![İran Oman körfəzində tanker hadisəsindən əvvəl ABŞ dronunu vurmağa çalışıb İran Oman körfəzində tanker hadisəsindən əvvəl ABŞ dronunu vurmağa çalışıb](/uploads/posts/2019-06/thumbs/1560580100_9accb221-de28-447b-ac7d-71c26428d75c.jpg)
İran hərbçiləri iyunun 13-də Oman körfəzində baş vermiş hadisədən bir neçə saat əvvəl tankerlərə hücumun ehtimal edildiyi ərazidə dəniz üzərində Amerika dronu aşkar ediblər və zenit raketi ilə onu vurmağa çalışıblar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, "raket hədəfə çata bilməyib və suya düşüb".
CNN-in mənbəsinin məlumatına görə, Amerikanın MQ-9 zərbə-kəşfiyyat pilotsuz aparatı tankerlərlə yanaşı İrana məxsus gəmilərin yaxınlaşdığını aşkar edib, lakin İran gəmilərinin tankerlərə hücumu ilə bağlı heç bir sübut qeydə almayıb.
İyunun 13-də Oman körfəzində iki tankerdə ehtimal edilən hücumdan sonra partlayış və yanğın baş verib. Hadisələrin səbəbləri araşdırılır.