə pensiya, əlilliyə görə ödəniş, ünvanlı sosial yardım məsələsində çox saxtakarlıq edilib. S.Babayev dövlətin ən ali ünvanından gələn tapşırıqlara əməl edib, bu sahədə sistem yaratmağa çalışıb. Şərtləri ağırlaşdırıb, nəzarəti artırıb. Tənqidlərə sinə gərib, addımlarını əsaslandırmağa çalışıb – yalnız sözlə yox, rəqəmlərlə, faktlarla, hesabatlarla.
Düzdür, xalqı inandırmaq olmaz ki, Sahil Babayev sırf maaşla dolanıb, tam şəffaf fəaliyyət göstərib. Kasıb, ehtiyac içində olan təbəqəyə qarşı göstərdiyi prinsipiallığı, tələbkarlığı özünə qarşı da tətbiq edib. Azərbaycanlılar nəyə inansalar da, hansısa nazirin təmiz işləməyinə çətin inanarlar. Hətta o nazir və digər vəzifə sahibləri aldıqları maaşdan başqa heç nəyə tamah salmasalar, dürüst olsalar da, xalq yenə quşqulanar. Xalqın belə düşünməsinin sadə səbəbi var: “Aşıq gördüyünü çağırar”…
Sahil Babayevin maliyyə naziri təyin olunmasının məntiqi onun ƏƏSM-dəki qənaətcil, tələbkar və təftişçi fəaliyyəti ilə izah oluna bilər. Görünür, dövlətin müxtəlif təbəqələrindəki “qara kassaları”, gizli maliyyə axınlarını aşkarlamaq, onları yox etmək üçün Sahil Babayev Maliyyə Nazirliyinə gətirilib. Samir Şərifovun uzun illər bu posta qalması ola bilsin, bir çox məsələləri görməsinə, proseslərə daha geniş viziondan baxmasına imkan vermirmiş. Yəqin, ona görə də Maliyyə Nazirliyi kimi vacib bir struktur ən yüksək səviyyədə güvən qazanmış, sınaqdan keçmiş kadra həvalə edilib.
Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyinatının bir səbəbi də, görünür, bununla bağlıdır. Sahil Babayevin vasitəsilə qurulmuş sistemə “yad adamın” buraxılması məqsədəuyğun sayılmayıb. Bu həm də o deməkdir ki, ƏƏSMN-in fəaliyyətinə nəzarət paketi bir müddət Sahil Babayevdə olacaq. İki mühüm postun vahid nəzarət sistemi altında saxlanılması yeyinti və talançılığın qarşısının alınmasına hesablanmış ola bilər.
Sahil Babayevə bu yüksək etimad son 7 ildə ona baha başa gəldi. İctimai rəydə ən çox tənqid edilən, yamanlanan, söyülən nazir oldu. Maraqlarına toxunduğu, qazanclarına çomaq soxduğu “maliyyə imperatorlarının” da onun gözdən salınması üçün fəaliyyətə keçdiyi sirr deyil. Maliyyə naziri kimi də S.Babayevi sakit həyatın gözləmədiyi məlumdur. Çünki burda daha ciddi ünvanlara, təsir imkanları geniş olan təbəqələrə, geniş səlahiyyətli şəxslərə “savaş” açmalı olacaq…
Bir şey indidən aydındır: dövlət maliyyə talançılığının, korrupsiyanın qarşısını almaq üçün ciddi tədbirlər görmək məcburiyyətində qalıb. Ayrı-ayrı qurumların daxilində nəzarət mexanizmləri yaradılıb. Daha hansısa agentlik rəhbəri, komitə sədri, nazir əvvəlki kimi dövlət vəsaitini rahatca dağıda, ürəyi istədiyi maliyyə fırıldaqlarını tətbiq edə bilmir. Bir maşın qumun, iki lafet çınqılın hesabatı aparılırsa, demək, tələb və nəzarət kifayət qədər artırılıb.
Buna baxmayaraq, yeyinti, talançılıq, korrupsiya hələ də davam edir. Sadəcə, bunu azaltmaq, minimuma salmaq üçün yalnız həbslər, işdən çıxarılmalar yetərli olmadı. Sistem və kadr dəyişikliyi edilməsinə ehtiyac yaranıb.
Dövlət artıq manatın belə hesabını aparmaq üçün fəaliyyətə keçib. Bu nəzarət xalqın həyatına, dolanışığına birbaşa təsir etsə, daha effektiv olacaq, dəstəklənəcək.
Ümumiyyətlə, qarşıdakı zamanda bu təyinatların nə qədər effektiv olacağını ictimaiyyət görə biləcək.
Azər Ayxan
Globalinfo.az