Azərbaycanda bayağı verilişlər, bu verilişlərin aparıcıları gənclər arasında populyarlaşmaqda davam edir. Bu da onların işinə yarayır, reklamları çoxalır, qazancları artır. Bəs görəsən bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az - a açıqlama verib:
"Bayağı verilişlərin auditoriyasının genişlənməsi təkcə Azərbaycanda deyil, dünyanın hər yerində müşahidə edilir. Başa düşüləndir, çünki insanlar hər yerdə ucuz sensasiyaya meyillidirlər. Üstəlik də dünyada xüsusən siyasi proseslərdən və verilişlərdən kənar qalmaq istəyən insanların sayı həddən artıq çoxdur. Həmçinin evdə oturub maraqli məşğuliyyət tapa bilməyən xeyli sayda insan var ki, onlar da bu cür verilişlərə meyillənirlər. Biz nə edə bilərik ki, belə səviyyəsiz, zərərli verilişlərin qarşısını alaq? Əlbəttə ki, daha keyfiyyətli, daha cəlbedici, maraqlı verilişlər, filmlər tərtib edə bilərik. Yavaş-yavaş da o alternativ bazasını yaradarıq. Bunun etmək üçün bizim televiziya kanallarımızda o potensial olmalıdır. Bəzilərində ilkin olaraq potensial var, bəzilərində isə yerli-dibli yoxdur. Digər tərəfdən də kanallar sadəcə olaraq bazara işləməyə üstünlük verdiklərinə görə heç onun marağında da deyillər. Bu baxımdan düşünürəm ki, daha yaradıcı, intellektual, cəlbedici verilişlərin hazırlanması üçün işlər görülməlidir. Bunu təşviq edəcək dövlət proqramları olmalıdır. Yəni, ən azından dövlət də bir tərəfdən dəstək verməlidir ki, bu təşəbbüs ayaq açıb yeriyə bilsin".