
PKK terror təşkilatının lideri Abdullah Öcalanın gözlənilən çağırışı mart ayında baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin müxalif Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) həmsədri Tülay Hatimoğulları məlumat verib.
“Öcalanın tezliklə açıqlama verməsini gözləyirik. Fevralın sonu - martın əvvəlində bunun hazır olacağını bildirmişdik. Digər vacib sual budur ki, bu bəyanatın mahiyyəti necə olacaq? Əlbəttə, onun məzmununu cümlə-cümlə bilməsək də, əsas fikrini bilirik. Onun əsas ideyası belədir: bu, kürd probleminin demokratik və hüquqi əsaslarla, münaqişə və zorakılıqdan uzaq həllini təmin etmək üçün bir çağırış olacaq. Bütün sosial təbəqələr bu çağırışı həyəcanla gözləyir”, - partiya rəsmisi bildirib.
Xatırladaq ki, Öcalanın rəhbərlik etdiyi terror təşkilatını silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir. PKK-ya bağlılığı ilə tanınan DEM bundan əvvəl Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının bu barədə təklifinin Öcalan tərəfindən qəbul edildiyini açıqlamışdı.