![Qalmaqal böyüyür: Qalmaqal böyüyür:](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739363355_0001.jpg)
Xəbər verdiyimiz kimi, son dövrlər ölkədə iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.
Bu, həm də qiymətlərin bahalaşmasında özünü göstərir. Hətta Kənd Təsərrüfatı Nazirliyi quzu ətiylə bağlı insanlara çağırış edib. Bildirilib ki, mentalitetimizin “quzu əti yemək” problemi heyvandarlığın inkişafına mane olan əsas amillərdən biridir.
Nazirliyin sektor müdiri Tərlan Əsgərov deyib ki, heyvanların aşağı çəkidə kəsilməsi sürülərdə baş sayının artmasına mane olur, ət istehsalına mənfi təsir göstərir. Kənd təsərrüfatı üzrə ekspertlər də bildiriblər ki, heyvanların sayında kəskin azalmanın əsas səbəbi ət istifadəsinin çox olmasıdır: “Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir.
İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış olub. 2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.
Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir. Azalma eyni zamanda, donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qəssabxanalarda quzu əti deyə satılan heyvanlar əslində normal ətlik heyvanlardır, quzu deyil. Onun sözlərinə görə, səsləndirilən iddialar tamamilə səhvdir:
“Deməzdim ki, Azərbaycanda ət istehlakı çoxalıb. Sadəcə olaraq həqiqəti örtmək üçün bəzi ekspertlər bu versiyaları ortaya atırlar. Həmin o ekspertlərlə debata hazıram. Mən Bakıda qəssabxanaların heç birində quzu əti görmürəm. Qəssabların quzu əti adlandırdığı adi yeməli qoyun ətidir.
Yetişmiş qoyunu satırlar, şəhər əhalisinin də başı çıxmır. Biri var ilyarımlıq, iki illik heyvanlar, biri də var quzu əti. Məsələn, əvvəllər kənd yerlərində o heyvanları yemirdilər. Çünki bir ildən sonra heyvanın əti bərkiyir. əvvəllər kənddə yaşı keçmiş heyvanın əti yeyilmirdi. Quzu doğulandan 6 aylığına qədər olan heyvana deyilir.
Amma kəsilən heyvanların böyük əksəriyyəti, 99%-i birillik və daha artıq yaşda kəsimə göndərilir. Mal və qoyun ətinin fərqi odur ki, qoyun əti nisbətən dadlı olur. Məsələn, mən kənddə mal ətindən bozbaş bişirildiyini görməmişdim. Yəni kənddə bozbaş yalnız qoyun əti ilə bişirilirdi. Mal ətindən adətən dolma, kiftə və s. belə yeməklər hazırlanırdı. Amma indi mal ətindən də bozbaş bişirirlər. Mal ətinin kalorisi aşağıdır, amma qoyun əti həm kalorili, həm də dadlıdır”.
Ekspert bildirib ki, qiymət fərqinin yaranması da ətə maraqdan qaynaqlanır:
“O bəhanədir ki, guya Azərbaycanda quzu yetişməmiş kəsilir və ona görə də ət qıtlığı var”.
Ekspert qeyd edib ki, Azərbaycanda ət çatışmazlığının əsas səbəbi istehsaldır:
“Heyvanların azalmasının əsas səbəbi isə örüş qıtlığıdır. 2000-ci ildən başlayaraq Azərbaycanda örüş yerləri daralmağa başladı.
Bələdiyyələr yarandı və örüş yerləri onların nəzarətinə verildi. Kəndlərdəki örüş yerlərini bələdiyyələr satdı və ya icarəyə verdi. Onlar artıq örüş yeri funksiyasından çıxdı. Artıq orda bitkiçilik inkişaf etməyə başladı. Ondan sonra yalnız dövlət fondu torpaqlarındakı örüş yerləri vardı. 2015-ci ildə pambıq strateji məhsul elan edildi və dövlət fondu topraqlarındakı örüş yerləri də bu istiqamətdə istifadə olundu.
Yəni örüşlərin bir hissəsi də bu cür sıradan çıxdı. Dövlət fondu torpaqlarında pambıq əkməyə başladılar. Bunun ardınca aqroparklar salındı.
Aqroparklar da əsasən dövlət fondu torpaqlarında yarandı. Dövlət fondu torpaqlarının da böyük əksəriyyəti örüş idi. Bununla da məsələlər bitdi”.
Həmsöhbətimiz deyir ki, 2015-ci ildən indiyə qədər, yəni 10 il ərzində ət sürətlə bahalaşıb:
“2015-ci ildə mal əti 6 manat, qoyun əti 8 manat idisə, indi mal əti 15-16 manat, qoyun əti isə 19-20 manatdır”.
Akif Nəsirli bildirib ki, 10-12 manata satılan ətlər ədatən xaricdən idxal edilən və ya yaşlı inək, qoyun ətidir:
“Biz əhalinin tələbatının 40 %-ni təmin edə bilirik, 60 %-i isə xaricdən idxal olunur. Yerli istehsal azaldıqca, əhalinin daha çox hissəsi idxal məhsulu alır.
Daha çox iribuynuzlu heyvanlar idxal olunur, amma son vaxtlar Gürcüstandan, Qazaxıstandan, Monqolustandan, Rusiyadan qoyun da gətirirlər. Əvvəl həmin idxal olunan əti yalnız çoxlu şəxsi heyəti qidalanan müəsissələrə yönəldirdilər. Məsələn, idxal ətini məktəbəqədər müəssisələr, həbsxanalar, hərbi hissələr, şirkətlər alırdı. Amma indi idxal əti bazara da çıxır. Ucuz qiymətə satılan ətin böyük əksəriyyəti idxaldır”.
A.Nəsirli deyib ki, ümumiyyətlə, insan orqanizminin normal inkişafı üçün orta hesabla bir nəfər il ərzində 80 kiloqram ət yeməlidir:
“Həmçinin, il ərzində bir nəfər 40 kilo balıq yeməlidir. Hesablayaq ki, ailə üzvlərinin sayına uyğun olaraq il ərzində o qədər ət ala bilirik? Dünyada ən çox ət yeyən ölkələrin tam statistikasını bilmirəm. Amma Avropa ölkələrində, Amerikada, Avstraliyada, Monqolustanda, Çinin bəzi əyalətlərində insanlar daha çox ət yeyirlər.
Çox ət istehsal olunan ölkələrdə sözsüz ki, ət istehlakı daha çoxdur. Bu da imkanlarla bağlıdır. Ən çox ət yeyən insanlar daha yaxşı yaşayanlardır. Bura həm əhalisinin yaşayışı normal səviyyədə, həm də istehsalı yüksək olan ölkələr aiddir”.