![Tramp ermənilərə satılmışları dinləyəcəkmi? Tramp ermənilərə satılmışları dinləyəcəkmi?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739175230_0001.jpg)
ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı, yəni demokratlardan və respublikaçılardan ibarət qrupu növbəti dəfə Vaşinqton ilə İrəvan arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi təşəbbüsü ilə çıxış edib. Qrupun həmsədrləri Frenk Pallone, Qas M. Bilirakis, Bred Şerman və Devid Q. Valadao ABŞ-nin dövlət katibi Marko Rubiyoya məktub ünvanlayaraq, "Ermənistan və Cənubi Qafqaz regionu ilə bağlı ABŞ siyasətinin prioritet istiqamətləri"ndən bəhs ediblər.
İlk və ya səthi baxışda bu məktub Birləşmiş Ştatlar ilə kiçik və yoxsul Ermənistan arasında strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, habelə Cənubi Qafqazda regional sabitliyin gücləndirilməsinin vacibliyi haqqında standart diplomatik müraciət kimi görünür. Fəqət "ütülü" diplomatik ritorikanın və kazuistikanın arxasında bir gerçək gizlədilir: bu konqresmenlər əslində Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarını təkrarlayır, ABŞ-dəki erməni diasporunun sifarişlərini də vurğulamağı unutmurlar. Onlar konkret və açıq şəkildə Vaşinqtonu Azərbaycanın və Türkiyənin maraqlarına qarşı çıxmaqla ABŞ-nin regional siyasətində balansı pozaraq yalnız İrəvanı tam, total və ən başlıcası, birtərəfli dəstəyini təmin etməyə çağırırlar.
Məktubda əsas diqqət bu ilin yanvarın 15-də Vaşinqtonda ABŞ və Ermənistan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında" Xartiyadakı marazmatik müddəaların inkişafına yönəldilib.
Ermənidən artıq erməni olmağa çalışan - təbii ki, erməni pullarının sayəsində- konqresmenlər vurğulayırlar ki, sözügedən sənəd, sən demə, "Ermənistanın 2018-ci il "məxməri inqilab"dan sonra həyata keçirdiyi islahatları" əks etdirir.
Məktubda qeyd olunur ki, “strateji tərəfdaşlıq ölkələrimiz arasında əlaqələrin güclənməsi, ABŞ-nin Ermənistan iqtisadiyyatına investisiyalarının artması və demokratik dəyərlərin təşviqi üçün imkanlar açır”.
Di gəl, bu "tərəfdaşlıq"da diqqət mərkəzində olan əsas məqamlar suallar doğurur.
Konqresmenlərin fikrincə, "Ermənistan ABŞ-nin Türkiyə və Azərbaycanın tətbiq etdiyi blokadanın nəticələrinin aradan qaldırılmasında köməyinə ehtiyac duyur". Bundan əlavə, məktubda "123-cü saziş" kimi tanınan atom enerjisi sahəsində əməkdaşlıq barədə razılaşmanın imzalanmasının sürətləndirilməsi çağırışı yer alıb. Məktub müəllifləri iddia edirlər ki, həmin saziş “Ermənistanın enerji sektorunun müxtəlifləşdirilməsi üçün əsas olacaq” və ölkənin Rusiyadan asılılığını azaltmağa kömək edəcək. Çağırış sadəcə, səslənmədə "nəcib və normal" təsir bağışlayır.
Fəqət, unutmayaq ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Üstəlik, Qərbin tətbiq etdiyi çoxsaylı sanksiyalardan yayınma prosesində Rusiyanın asanlıqla və rahatlıqla istifadə etdiyi ölkələr arasında Ermənistan əlahiddə yer tutur.
ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı qrupunun məktubunda ən ziddiyyətli təşəbbüslərdən biri "Ermənistanla müdafiə əlaqələrinin gücləndirilməsi" çağırışı olub. Qrupun həmsədrləri, o cümlədən Frenk Pallone, Qas M. Bilirakis, Bred Şerman və Devid Q. Valadao Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemləri və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə vasitələri ilə təmin edilməsi məsələsinə baxılmasını təklif ediblər.
Bu, Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş addım kimi sırına bilər, ancaq səsləndirilən təşəbbüslər ABŞ-nin strateji maraqları üçün ciddi təhlükə yaradır.
Ermənistan KTMT-nin üzvü olaraq müdafiə məsələlərində böyük ölçüdə Moskvadan asılı vəziyyətdədir. 2023-cü il məlumatlarına görə, Ermənistanın hərbi təchizatının 96%-i Rusiyadan daxil olub, bu isə ölkəni demək olar ki, tamamilə Rusiyanın hərbi-sənaye kompleksindən asılı vəziyyətə gətirir. Bundan əlavə, 1995-ci il sazişi əsasında fəaliyyət göstərən Gümrüdəki 102-ci Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa davam edir. Belə durumda İrəvanın ABŞ istehsalı olan müasir HHM sistemləri və ya pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyaları ilə təmin edilməsi gizli texnologiyaların Rusiyanın əlinə keçməsi riskini yaradır.
Bu, xüsusilə Rusiya ilə Qərb arasında artan qarşıdurma şəraitində daha aktualdır. ABŞ-nin analitik mərkəzlərinin hesabatlarına əsasən, Rusiya artıq digər ölkələrlə əməkdaşlıqdan istifadə edərək Qərb texnologiyalarını öyrənməyə çalışır. Ermənistanın rus təsirinin dominant olduğu bir vəziyyətdə bu ssenarinin ehtimalı olduqca yüksəkdir.
Xatırladaq ki, ABŞ və Ermənistan arasında 2023-cü ilin sentyabr ayında keçirilən “Eagle Partner” adlı birgə hərbi təlimlər regionda böyük rezonans doğurmuşdu.
Təlimlər genişmiqyaslı olmasa da, Bakı və Ankara tərəfindən Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq cəhdi kimi qəbul edildi. Əsas sual budur: İrəvan həqiqətən ABŞ üçün müdafiə sahəsində etibarlı tərəfdaş ola bilərmi? Ermənistanın iqtisadi asılılığı və KTMT çərçivəsindəki siyasi öhdəlikləri Vaşinqtonla dərin əlaqələrin qurulmasına ciddi maneələr yaradır.
Statistikaya görə, Ermənistanın xarici ticarət dövriyyəsinin 32 faizi Rusiya ilədir ki, bu da ölkənin iqtisadi müstəqilliyinə ciddi şəkildə təsir göstərir. Bundan əlavə, Ermənistan sərhədlərinin təhlükəsizliyinin ABŞ proqramları hesabına gücləndirilməsi təklifi əlavə suallar doğurur.
ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2024-cü ildə Ermənistanın ixracat nəzarəti və sərhəd təhlükəsizliyini gücləndirmək üçün 24 milyon dollar ayrılıb. Bununla belə, məhdud resurslar və Moskvanın təsiri altında olan strateji vəziyyət nəzərə alındıqda, bu tədbirlərin effektivliyi şübhə altındadır.
Ermənistana müasir müdafiə texnologiyalarının, xüsusilə hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin ötürülməsi yalnız məlumat sızması risklərini artırmaqla yanaşı, regionda gərginliyin artmasına səbəb ola bilər.
Azərbaycan ABŞ-nin enerji təhlükəsizliyi sahəsində əsas tərəfdaşı kimi, belə addımları mütləq şəkildə düşmənçilik aktı kimi qəbul edəcək. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz təchizatının təxminən 20 faizini təmin edir. Vaşinqtonun Ermənistan naminə Bakı ilə münasibətləri pozması Avropanın enerji təhlükəsizliyini təhlükə altına qoya bilər ki, bu da ABŞ-nin xarici siyasət məqsədlərinə ziddir.
Onu da unutmayaq ki, NATO-nun üzvü və Vaşinqtonun mühüm müttəfiqi olan Türkiyə ABŞ-nin Ermənistana göstərdiyi hər hansı bir dəstəyi öz maraqlarına zərbə kimi qəbul edə bilər. Bu, xüsusilə Ermənistan və Türkiyə arasında son dövrlərdə yaranmış, lakin hələ də çox kövrək olan yaxınlaşma fonunda aktuallıq qazanır.
Ermənipərəst konqresmenlərin məktubunda "Azərbaycanın cəzalandırılması"na dair israrlı, hətta isterik təkidlər də xüsusi diqqət çəkir.
Burada 1992-ci ildə qəbul olunmuş, lakin son illərdə fəaliyyəti dayandırılmış "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin yenidən tətbiqi də daxil olmaqla, müxtəlif sanksiyaların tətbiqi tələb olunur. Konqresmenlər həmçinin Azərbaycan rəsmilərinə qarşı "Maqnitski Aktı" çərçivəsində qlobal sanksiyaların tətbiqini təklif edir, onları "hərbi cinayətlərdə və etnik təmizləmədə" ittiham edirlər. Halbuki bəhs etdiyimiz gerizəkalı suçlamalar 2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində erməni işğalındakı ərazilərimizin azad edilməsini və bunun nəticəsində Cənubi Qafqazda yeni reallığın formalaşmasını nəzərə almır. BMT və Avropa İttifaqı da daxil olmaqla beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bakının birtərəfli qaydada cəzalandırılmasına dair sarsaq tələblər yalnız regionda balansı pozmaqla qalmır, həm də mürəkkəb münaqişənin həllini tələb edən bir problemin kompleksliyini nəzərə almır.
Konqresmenlərin təşəbbüsləri Ermənistanın baş naziri Nikol Paşinyanın ritorikası ilə tamamilə üst-üstə düşür. Son aylarda o, ABŞ də daxil olmaqla, Qərblə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini dəfələrlə bəyan edib. Fəqət Paşinyanın əməlləri tez-tez bəyanatları ilə ziddiyyət təşkil edir. Bir tərəfdən, o, Ermənistanı xarici təsirlərdən azad etməyə çalışdığını bildirir, digər tərəfdən isə Azərbaycan və Türkiyəyə təzyiq göstərmək üçün beynəlxalq platformalardan istifadə edir, bunun Ermənistan üçün doğura biləcəyi nəticələri nəzərə almır. Bu cür siyasət Ermənistanın həm Qərbdən, həm də Rusiyadan dəstəyini itirdiyi təqdirdə tamamilə təcrid olunmasına səbəb ola bilər.
Əgər ABŞ prezidenti Donald Trampın administrasiyası ermənipərəst konqresmenlərin təzyiqlərinə uyarsa və Ermənistana Azərbaycanın maraqları hesabına fəal dəstək verməyə başlasa, bu, bir sıra mənfi nəticələrə səbəb ola bilər.
Birincisi, münaqişənin eskalasiyası baş verə bilər: Azərbaycan və Türkiyə bu addımları öz təhlükəsizliklərinə qarşı təhdid kimi qəbul edəcək ki, bu da hərbi gərginliyin artmasına səbəb ola bilər.
İkincisi, Bakı ilə münasibətlər pisləşə bilər: ABŞ-nin enerji sahəsində mühüm tərəfdaşı olan Azərbaycan Vaşinqtonla əməkdaşlığı yenidən nəzərdən keçirə bilər.
Üçüncüsü, regional sabitlik zərbə altında qala bilər: Ermənistana birtərəfli dəstək sərhədlərin delimitasiyası və itkin düşmüş şəxslərin axtarışı da daxil olmaqla, sülh prosesini dayandıra bilər. ABŞ-nin birtərəfli yanaşmadan çəkinərək daha balanslı və kompleks yanaşma nümayiş etdirməsi regionun uzunmüddətli sabitliyi üçün həlledici rol oynayacaq. Ermənistanın dəstəklənməsi dolayısı ilə Rusiyanın mövqeyini gücləndirəcək, çünki Rusiya Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olaraq qalır. Nəhayət, Ermənistana birtərəfli dəstək digər region ölkələri arasında ABŞ-nin siyasətinin ədalətsiz kimi qəbul edilməsinə səbəb ola bilər ki, bu da Vaşinqtonun nüfuzuna ciddi xələl gətirə bilər.
ABŞ-nin Ermənistana müasir müdafiə texnologiyalarının təqdim edilməsi və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifi Cənubi Qafqazdakı güc balansını pozan bir addım ola bilər. Vaşinqton uzunmüddətli strateji maraqlarını nəzərə almalı, regionun sabitliyini təhlükə altına atan birtərəfli təşəbbüslərdən çəkinməlidir. ABŞ qarşısında mürəkkəb bir seçim durur: Ermənistanın maraqlarını təmsil edən bu cür təşəbbüslərə dəstək vermək, yoxsa yeni münaqişələr olmadan Cənubi Qafqazın inkişafına imkan yaradacaq tarazlığı qorumaq. Bu qərar Marko Rubiyo və Tramp administrasiyası üçün ciddi bir sınaq olacaq.
ABŞ Konqresinin erməni məsələləri üzrə həmsədrlərinin dövlət katibi Marko Rubiyoya müraciəti Tramp administrasiyasının xarici siyasət strategiyası üçün ciddi bir çağırışdır. Bu çağırış ABŞ-nin milli maraqlarını irəli çəkməklə Ermənistanın maraqlarını dəstəkləyən lobbist qruplarının təzyiqi arasında tarazlıq yaratmağı tələb edir. Marko Rubiyo beynəlxalq münasibətlərə praqmatik yanaşma tərəfdarı kimi tanınır və öz karyerası ərzində dəfələrlə ABŞ-nin maraqlarını qorumağın, xüsusilə Rusiya və Çinlə artan rəqabət şəraitində prioritet olduğunu vurğulamışdır. Burada əsas sual budur: yeni dövlət katibi ABŞ-nin strateji məqsədlərinə zidd ola biləcək bu cür təşəbbüslərə dəstək verməyə nə dərəcədə hazırdır?
İrəvanın Rusiyadan asılılığı əsas amillərdən biridir. Qərblə yaxınlaşmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də Rusiyanın təsir dairəsində qalır.
Ermənistanın iqtisadi vəziyyəti də problemlərlə doludur. Ötən il adambaşına düşən ümumdaxili məhsul (ÜDM) təxminən 5000 dollar təşkil edib ki, bu da Cənubi Qafqaz ölkələrinin orta göstəricisindən əhəmiyyətli dərəcədə aşağıdır. Əhalinin 27%-dən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bundan əlavə, baş nazir Nikol Paşinyana artan daxili tənqidlər fonunda siyasi sabitlik də zəifləyir.
Ermənistan öz islahatlarına baxmayaraq, Rusiyadan asılılığı səbəbindən ABŞ üçün hələ də zəif tərəfdaş olaraq qalır.
Tramp administrasiyasının xarici siyasəti tarixi olaraq praqmatizmə və milli maraqlara üstünlük verməyə əsaslanır. Cənubi Qafqaz ABŞ üçün strateji əhəmiyyət kəsb edən bir region kimi nəzərdən keçirilsə də, Vaşinqtonun yanaşması bir tərəfin digərinin hesabına dəstəklənməsini istisna edən çoxvektorlu siyasətə əsaslanır. Azərbaycan ABŞ-nin enerji təhlükəsizliyi baxımından əsas tərəfdaşıdır. ABŞ-nin dəstəklədiyi Cənub Qaz Dəhlizi Avropaya qaz tədarükünü təmin edərək Rusiyadan asılılığı azaldır. 2024-cü ildə bu dəhliz vasitəsilə təxminən 20 milyard kubmetr qaz tədarük edilib. Bundan əlavə, ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı dəstəkləyir. Dövlət Departamentinin məlumatına görə, 2024-cü ildə Bakı sərhədlərin möhkəmləndirilməsi proqramları üçün 8 milyon dollar almışdır. Türkiyə də ABŞ üçün mühüm müttəfiqdir. NATO üzvü kimi Türkiyə ilə strateji tərəfdaşlıq Vaşinqton üçün prioritet olaraq qalır, xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda.
Marko Rubiyonun bu mürəkkəb məsələdə necə hərəkət edəcəyi, ABŞ-nin Cənubi Qafqazdakı gələcək siyasəti baxımından həlledici olacaq. Vaşinqton birtərəfli təşəbbüslərdən çəkinərək tarazlıq siyasətini qorumaqla həm regionun, həm də ABŞ-nin uzunmüddətli maraqlarını təmin etməlidir.
Ermənipərəst konqresmenlərin məktubu Dövlət Departamentinə açıq şəkildə lobbist təzyiqdir.
Marko Rubiyonun qərarı Tramp administrasiyasının Cənubi Qafqazdakı xarici siyasətinin nə dərəcədə praqmatik və ölçülüb-biçilmiş olduğunu göstərən bir göstərici olacaq. ABŞ birtərəfli hərəkətlərdən çəkinməli və regiondakı uzunmüddətli maraqlarını təmin etmək üçün tarazlı və kompleks yanaşmaya üstünlük verməlidir.
Elçin Alıoğlu - TREND