"Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırması, son zamanlar Avropalı deputatların bu ölkənin daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, konkret olaraq, Gürcüstan parlamentində "inoagentlər haqqında qanunun" qəbul olunması, qanunverici orqana keçirilən seçkilərdə Qərbyönümlü müxalifət partiyaların məğlubiyyəti, Avropalı siyasətçilərin narazılığına səbəb olmuşdu:
"Seçkiləri müşahidə edən ATƏT-in və digər beynəlxalq təşkilatların rəylərinə baxmayaraq, AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir, israrla yeni seçkilər keçirilməsini tələb edir. Gürcüstan nümayəndə heyətinin mandatının AŞPA-da təsdiq edilməməsinin kökündə bu məsələ durur. Onlar hesab edirlər ki, "Gürcü arzusu" Rusiyanın təsiri altındadır və nəyin bahasına olursa olsun, hakimiyyətdən getməlidir. Bu hadisə, bir daha onu göstərir ki, Avropaya müstəqil siyasət aparan, suveren hüquqlarını, milli maraqlarını müdafiə edən dövlət lazım deyil. Onlara vassal, bütün tapşırıqları kortəbii yerinə yetirən marionet dövlət lazımdır. Ötən il Azərbaycan nümayəndə heyəti də belə qərəzli münasibətlə, ikili standartlarla üzləşmişdi. Həmkarlarımız, ölkəmizə yönəlik qarayaxma, böhtan kompaniyasına etiraz edərək, xüsusi bəyanatla AŞPA-dakı fəaliyyətlərini dayandırdılar".
Deputat vurğulayıb ki, hər şeyin bir ölçüsü olmalıdı:
"Son illər AŞPA-da, Avropa Parlamentində ayrı-ayrı deputatlar korrupsiya əməlləri, maddi maraq qarşılığında qanunsuz lobbiçilik fəaliyyəti ilə məşğul olduqlarına görə cinayət məsuliyyətinə cəlb olundular. Onların əksəriyyəti qatı ermənipərəst mövqeləri ilə seçilirdilər. Donald Tramp Amerika prezidenti seçildikdən sonra, bu ölkədə kök salmış USAİD təşkilatını ifşa etdi. Bu təşkilat təkcə 2023-cü ildə 70 milyardlıq büdcə ilə suveren dövlətlərin siyasətinə müdaxilə edir, ələ aldıqları ictimai fəallar vasitəsilə siyasi hakimiyyətləri şantaj etməklə məşğul olurdular. Təsadüfi deyil ki, bu bədnam təşkilatın başında qatı ermənipərəst, indi həbsxanada yatan Ruben Vardayanın dostu Samanta Pauer dururdu. Çox yaxın zamanda, bu xanım da Bob Menendesin taleyini yaşayacaq. Belə bir deyim var. "Oğurluğun ömrü qırx gün olur". Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra 30 il ərzində özlərini demokratik, insan haqqlarına hörmət edən AŞPA kimi beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən ədalət gözlədi. Əfsuslar olsun ki, onlar bir milyon qaçqının, məcburi köçkünün haqqlarını görməzdən gəldi, erməni işğalına göz yumdu. Gürcülər də, müəyyən fərqliliklərlə, eyni aqibətlə üzləşdilər. Gördülər ki, Qərbə arxalanmaqla, ərazilərinin xeyli hissəsini itirdilər. Yağlı vədlərə inanmayıb, dövlətçiliklərini müdafiə etdilər. Əks təqdirdə, dövlətçiliklərini tamamilə itirə bilərdilər".